İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu qurumdan Azərbaycana ŞAD xəbər

793 27.02.2026 15:07 İqtisadiyyat A A

 

“Moody's Ratings” beynəlxalq reytinq agentliyi ölkəmizlə bağlı yeni hesabatında Azərbaycan bank sisteminin perspektivini “pozitiv” səviyyədə saxlayıb. Əlverişli əməliyyat mühiti və hökumətin bank sektorunu dəstəkləmək qabiliyyəti növbəti 12-18 ayda sektorun dayanıqlığını qoruyacaq. Tətbiq olunan tənzimləyici tələblər kapital adekvatlığını dəstəkləməyə və likvidliyin idarə olunmasını təkmilləşdirməyə xidmət edəcək.

Sənədə əsasən, Azərbaycan iqtisadiyyatında real ÜDM artımının 2026–2027-ci illərdə 2,5–3 faiz intervalında olacağı gözlənilir. Artımın əsas mənbəyi qeyri-neft sektorudur. Hesabatda nəqliyyat və logistika imkanlarının genişlənməsi, o cümlədən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri, eləcə də külək və Günəş enerjisi layihələrinə xarici investisiyaların cəlbi iqtisadi aktivliyi dəstəkləyən amillər kimi göstərilib.

Bu il problemli kreditlərin həcmi 13,5 faiz artıb

Agentlik bankların kredit portfelinin keyfiyyətinin sabit qalacağını bildirir. 2025-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 2,5 faiz təşkil edib. Problemli kreditlər üzrə ehtiyatlarla örtülmə səviyyəsi 220 faizdən yuxarı olub. Xarici valyutada kreditlərin payı cəmi 14,2 faiz təşkil edib. Hesabatda milli valyutanın sabitliyinin bankların kredit siyasəti və mənfəətliyinə müsbət təsir edən amil kimi vurğulanıb. Azərbaycan banklarının kapital göstəriciləri də müsbət qiymətləndirilib. Agentliyin məlumatına əsasən 2024-cü ilin sonuna qiymətləndirilən banklarda tutulmalardan sonra I dərəcəli kapitalın (imtiyazlı səhmlər istisna olunmaqla) risk üzrə ölçülmüş aktivlərə nisbəti təqribən 20 faiz təşkil edib. 2025-ci ilin mart ayından etibarən bank sektoru üzrə 0,5 faiz kontr-tsiklik kapital buferinin tətbiqi sektorun kapital mövqeyini daha da möhkəmləndirib. Hesabatda bildirilir ki, bank sektorunda mənfəətlilik göstəriciləri sabitdir. Qiymətləndirilən Azərbaycan banklarının aktivlərinin gəlirliyi 2-3 faiz intervalında olmaqla, sabit xalis faiz marjaları və komissiya gəlirləri ilə dəstəklənir. Likvidlik mövqeyi güclü olaraq qiymətləndirilir. Banklar əsasən müştəri depozitləri hesabına maliyyələşir. Depozit portfeli bankların ümumi öhdəliklərinin təqribən 77 faizini təşkil edib. Son 3 ildə depozit portfelinin dollarlaşması 48 faizdən 37 faizə azalıb.

Hesabatda dövlətin bank sektoruna dəstək imkanları xüsusi vurğulanır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ümumi ehtiyatları 2025-ci ilin sonuna ÜDM-in 108 faizini ötüb. Bank sektorunun ümumi aktivləri isə ÜDM-in təxminən 44 faizi səviyyəsində qiymətləndirilir. Hesabatda göstərilən göstəricilər bank sistemində kapital adekvatlığının, likvidliyin və aktivlərin keyfiyyətinin qorunduğunu təsdiqləyir. Mərkəzi Bankın prudensial tənzimləmə siyasəti, kontr-tsiklik kapital buferinin tətbiqi və likvidlik çərçivəsinin gücləndirilməsi sektorun dayanıqlılığının formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda, makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyi üzrə koordinasiyalı siyasət bank sisteminin möhkəmlənməsinə töhfə verib(Azərtac).

Xalid Kərimli - Azərbaycancan iqtisadiyyatının 2021-ci il mənzərəsi

İqtisadçı Xalid Kərimli Musavat.com-a bildirib ki, bəzən hökumətlə Mərkəzi Bankın proqnozları bir-birindən fərqlənir. Onun sözlərinə görə, 2026-cı ildə neft sektoru kiçiləcək: “Qeyri-neft sektorunun isə 4 faizdən çox artacağı gözlənilir. İqtisadiyyatda 3,5-4 faiz nisbətində artım proqnozlaşdırılır. Keçən il də bu cür proqnoz verilmişdi, amma gözlənilən nəticə əldə olunmadı, iqtisadiyyat gözlənildiyindən az həcmdə böyüdü. Neft sektorunda azalma müşahidə olundu, amma qeyri-neft sektorunda artım gözlənildiyi kimi olmadı. Həm beynəlxalq təşkilatların, həm hökumətin, həm də Mərkəzi Bankın proqnozlarında bir ümumi məqam var-neft sektoru 2029-cu ilə kimi azalacaq, qeyri-neft sektorunda artım olacaq, iqtisadi artım da əsasən qeyri-neft sektorunun hesabına olacaq. Bank sektoru qeyri-neft sektorunun inkişafından asılıdır. Kreditlər əsasən qeyri-neft sektoruna verilir. Məşğulluq da əsasən qeyri-neft sektoru hesabına təmin edilir. Uzun müddət neft sektorundan asılılıq mənfi təsirlərini göstərməyə çalışıb. Buna baxmayaraq, əsas odur ki, proqnozlar pozitivdir”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR