İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğurlanmış arzular ölkəsi – Venesuela...

1978 07.01.2026 11:41 Analitika A A

Simon Bolivarın vətənində “Çavizm” erası başa çatdımı?

...Hər şey belə başladı - 2002-ci ildə ABŞ Venesuelada hərbi çevriliş planını işə salıb prezident Uqo Çavezi devirmək istəyəndə xalq küçələrə çıxdı. Bu, heç bir liderə qismət olmayan  tale idi: venesuelalılar Çavezi dəstəkləmişdi. Bununla argentinalı doktor Çe Gevaranın Latın Amerikasının azadlıq ruhu üçün bu gün də qoyduğu iz - “Çe”izmdən “Çavizm”ə çevrilmişdi. 

Çavez diktator idi, yoxsa? 

Çavezi çoxu diktator adlandırırdı. Ancaq elə ki, müxalifət narazılıq edirdi, Uqo dərhal Venesuelada növbədənkənar prezident və parlament seçkilərinə qərar verirdi. Nəhayət, elə özünün qalib olduğu son prezident seçkilərində Çavez 54,5 faiz, rəqibi Kapriles isə 44,9 faiz səs almışdı. Belə də diktator olar?! Üstəlik, Çavezi müxalif media orqanları nəinki tənqid, hətta təhqir edirdi (halbuki özü əvvəl jurnalist olub- E.S). Amma “diktator” təhqirlərə gülümsəyirdi.

...Məşhur bir fraza, yaxud aforizm var. Onu sonradan Azərbaycanda müxalifət liderlərindən birinin adına yazırdılar. Əslində, Çavesə məxsus tarixi söz idi: “Xalq inqilaba televizordan baxmağı xoşlayır”. Venesuela xalqının lideri yəqin ki, bu fikri qəzəbli bir zamanında söyləmişdi. Hər halda, venesuelalılar müasir tarixlərində inqilab etmədi - nə onu, nə siyasi varisi Nikolas Maduronu devirdi.

Leaders at the Summit of the Americas, including Chavez (top right) and then-President George W. Bush (middle row, center), pose for a photo in Monterrey Jan. 13, 2004. | Reuters

“İnsan cildinə girmiş iblis, bu binadadır...”

Başqa bir faktı da yada salım: 2006-cı ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Çaves ondan bir gün öncə bu kürsüdə çıxış edən amerikalı həmkarı Corc Buş haqda belə demişdi: “İnsan cildinə girmiş iblis, bu binadadır.  Mən hələ də kükürd iyini hiss edirəm. ABŞ prezidenti insan cildinə girmiş iblisdir. O bizə həyatı öyrədir, özünü dünyanın hökmdarı kimi aparır. Ona psixiatr lazımdır. Onun diaqnozu Hiçkokun filmlərindəkindən də ciddidir”.

Necə də müasir dünyamız üçün ibrətamizdir... Sanki çox şey dəyişməyib. Sadəcə, dəyişən Çavesin Venesuelada, Buşun ABŞ-da prezident olmamasıdır. Biri 59 yaşında xərçəngdən dünya ilə vidalaşdı (Fidel Kastronu özünə nümunə sayırdı, müalicəsi Kubada gedirdi- E.S), digəri isə...

Bəs nədir ABŞ hökumətlərini venesuelalılarla bir-birinə düşmən edən? Bu materikin, bizdən çox-çox uzaqlarda yerləşən, təbiəti qaynar, havası bürkülü olan, insanları emosional coğrafiyanın bölüşə bilmədiyi nədir? Ümumiyyətlə, ABŞ nə istəyir Mərkəzi və Latın Amerikası ölkələrindən? Axı bu ilk deyil?! Tarix boyu Çili, Boliviya, Argentina, Nikaraqua (sandinist hərəkatı), Meksika (Çiapasdakı zapatistlərin bu gün də mübarizəsi) Birləşmiş Ştatların imperializminə qarşı qurbanlar verib. Qəribədir, tarix boyu əsl amerikalılar gəlmələrə (ABŞ) qarşı olub - kim bilir, həqiqətin sərt üzü bəlkə elə bu imiş? Ya da təəccüblü heç nə yoxdur, bəlkə elə Rusiyanın postsovet məkanına münasibətinin inikasıdır...?

