İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun 8 ölkəsi ABŞ-a qarşı – Putin üçün “qızıl” ŞANS?

712 19.01.2026 14:20 Analitika A A

“ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsinə görə NATO-nun səkkiz ölkəsinə qarşı yeni gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələri transatlantik əlaqələrə zərbə vurur və gərginliyin artmasına (eskalasiyaya) səbəb ola bilər”.

Bu barədə Böyük Britaniya, Almaniya, Danimarka, Niderland, Norveç, Finlandiya, Fransa və İsveçin birgə bəyanatında deyilir. Almaniya hökumətinin mətbuat xidmətinin yaydığı sənəddə, həmçinin, bildirilir: “Biz Danimarka Krallığı və Qrenlandiya əhalisi ilə tam həmrəyliyimizi ifadə edirik. Ötən həftə başlayan prosesə istinad edərək, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa başlamağa hazırıq. Biz bu prinsipləri qətiyyətlə müdafiə edirik”.

Bəyanatda qeyd olunur ki, rüsumların tətbiqi ilə bağlı hədələr münasibətləri pozmaqla yanaşı, ciddi risklər daşıyır: “Biz bundan sonra da vahid cəbhə kimi və razılaşdırılmış şəkildə cavab verəcəyik. Suverenliyimizi qorumaqda qərarlıyıq”.

Sənəddə habelə Arktikada təhlükəsizliyin təmin edilməsinin NATO-nun ümumi vəzifəsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Danimarkanın koordinatorluğu ilə keçirilən “Arctic Endurance” təlimləri heç bir tərəf üçün təhlükə törətmir.

Xatırladaq ki, daha əvvəl Tramp ABŞ-ın Qrenlandiyanı “tam və birdəfəlik əldə etməsi” barədə razılaşma əldə olunana qədər adıçəkilən səkkiz ölkədən 10% həcmində idxal rüsumu tutulacağını bəyan etmişdi...

Bəs Qrenlandiya böhranını kollektiv Qərbin və NATO-nun birliyinə ciddi xələl gəlmədən adlamaq mümkün olacaqmı? Baş verənlər Qərbin Ukraynaya diqqətini azalda, Putin üçün “qızıl” şans yarada bilərmi?

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, ABŞ-ın Qrenlandiyaya iddiasının bir neçə mühüm səbəbi var: “Əvvəla, bu ada, Trampın təbirilə desək, dünyanın Qərb yarımkürəsində yerləşir. ABŞ-ın 5-ci prezidenti Ceyms Monro tərəfindən 1823-cü ildə elan edilən və onun adını daşıyan Monro doktrinasına görə isə, Qərb yarımkürəsi Avropanın deyil, ABŞ-ın himayəsi altında, daha doğrusu müstəmləkəçiliyində olmalıdır. Belə ki, Monro doktrinası ABŞ-ın Avropanın, Avropanın da Amerikanın daxili işlərinə qarışmamasını tələb edirdi. Qrenlandiya adası isə dünyanın Qərb yarımkürəsində yerləşməsinə baxmayaraq, Danimarkanın müstəmləkəsi sayılır. Bu da “öncə Amerika” deyən və Monro doktrinasını qəbul etdiyini açıq şəkildə bəyan edən Trampın xoşuna gəlmir, rəhbərlik etdiyi dövlətin haqqının əlindən alındığını düşünür.

