Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya qarşı addım atmaq niyyətində olmadığını bildirib.
Musavat.com xəbər verir ki, o, buna baxmayaraq Moskvanın Ermənistan dəmir yolları üzərində nəzarətinin İrəvanın strateji mövqelərinə və rəqabət üstünlüklərinə zərbə vurduğunu vurğulayıb.
Paşinyanın sözlərinə görə, regionda TRIPP marşrutu ilə bağlı problemlərin qarşısını almaq üçün yeni variant təklif olunur. O bildirib ki, Rusiya Ermənistan dəmir yolunun güzəştli idarəetmə hüququnu üçüncü ölkəyə sata bilər.
Baş nazir mümkün namizədlər arasında Qazaxıstan, BƏƏ və Qətərin adını çəkib. Onun fikrincə, bu dövlətlər həm Rusiya, həm də Ermənistanla normal münasibətlərə malik olduqları üçün real vasitəçi ola bilər.
Paşinyan əlavə edib ki, TRIPP çərçivəsində Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək Meğri dəmir yolu xəttinin inşası da müzakirə olunur. Lakin xəttin Rusiyanın güzəştli idarəetməsi altında olması müxtəlif ölkələr arasında gərginliyə səbəb olur.
Baş nazirin sözlərinə görə, məhz bu səbəbdən regionda nəqliyyat-kommunikasiya məsələləri ətrafında proses artıq “kristallaşma mərhələsinə” daxil olur.
Musavat.com






