Bu, muxtar respublikanın beynəlxalq hüquqi mübahisə predmetinə çevrilməsi ehtimalını minimuma endirən strateji qərar kimi qiymətləndirilir
Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən dəyişikliklərin ikinci oxunuşda qəbul edilməsi təkcə texniki hüquqi düzəliş deyil, mərkəz-region münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Dəyişikliklər Naxçıvanın hüquqi statusunun yenidən şərhini, idarəetmə mexanizmlərinin mərkəzləşdirilməsini və muxtariyyət anlayışının Azərbaycan Konstitusiyası çərçivəsində daha aydın şəkildə müəyyən olunmasını hədəfləyir.
Ən diqqətçəkən məqam preambuladan Moskva və Qars müqavilələrinə istinadların çıxarılmasıdır. Uzun illər Naxçıvanın muxtariyyətinin beynəlxalq hüquqi əsasları kimi təqdim edilən bu sənədlərin konstitusiyadan kənarlaşdırılması rəsmi Bakının Naxçıvanın statusunu tam şəkildə Azərbaycan dövlətçiliyinin daxili hüquqi müstəvisində möhkəmləndirmək niyyətini ortaya qoyur. Bu addım həm də Naxçıvan məsələsinin beynəlxalq hüquqi mübahisə predmetinə çevrilməsi ehtimalını minimuma endirən strateji qərar kimi qiymətləndirilə bilər.
Preambulada Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz hissəsi olması müddəasının ayrıca vurğulanması siyasi baxımdan simvolik əhəmiyyət daşıyır. Bu, Azərbaycan Konstitusiyasının 134-cü maddəsi ilə hüquqi uyğunluq yaratmaqla yanaşı, muxtariyyətin dövlət suverenliyi çərçivəsində məhdud və konkret səlahiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.
İdarəetmə baxımından ən mühüm yenilik Naxçıvanda Azərbaycan Prezidentinin Səlahiyyətli Nümayəndəsi institutunun konstitusiya səviyyəsində təsbit edilməsidir. Bu dəyişiklik icra hakimiyyətinin mərkəzləşdirilməsini gücləndirir və Naxçıvanın idarə olunmasında Prezident Administrasiyasının rolunu artırır. Faktiki olaraq, bu mexanizm muxtar respublikada icra hakimiyyəti üzərində vahid siyasi və inzibati nəzarətin təmin edilməsinə xidmət edir.
Ali Məclisin buraxılması ilə bağlı yeni 28-1-ci maddə isə qanunverici orqanın fəaliyyətinə ciddi konstitusion nəzarət mexanizmi yaradır. Prezidentin Ali Məclisi buraxmaq səlahiyyəti fövqəladə hallarla məhdudlaşdırılsa da, bu norma muxtar qanunverici orqanın siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə azaldır və mərkəzi hakimiyyətin təsir rıçaqlarını genişləndirir.
Məsələ ilə bağlı əslən Naxçıvandan olan siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, muxtar respublikanın konstitusiyasına bu dəyişikliklərə çoxdan ehtiyac var idi:

“Həmin dəyişikliklərin edilməsi ətrafında xeyli vaxt idi müzakirə gedirdi. Hətta bəzən bu qanunun müəyyən normaları ilə bağlı manipulyativ şərhlər, Azərbaycan dövlətinin daxilində idarəçilik problemləri yaratmaq cəhdləri də olurdu. Ona görə də bu dəyişikliklərin həyata keçirilməsinə ciddi ehtiyac var idi. Çoxdan lazım idi ki, Ali Məclisin buraxılması mexanizmi həm də mərkəzləşdirilmiş hakimiyyətin səlahiyyətləri çərçivəsində öz əksini tapsın. Naxçıvanın muxtar statusu ilə bağlı konstitusiyada olan və bəzi ziyanlı manipulyasiyalara yol açan müddəaların yenidən işlənməsinə ehtiyac var idi. Bu ehtiyaclara uyğun dəyişikliklər edildi. Bu dəyişikliklər Azərbaycan dövlətinin unitar mahiyyətini hüquqi-inzibati müstəvidə daha da möhkəmləndirir. Naxçıvanın muxtar statusu ilə mərkəzi Azərbaycan dövlətçiliyinin səlahiyyətləri arasında müəyyən hallarda meydana çıxan boşluqlar da siyasi çətinliklərə səbəb olurdu. Bu nöqteyi-nəzərdən hazırkı şəraitdə edilmiş dəyişikliklər həm mərkəzi Azərbaycan dövlətçiliyinin idarəçiliyinin hüquqi və inzibati müstəvidə daha da mərkəzləşdirilməsinə gətirib çıxardır, həm də regional hakimiyyət orqanlarının fəaliyyəti üzərində mərkəzin nəzarətini konstitusiya çərçivəsində daha da gücləndirir”.
A.Quliyev eyni zamanda dedi ki, yeni idarəetmə institutu olan səlahiyyətli nümayəndənin hüquq və səlahiyyətlərinin konstitusiyada əks olunması da əhəmiyyətli məsələlərdən biridir. Bütün bunlar Naxçıvanın unitar dövlət əsaslarının hüquqi və inzibati müstəvidə möhkəmləndirilməsi deməkdir: “Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səlahiyyətlərinin konstitusiya qaydasında yenidən daha da konkretləşdirilməsi və aydınlaşdırılmasına ehtiyac var. Güman edirəm ki, konstitusiyada yeni islahatlar Naxçıvan parlamentinin hüquq və səlahiyyətlərinin fəaliyyət çərçivəsini daha da konkretləşdirəcək”.
A.Quliyev hesab edir ki, Naxçıvan parlamentinin üzvlərinin sayına yenidən baxılmalıdır: “Naxçıvanın əhalisi ölkəmizin əhalisindən 35-40 dəfə azdır, amma buna baxmayaraq Naxçıvan Ali Məclisi üzvlərinin sayı Azərbaycan Respublikası Milli Məclisinin üçdə biri qədərdir. Bu, normal deyil. Ona görə də Naxçıvan Ali Məclisində 45 nəfər deputatın olmasına ehtiyac yoxdur. Ya Azərbaycan Milli Məclisinin üzvlərinin sayı atırılmalıdır, ya da Naxçıvan Ali Məclisinin üzvlərinin sayı azaldılmalıdır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