İkincisi, Qrenlandiya adası təbii zənginliklərlə zəngin coğrafiyadır. Adanın 80%-i buz altında qaldığından tam və dəqiq tədqiqatlar aparılmasa da, indiyədək kəşf edilən yataqlarda 31 milyard barel neft kəşf olunub. Bu da hardasa, Səudiyyə Ərəbistanın neft ehtiyatının 10%-i, dünya neft ehtiyatının isə 1.7%-i qədərdir. Sözsüz ki, bu ehtiyatı nəzarət altına almaq ABŞ-ın enerji qaynaqları üzərindəki çəkisini artıra və dolların beynəlxalq valyuta ehtiyatı kimi qalmasına kömək edə bilər. Məlumdur ki, son zamanlar ABŞ-Çin və BRİCS rəqabəti dolların nüfuzuna ciddi zərər vurur və petro-dollar sistemini getdikcə zəiflədir. Vaxtilə dünya ticarətinin 80%-i dollar üzərindən həyata keçirilirdisə, indi bu nisbət 40%-ə qədər azalıb. Çünki 2024-cü ildə Səudiyyə Ərəbistanı öz nefti hasilatını dollarla indeksləşdirməyi dayandırdı və ABŞ-la bağlanmış 50 illik anlaşmaya son qoydu.

Zənnimcə, ABŞ-ın bu ilin ilk günlərində Venesuelanı özününküləşdirmə cəhdlərinin əsl səbəblərindən biri də yenidən petro-dollar sisteminə qayıtmaq istəyi ilə bağlıdır. Venesuelanın 303 varillik potensialla dünya neft ehtiyatının 17%-ni öz əlində cəmləşdirdiyini nəzərə alsaq və Qrenlandiyanın ehtiyatını da onun üzərinə gəlsək, hardasa 20%-lik nəticə ortaya çıxar. Üstəlik, buraya Fars körfəzinin ehtiyatını (dünya neftinin 40%-ə qədəri) əlavə etsək, ABŞ-ın həm də İran uğrunda mübarizəsinin səbəblərindən birini anlaya bilərik.

Qrenlandiyanın, həmçinin, ciddi nadir torpaq elementləri də var. Bəzi təxminlərə görə, adada təkcə disprosium və neodim kimi nadir və strateji əhəmiyyətli elementlər var və onlar qlobal tələbatın dörddə birindən çoxunu təşkil edir. Bu iki elementin ümumi həcminin təxminən 40 milyon ton olduğu da qeyd olunur. Məhz bu səbəbdən gələcəyin əsas enerji coğrafiyalarından biri olan Qrenlandiyanın ələ keçirilməsi Vaşinqtona Çinlə rəqabətdə böyük üstünlüklər qazandıra bilər. Yeri gəlmişkən, Çinin nadir torpaq elementləri rezervinin 44 milyon ton civarında olduğu deyilir. Belə çıxır ki, Qrenlandiyanın təkcə disprosium və neodim ehtiyatı Çinin ümumi rezervləri qədərdir, yaxud ona yaxındır.

Üçüncüsü, Qrenlandiyanın coğrafi mövqeyi də ABŞ üçün əvəzedilməz strateji əhəmiyyətə malikdir. Şimal qütbünün ortasında yerləşən bu adada qurulan hava hücumundan müdafiə sistemləri dünyanın istənilən yerindən ABŞ-a atılan uzaqmənzilli raketləri ən kritik zamanda zərərsizləşdirmək imkanı verir. Sözsüz ki, bütün bu üstünlüklər ABŞ-ı Qrenlandiya uğrunda istənilən müttəfiqini qurban verməyi vadar edə bilər”.

Qrenlandiya mübarizəsi - İki ölkə ABŞ-ni bu adaya yönəldir

Heydər Oğuz bildirib ki, bu gün qorxa-qorxa ABŞ-a qarşı üsyan bayrağı qaldıran müttəfiqlər onun üçün ağır yükə çevrilən faktorlardan biridir: “Ümumiyyətlə, Amerikanın Qərbdən Şərqə qədər müxtəlif coğrafiyalarda köhnə müttəfiqlərindən vaz keçdiyini müşahidə edə bilərik. Məlum olduğu kimi, Vaşinqton Avropa kimi, Yaxın Şərqdəki müttəfiqlərini də Allahın ümidinə buraxıb. Dünənə qədər ən yaxın müttəfiqi saydığı Suriyanın PKK-sı da, İsrail də onun gözdən çıxardığı müttəfiqlərindəndir. Bütün bu müttəfiqlərini yarı yolda qoyması onların müdafiə xərclərinin ABŞ-ı çətin vəziyyətə salmasında oynadıqları roldan irəli gəlir.

Statistik məlumatlara görə, ABŞ-ın hazırda 38 trilyon dollardan çox borcu var. Bu hardasa, onun ÜDM-un 125 faizinə bərabərdir. Üstəlik, onun borc yükü də ilbəil artır. 2024-2025-ci illərdə ABŞ-ın xarici borcu 34 trilyon dollardan təxminən 38 trilyon dollara qədər artmışdısa, 2025-ci ilin əvvəlində hər üç aydan bir təxminən 1 trilyon dollar artım müşahidə olunur. Bu isə ildə 3.5 trilyona yaxın artım deməkdir. ABŞ-ın bu qədər borclanmasının səbəbləri arasında hərbi xərcləri də var. Bu il müdafiəyə 1 tirilyon dollar ayıran ABŞ vəziyyətdən çıxmaq üçün bəzi qənaətlərə getməyə məcburdur. Trampın fikrincə, ölkəsinin borc yükünün artmasında ABŞ rəsmilərinin “müttəfiqlərinin müdafiəsi” bəhanəsilə korrupsiya ilə məşğul olması da əsaslı rol oynayıb. Onun müxtəlif zamanlarda dilə gətirdiyi fikirlərdən də bu, açıq-aşkar sezilir.

Məsələn, o, ötən il çıxışlarından birində Ukraynaya nə qədər hərbi yardım verildiyini belə bilmədiyini söyləmişdi. Dediyinə görə, ona təqdim olunan rəsmi statistikalarda yardım miqdarı gah 300 milyard, gah da 350 milyard dollar göstərilir. Hansı rəqəmin doğru olduğunu o, müəyyənləşdirə bilmir. Zelenski isə Trampa cavabında Ukraynaya ABŞ-dan cəmi 180 milyard dollar ayrıldığını, bunun da sadəcə 80 milyarda yaxınını ala bildiklərini bildirmişdi. Bu iki prezidentin səsləndirdiyi rəqəmlər arasındakı böyük fərq belə bir ehtimala yol açır: Ukraynaya ayrılan vəsaitlərin böyük qismi mənzilə çatmamış yolda “buxarlanır”.

Bir sözlə, Monro doktrinasını üzünə tutub qınına çəkilmək istəyən Tramp bu siyasətilə müttəfiqlərini özündən narazı salır. Onlar indiyədək ABŞ-ın himayəsinə sığınıb yaşadıqlarından müttəfiqlərinin Monro doktrinasına qayıtmasından böyük əndişəyə qapılırlar. Çünki özlərini tək başına müdafiə etmək qabiliyyətləri yoxdur. Odur ki, Trampın qeyri-populyar addımlarına sərt reaksiya verib onu nüfuzdan salmaq və gələcək seçkilərdə uduzmasına nail olmaq istəyirlər. ABŞ prezidenti isə Avropanın müdafiəsinə bu zamanadək xərclədiyi vəsaitin qarşılığını almaq üçün Qrenlandiyanı özününküləşdirməyə çalışır. Nəticədə bir-birindən xoşlanmayan “dostlar” arasında ziddiyyətlər ortaya çıxır”.

Ukrayna müharibəsinin bu ziddiyyətdən nə qədər təsirlənəcəyinə gəlincə, Heydər Oğuzun fikrincə, ABŞ-ın müttəfiqlərini böyrü üstdə buraxmasından ən böyük zərəri görənlərdən biri də rəsmi Kiyev ola bilər: “Görünən budur ki, Ukrayna bundan sonra ya özünə, ya da avropalı müttəfiqlərinə güvənməli olacaq. Amma Avropa nə qədər Rusiyanın qazı və nefti olmadan keçinə biləcək, bunu da müəyyənləşdirmək mümkün deyil”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR