İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-da tarixi böhran: ABŞ Danimarkanı hədələyir...

393 09.01.2026 16:33 Dünya A A

Donald Trampın Ağ Evə qayıdışı Avropa üçün uzun müddət “sabit” sayılan geosiyasi prinsipləri alt-üst edib.

CNN analitiki Kristian Edvardsın qeyd etdiyinə görə, ABŞ administrasiyasının Qrenlandiyanı əldə etmək – hətta hərbi yolla – gündəmə gətirməsi NATO tarixində görünməmiş vəziyyət yaradıb: alyans ilk dəfə üzv ölkələrdən birinin digərinə qarşı hərbi addım atması təhlükəsi ilə üz-üzədir.

Musavat.com xəbər verir ki, bununla bağlı CNN ananlitiki Kristian Edvards maraqlı analitik yazı hazırlayıb.

Həmin yazıdan mühüm hissələri təqdim edirik.

ABŞ administrasiyası bu həftə Qrenlandiyanın əldə edilməsi üçün “bütün variantların” nəzərdən keçirildiyini açıqlayıb və Ağ Ev hərbi opsi­yanın “masa üzərində olduğunu” gizlətməyib.

Məqalədə bildirilir ki, Tramp administrasiyasının aparat rəhbəri Stiven Miller bu kursu CNN-ə şərh edərkən bunu “supergüc davranışı” kimi xarakterizə edib və “Biz supergücük və özümüzü supergüc kimi aparacağıq” ifadəsini işlədib.

Müəllif yazır ki, ABŞ dövlət katibi Marko Rubio məsələni yumşaltmağa çalışaraq Vaşinqtonun daha çox “alğı-satqı” variantını nəzərdə tutduğunu bəyan edib. Lakin Danimarkanın baş naziri Mette Frederiksen yaranmış situasiyanı açıq formada təhlükə kimi dəyərləndirib. Onun sözlərinə görə, əgər ABŞ NATO çərçivəsində başqa bir üzv ölkəyə qarşı hərbi əməliyyat keçirsə, “NATO dayanır və İkinci Dünya müharibəsindən sonra qurulmuş təhlükəsizlik arxitekturası da çökmüş olur”.

Edvardsın vurğuladığına görə, digər Avropa liderləri açıq reaksiyadan yayınmağa üstünlük verib. Bunun səbəbi isə sadədir: ABŞ Avropa üçün artıq etibarlı müttəfiq sayılmasa da, hələ də “qaçılmaz” müttəfiqdir. Avropa Rusiyanın qarşısının alınması üçün ABŞ hərbi-siyasi dəstəyinə ehtiyac duyduğuna görə Qrenlandiya məsələsində sərt mövqedən çəkinir.

Bu ziddiyyət Parisdə keçirilən 35 ölkənin nümayəndələrinin toplantısında daha aydın hiss olunub. Görüş Ukraynanın müharibədən sonrakı təhlükəsizliyi ilə bağlı olsa da, Qrenlandiya məsələsi diplomatiyanın kölgəsində qalmayıb. Birləşmiş Krallığın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron ABŞ-ı açıq tənqid etməkdən qaçıb. Məqalədə qeyd edilir ki, onlar ABŞ-ın Ukrayna məsələsində prosesdən çəkilməməsi üçün kəskin addımlardan qaçmağa çalışıblar.

Professor Müctəba Rəhmanın sözlərinə istinadən müəllif yazır ki, Avropa Vaşinqtonla sərt danışmaq istəsə də, buna real imkanlara malik deyil. “Avropa uzun müddət öz təhlükəsizliyini ABŞ-a həvalə edib və indi bunun nəticəsi ilə üzləşir,” – deyə analitik bildirir. Onun fikrincə, Avropanın yenidən silahlanması prosesi ən azı 3–5 il çəkəcək və bu dövrdə ABŞ-dan tam asılılıqdan qurtulmaq mümkün deyil. Bu səbəbdən bundan sonra da Kopenhagenə ABŞ-la kompromis variantları düşünmək təzyiqi edilə bilər.

Edvards həmçinin yazır ki, ABŞ Konqresi yeni hərbi yardım paketini təsdiqləmədiyi üçün Ukraynanı son bir ildə əsasən Avropa maliyyələşdirib. Bununla yanaşı, Ukraynaya göndərilən silah və sursatların böyük hissəsi hələ də ABŞ istehsalıdır və Avropanın qısa müddətdə bu boşluğu doldurması mümkün deyil.

Bununla belə, CNN-in ekspertlə söhbətinə istinadən qeyd edilir ki, Avropanın ABŞ-a qarşı müəyyən təsir mexanizmləri də mövcuddur. Veteran diplomat Daniel Frid Avropanın müasir dron texnologiyaları və bəzi hava platformalarında ABŞ-dan geri qalmadığını xatırladır. Onun fikrincə, Avropa bu sahələrdə əməkdaşlığı dondurmaqla Vaşinqtona siyasi siqnal göndərə bilər.

Müəllifə görə, Avropada daha sərt reaksiyalar tələb edənlər də var. Məsələn, Avropa Parlamentinin üzvü Rafael Glüksman Qrenlandiyada daimi Avropa hərbi bazasının yerləşdirilməsini təklif edib. O, bunun Vaşinqtona “Avropanın zəif olmadığı” mesajı verəcəyini hesab edir.

Digər ekspert Majda Ruge isə hərbi qarşıdurmanın yolverilməz olduğunu bildirir və məsləhət görür ki, Avropa Vaşinqtona əlavə siyasi və iqtisadi dəyər yaratmaqla birgə addımın qiymətini artırsın. Onun sözlərinə görə, məqsəd ABŞ-ı dayandırmaq yox, belə addımın siyasi və beynəlxalq nəticələrini açıq şəkildə göz önünə qoymaqdır.

Edvards həmçinin qeyd edir ki, ABŞ ictimaiyyətinin özü də hərbi yolla ilhaqa müsbət yanaşmır. YouGov-un sorğusundan sitat gətirilir: respondentlərin cəmi 7%-i Qrenlandiyanın hərbi yolla tutulmasını dəstəkləyib, 72%-i isə buna qarşı çıxıb.

Təəssüratların ən kəskin hissəsi isə müəllifin sitat gətirdiyi ifadədədir: “Əgər zəif olsan, yırtıcı səni dişləyir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR