ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyası ilk dəfə olaraq NATO-nun genişlənməsi ideyasını şübhə altına alır. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Musavat.com xəbər verir ki, Lavrovun sözlərinə görə, Vaşinqtonun qəbul etdiyi yeni strategiya sənədi formal olaraq Rusiya ilə dialoqa zidd görünməsə də, Moskva ABŞ-ın real niyyətlərini yalnız konkret addımlara əsasən qiymətləndirəcək.
Rusiya XİN rəhbəri bildirib ki, Moskva Qərbin Tayvan məsələsində də ikili maraqlar güddüyünü müşahidə edir. Onun sözlərinə görə, Qərb ölkələri Tayvanın maliyyə resursları və yüksək texnologiyalarından faydalanmaq niyyətindədir. Lavrov vurğulayıb ki, Rusiya Tayvanın istənilən formada müstəqilliyinə qarşı çıxır və bu mövqeyini dəyişmir.
Lavrov Yaxın Şərqdəki vəziyyətə də toxunaraq Qəzza zolağında davam edən proseslər fonunda davamlı sülhdən danışmağın hələ tez olduğunu bildirib. Bununla yanaşı, Rusiya tərəfi Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha bəyan edib.
Nazir qeyd edib ki, İran mövcud təxribatlar fonunda maksimum təmkin nümayiş etdirir və Moskva bunu diqqətlə izləyir. Eyni zamanda Lavrov Yaponiyaya da mesaj göndərərək, bu ölkəni sürətləndirilmiş hərbiləşmə kursunu “yaxşıca ölçüb-biçməyə” çağırıb.
Musavat.com






