ABŞ Nümayəndələr Palatasının üzvləri ölkənin silahlı qüvvələrinin Qərb yarımkürəsindəki narkotik kartellərinə qarşı istifadəsinə son qoymulmasını nəzərdə tutan qətnaməni rədd ediblər.
Musavat.com xəbər verir ki, aşağı palatanın 210 üzvü qətnamənin lehinə, 216 üzvü isə əleyhinə səs verib.
Qətnamədə ABŞ hərbi qüvvələrinin "prezident fərmanı ilə terrorçu kimi təyin edilmiş təşkilatlara" qarşı döyüş əməliyyatlarında istifadəsinin qarşısının alınmasının vacibliyi vurğulanır.
Fevral ayında Tramp administrasiyası səkkiz narkotik kartelini xarici terror təşkilatı kimi təyin edib. Bunlara transmilli cinayətkar qruplar Tren de Aragua, MS-13 və Clan del Golfo, eləcə də Meksika kartelləri Sinaloa, Jalisco Nueva Generacion, Unidos, Noreste və La Nueva Familia Michoacana daxildir.
Payızda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizi və Sakit Okeanda narkotik kartellərinə qarşı əməliyyatlara başlayıb. CNN-in məlumatına görə, ABŞ qüvvələri son aylarda narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Latın Amerikası sahillərində 20-dən çox qayığı məhv edib, onlarda olan təxminən 90 nəfər öldürülüb.
Musavat.com






