Musavat.com xəbər verir ki, Venesuelanın keçmiş prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Siliya Flores Nyu-Yorkda məhkəməyə aparılarkən dünya ictimaiyyətinin gözü önündə son dərəcə aşağılayıcı və sərt rəftarla üzləşiblər. Aparıcı beynəlxalq agentliklərin, xüsusilə Reuters və AP-nin yaydığı fotolar görənləri şoka salır.
Yayımlanan kadrlarda Maduro və 69 yaşlı arvadı Siliya Floresin kobud şəkildə, güc strukturlarının nəzarəti altında, helikopterdən xüsusi avtomobillərə daşındığı görünür. Vizual materiallar onların seçilmiş dövlət başçısı və birinci xanım kimi deyil, ağır cinayətlərdə ittiham olunan şəxslər – narkoticarət şəbəkəsinin liderləri kimi aparıldığını nümayiş etdirir. Bu mənzərə beynəlxalq mediada “şok effekti” yaradıb.
Xüsusilə diqqət çəkən məqam təhlükəsizliyi və müşayiəti ABŞ-ın narkotiklə mübarizə strukturlarının – üzərində DEA yazıları olan xüsusi təyinatlıların həyata keçirməsidir. Bu, Vaşinqtonun Maduronun statusunu hansı kateqoriyada gördüyünü açıq göstərir: siyasi fiqur yox, cinayət işi obyekti.
Xatırladaq ki, Nyu-Yorkda keçirilən məhkəmə dinləməsi cəmi 30 dəqiqə çəkib. Hakim iş üzrə növbəti iclasın 17 mart tarixinə təyin olunduğunu elan edib. Formal baxımdan qısa olan bu iclas, simvolik və siyasi nəticələrinə görə son dərəcə ağır təsir bağışlayıb.
“Siyasi əsirəm” qışqırığı
Məhkəmə zalını tərk edərkən Maduro ispan dilində “mən siyasi əsirəm” deyə qışqırıb. Lakin ABŞ tərəfinin yanaşması tam fərqlidir: Amerika hüquq-mühafizə orqanları onu və həyat yoldaşını narkotik qaçaqmalçılığı və transmilli cinayət əlaqələri ilə ittiham edir və buna uyğun “narkotacirə xas” prosedur tətbiq edir.
Ortaya çıxan mənzərə təkcə Maduro ailəsinin şəxsi dramı deyil. Bu, ABŞ-nin Latın Amerikası liderlərinə və bütövlükdə dünyaya verdiyi sərt mesaj kimi oxunur: “Status sizi xilas etmir. ABŞ-yə qarşı çıxan hər kəsi bu sonluq gözləyir.”
Musavat.com






