İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuks Qüdsdə keçirilən konfransda çıxışı zamanı bildirib ki, İsrail HƏMAS hərəkatına tərk-silah olunması üçün 60 günlük müddət verəcək, əks halda, İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edəcək.
Onun sözlərinə görə, belə bir müddətin verilməsini ABŞ administrasiyası xahiş edib və İsrail tərəfi bu xahişə hörmətlə yanaşır. Y.Fuks qeyd edib ki, 60 günü saymağa başlayacaqları dəqiq tarix hələ müəyyən edilməyib, lakin bu müddət Qəzza üzrə Sülh Şurasının ilk iclasının keçiriləcəyi gündən başlaya bilər. "Bu müddətin yekununda İsrail vəziyyəti qiymətləndirəcək: əgər tərk-silah olunmasa, İsrail ordusu Qəzzada missiyanı tamamlamaq məcburiyyətində olacaq", - o bildirib.
Politoloq Kənan Novruzov Musavat.com-a dedi ki, Fuksun açıqlaması göstərir ki, Yaxın Şərqdə sülh və sabitlik hələ tam təmin olunmayıb:
"HƏMAS-a edilən xəbərdarlıq göstərir ki, İsrail israrlıdır. Amma özünə əmin deyil. Düşünmək olar ki, Təl-Əviv Vaşinqtonun tam dəstəyini hiss etmir və tərəddüdlü davranır. Ona görə də hələ günü saymağa başlamır. İsrailli siyasətçi ABŞ-nin adını təsadüfən çəkməyib. Qarşı tərəfə bu mesaj verilib ki, Təl-Əviv və Vaşinqton koordinasiyalı davranırlar. Hərçənd, həqiqətən, belə olsa idi İsrail, bəlkə də, atəşkəsə getməzdi. Görünür, ABŞ İsrailin bəzi addımlarından narazıdır. İstisna deyil ki, Fuks həm də ABŞ -yə mesaj verib. Mümkündür ki, Təl-Əviv dolayı yolla həm də Vaşinqtonu şantaj edir və onu hansısa razılığa gətirmək istəyir. Yəqin ki, Sülh Şurasının ilk iclasının nəticəsindən çox şey asılı olacaq. Amma ABŞ-İsrail xəttində baş verənlər də prosesə təsir edəcək. Bütün hallarda İsrail HƏMAS-la bağlı məqsədlərinə asanlıqla nail ola bilməyəcək. Hətta təşkilat tərk-silah olunsa belə, mövcudluğunu qoruyacaq. Çünki HƏMAS həm də ideologiyadır. Deməli, onu tam məhv etmək çox çətindir. İkinci bir tərəfdən ABŞ Ərəb dünyası ilə əlaqələri korlamaq istəmir. Odur ki, İsrailin "şıltaqlığına" icazə verməyəcək. Və, nəhayət, Vaşinqton Təl-Əvivi özündən asılı vəziyyətdə saxlamaq niyyətindədir. Odur ki, İsraillə "məsafəli davranacaq".
Cavanşir ABBASLI
Musavat.com