Demokratiya və neft

Çaves 2013-cü ildə həyatla vidalaşır. Buna qədər isə Venesuela neftini milliləşdirmişdi. Bax, bu da ABŞ-nin və Qərbin ona qəzəbinin ən böyük səbəbi idi. Yəni onun idarəetməsi Vaşinqtonu və Avropanı maraqlandırmırdı. Əsas olan dünyada ən böyük “qara qızıl”a malik olan ölkənin öz sərvətini milliləşdirməsi idi. Çaves bununla amerikalılara “od qoymuşdu”.

Vaxtilə İtaliyanın baş naziri Berluskoni, Fransa prezidenti Sarkozi Liviyanın prezidenti Qəddafinin əlini öpürdü. Ona görə ki, bu ərəb ölkəsinin neft-qazını sümürürdülər. Gün gəldi, Qəddafi Qərbdən üz çevirdi (ibrətamizdir), neft-qaz razılaşmalarında Avropa ilə anlaşmadı, Ağ Evin qarşısında çadır qurub hər hansı otelə getmədi və ABŞ-yə meydan oxudu. Və nə vaxt ki Liviyanın enerji resursları Qərb üçün əlçatan idi, Qəddafi Avropanın gözündə nə diktator, nə insan hüquqları düşməni idi. Çünki Qərb də insan haqlarının yox, enerji məhsullarının dostu idi. Amma Qəddafi Qərbdən enerji bazarlığında üz çevirəndə, onun əlini öpənlər marginal ərəblərin əli ilə Liviya liderini küçənin ortasında qətlə yetirdilər.

Uqo ilə Nikolasın səhvi

Venesuelada baş verənlərin səbəbi həm də budur - dünyanın neftinə görə ən zəngin ölkəsində Çavesdən başlanan yol, yəni yeraltı sərvətlərin milliləşdirilməsi bu ölkənin hakimiyyətini ABŞ ilə düşmən elədi. Əgər Uqo Çaves, ondan sonra sələfi Nikolas Maduro Vaşinqtonun sözünü eşitsəydi, Venesuelada nə kokain biznesi, nə demokratiya, nə insan haqları yada düşərdi. Necə ki, illər əvvəl ABŞ-nin “legitim prezident” saydığı müxalif lider Quaydo unudulub, son müxalif liderə isə Tramp “zıqqımın kökünü” (zəhər ye – E.S) verdi. Yəni az qala Pablo Eskobar elan edilən Venesuela prezidenti Maduronun idarəetmə sistemi saxlanıb – ölkəni vitse-prezident idarə edir. Sadəcə, şəxsi səviyyədə cəzalandırma həyata keçirildi. Bu da artıq günlərdir təkrarlanan haqlı mövqedir ki, 3 yanvar gecəsi paytaxt Karakasda keçirilən əməliyyat (xəyanət faktoru şübhəsizdir) beynəlxalq hüququn deqradasiyası idi.

Neftlə zəngin ölkədə xalqın yoxsul olması...

Maduronun və xələfi Çavesin isə səhvi ən çox neftə malik ölkədə xalqını yoxsul saxlaması, dünyanın ən dominant gücü ilə  hesablaşmaması idi. Rəhmətlik Elçibəyin Marqarita Tetçerlə qiymətdə razılaşmayıb “Neft Azərbaycan xalqına məxsusdur” deməsi kimi...

Ona görə də Venesuelada baş verənlər Panamada gerçək diktator Noryeqanın yaşadıqlarının fərqli təkrarıdır. Noryeqanı Madurodan seçən onun elə ABŞ-nin adamı olması, sonra üz çevirməsinə görə cəzalandırılması idi. Nəticədə Panama prezidenti Noryeqanı Maduro kimi öz ölkəsində həbs edib ABŞ həbsxanasına salmışdılar. Beləliklə, oğurlanan talelələr, oğurlanan arzular ölkəsi Venesuelada “Çe”vizm deyə bilmərəm, amma “Çavizm” başa çatmış sayıla bilər.

Lakin bir fakt da var – İspaniyanın hegemonluğuna qarşı mübarizə aparmış Simon Bolivarın vətəni çətin ki, bundan sonra imperializmə itaət edə. Sadəcə, Venesuelanın yeni hökuməti neftlə zəngin ölkədə xalqın zəngin yaşamasına şərait yaratmalıdır. Əks halda, SSRİ-nin bir vaxtlar ABŞ ilə sövdələşməyə gedərək Latın Amerikasında dəstəklədiyi sosialist ölkələri FTB-yə qurban verməsi kimi, madurolar çox qurban gedəcək.

Maduro və onun həyat yoldaşı Siliya Floresin Nyu-Yorkda məhkəməyə aparılarkən dünya ictimaiyyətinin gözü önündə son dərəcə aşağılayıcı  rəftarla üzləşməsi isə haradasa Rumıniyada Çauşeski ailəsini yada saldı (prezident və həyat yoldaşı edam olundular). Qərbin qəddarlığı əndazə tanımır. Bircə Maduroların güllələnməsi çatmırdı...

Maduro

Avtobus sürücülüyündən Nyu-York türməsinə

Məlumat üçün qeyd edək ki, tam adı Nikolas Maduro Moros olan Venesuelanın artıq sabiq hesab olunan dövlət başçısı 23 noyabr 1962-ci ildə paytaxt Karakas şəhərində anadan olub. Maduro Karakasda fəhlə sinfinə mənsub bir ailədə dünyaya gəlib. Atası Nikolas Maduro Qarsiya həmkarlar ittifaqı lideri olub və 22 aprel 1989-cu ildə yol-nəqliyyat qəzası nəticəsində həlak olub. Anası Teresa de Jesus Moros Kolumbiyanın Kukuta şəhərində doğulub.

Maduro iki dəfə evlənib. İlk nikahını Adriana Guerra Angulo ilə bağlayıb və bu evlilikdən Nikolas Maduro Guerra adlı oğlu dünyaya gəlib. “Nicolasito” ləqəbi ilə tanınan oğlu hökumətdə müxtəlif yüksək vəzifələrə təyin olunub.

Daha sonra siyasətçi və hüquqşünas Cilia Flores ilə ailə həyatı qurub. Cütlük 1990-cı illərdən etibarən münasibətdə olub və rəsmi nikahlarını 2013-cü ilin iyulunda bağlayıblar. Maduronun Flores ilə bioloji övladı yoxdur.

Maduro siyasi fəaliyyətinə ictimai nəqliyyat sektorunda avtobus sürücüsü və həmkarlar ittifaqı nümayəndəsi kimi başlayıb. 1990-cı illərdə Uqo Çavesin liderliyində yaradılmış Beşinci Respublika Hərəkatının qurucularından biri olub. Çavesin 1992-ci ildəki uğursuz hərbi çevriliş cəhdindən sonra həbsdən azad olunmasında rol oynayan fiqurlardan biri kimi tanınır.

1998-ci il prezident seçkilərində Çavesin seçki kampaniyasında regional koordinator kimi fəaliyyət göstərib. 2000-ci illərdə deputat olub, daha sonra isə Milli Assambleyanın sədri vəzifəsinə yüksəlib. 2006-cı ildə xarici işlər naziri təyin edilib və 2012-ci ilə qədər bu postu tutub.

10 oktyabr 2012-ci ildə Çaves tərəfindən dövlət başçısının müavini təyin olunub. Çavesin vəfatından sonra isə dövlət başçısı statusu alıb. 2013-cü il prezident seçkilərində az fərqlə qalib gələn Maduro Çavesin sosialist siyasətini davam etdirib. 

Onu da deyək ki, Venesuela Cənubi Amerika qitəsinin şimalında yerləşir. Venesuela qərbdən Kolumbiya, cənubdan Braziliya, şimal-şərqdən Trinidad və Tobaqo, şərqdən Qayana ilə həmsərhəddir. Şimal sahillərini Karib dənizi və Atlantik okeanı yuyur. Ərazisi 916,445 kvadrat kilometr, paytaxtı və ən böyük şəhəri Karakas şəhəridir. Karib dənizindəki 70-ə yaxın ada Venesuelaya aiddir. Əhalisi 29 milyon nəfərdir. 

Emil SALAMOĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR