İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəşriyyatı qəsdən təmir etmirdilər, istəyirdilər ki, bina uçsun” – Aqil Abbas

1081 16.01.2026 13:28 Gündəm A A

Xəbər verdiyimiz kimi, “Azərbaycan Nəşriyyatı” MMC təmirə bağlanır. Fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib. Binanın daxilində bir sıra qəzetlərin redaksiyası yerləşir.

Belə olan halda onların sonrakı taleyi necə olacaq?

254739.jpg (49 KB)

“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı Musavat.com-a açıqlamasında bildirib ki, redaksiya heyəti artıq köçə hazırlaşır:

“Ötən ilin dekabr ayının sonunda bizimlə iki aylıq müqavilə bağlandı ki, fevralın sonunda bizə aid otaqları təhvil verək. Bizim redaksiyada “Mətbuat muzeyi” də yerləşir. Onun taleyinin necə olacağını da bilmirəm. Nəşriyyatın direktoru söz verib ki, muzey üçün Beynəlxalq Mətbuat Mərkəzində yer verəcək.

Yeni redaksiyamızla bağlı isə təklif ondan ibarətdir ki, BMM-dəki bir neçə boş otaqdan istifadə edək. Oradakı otaqlarla tanış olmaq və şəraiti görmək lazımdır. Bundan sonra deyə bilərik ki, bizim redaksiyaya uyğun gəlir, yoxsa yox. Hələ o otaqları görməmişik. Əgər kirayə xərcləri uyğun gəlməsə, redaksiya üçün kənardan yer axtaracağıq”.

A.Aşırlı deyib ki, “Ədalət”, “Bakı -Xəbər”, “Ədəbiyyat”, “Azərbaycan”, “Azərbaycan müəllimi” qəzetlərinin və bəzi “YouTube” kanallarının redaksiyası da nəşriyyatın binasında yerləşir.

467884.jpg (98 KB)

“Ədalət” qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas saytımıza açıqlamasında bildirib ki, nəşriyyatın yaxınlığındakı binadan otaqlar kirayələyəcək:

“Bizə müvəqqəti həmin yerdən bir neçə otaq verəcəklər. Nəşriyyat çoxdan təmir olunmalı idi. Amma görünür, kimlərsə bunu istəmirdi. Məqsədləri o idi ki, ora köhnəlib uçsun, dağılsın və yerində başqa bir şey tiksinlər. Lakin dövlət buna icazə vermədi və təmirə başlayır. Redaksiyalar işləməyə bir yer tapacaq”.

Qeyd edək ki, MMC-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar edib. Əlavə olunub ki, binadakı liftlərin texniki vəziyyəti də qənaətbəxş deyil.

Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

“Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Qeyd olunub ki, artıq binada köçürülmə prosesi başlayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR