İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə ət yeyənlər azalır – İki SƏBƏB

1440 02.02.2026 18:15 İqtisadiyyat A A

Azərbaycanın ət bazarında müşahidə olunan təhlükəli meyl yenidən müzakirə mövzusuna çevrilir. Son iki ildə ölkədə heyvan sayının sürətli azalması, diri heyvan idxalının əksinə, artması fonunda ət qiymətlərinin kəskin bahalaşması əhalini ciddi şəkildə narahat etməkdədir. Əksər mütəxəssislər prosesin ölkənin ərzaq təhlükəsizliyinə təhdid yaratmaq təhlükəsini artırdığını dəfələrlə vurğulayır, onun qarşısının alınması üçün tədbirlərin görülməsini təklif edirlər.

XəzərXəbər məlumat verir ki, beynəlxalq statistika portallarının məlumatına görə, Azərbaycan orta aylıq əməkhaqqına alına biləcək mal ətinin miqdarına görə qonşu ölkələrlə müqayisədə son sıralarda qərarlaşıb. Ölkədə orta aylıq əməkhaqqı ilə cəmi 44 kiloqram mal əti almaq mümkündür ki, bu da bir çox Avropa və MDB ölkələrindən dəfələrlə azdır. Məsələn, qonşu Rusiyada orta maaşla 83, Gürcüstanda 56 kiloqram ət almaq olar.

Azərbaycana ət idxalı ucuzlaşıb: Bəs bazarda vəziyyət niyə dəyişmir? - VİDEO

İqtisadçıların fikrincə, bu tendensiya birbaşa gəlirlərin səviyyəsi ilə bağlıdır. Məsələn, mal ətinin kiloqramının orta hesabla 18 manat olması, ayda 700-800 manat civarında əməkhaqqı alan vətəndaşın rasionuna ciddi təsir edir. Mütəxəssislərə görə, problemin həlli kimi orta əmək haqqının artırılması daha real görünür. Eyni zamanda, daxili bazarda ət istehsalının artırılması və yem xərclərinin azaldılması istiqamətində addımlar atılmasa, alıcılıq qabiliyyətinin daha da zəifləyəcəyi qaçılmazdır.

Rəsmi statistikaya əsasən ötən il Azərbaycanda 7 milyard 441,0 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub. Bu, 2024-cü illə müqayisədə cəmi 0,3 faiz artım deməkdir. Yəni əslində, heyvandarlıq istehsalında artım olmayıb da demək olar. 2025-ci ildə ölkədə quş əti də daxil olmaqla diri çəkidə 659,2 min ton ət, 2305,9 min ton süd, 2342,9 milyon ədəd yumurta istehsal olunduğu bildirilir. Bu isə ondan xəbər verir ki, 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı eyni səviyyədə qalıb.

Bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min baş azalmaqla 1 milyon 207,1 min başa, qoyun və keçilərin sayı isə 138,7 min baş azalmaqla 6 milyon 757,8 min başa düşüb. Bu azalma hələ xaricdən yüz minlərlə idxal fonunda qeydə alınır. Belə ki, 2025-ci ilin yanvar-noyabrında ölkəyə 83 milyon 766,07 min dollar dəyərində 104 868 baş ətlik iribuyunuzlu mal-qara, 32 milyon 226,82 min dollar dəyərində 298 246 baş diri qoyun idxal edilib.

2024-cü ilin eyni dövründə ölkəyə 38019,8 min dollar dəyərində 42 902 baş ətlik iribuynuzlu mal-qara, 16 milyon 594,59 min dollar dəyərində 169 579 baş diri qoyun idxalı qeydə alınıb. Bu isə o deməkdir ki, say baxımından sırf ətlik istiqamətli diri heyvan idxalı 2 dəfədən çox artıb. Eyni zamanda iribuynuzlu heyvanın idxal qiyməti illik olaraq 886 dollardan 798 dollara qədər azaldığı halda qoyunun qiyməti 97 dollardan 108 dollara yüksəlib.

Diri heyvan idxalındakı artım ət idxalında azalma ilə müşayiət olunub. Gömrük statistikasına əsasən 2025-ci ildə Azərbaycana 117 milyon 965 min dollar dəyərində 47 min 641 ton ət idxal olunub. 2024-cü ildə 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxalının olduğunu nəzərə alsaq, görərik ki, illik ifadədə bu göstəricinin dəyər ifadəsində 11 milyon 591 min dollar və ya 8,9 faiz, miqdar ifadəsində isə 11 min 47 ton və ya 18,8 faiz azalıb.
Qeyd edək ki, rəsmi məlumatlar göstərir ki, Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

Naxçıvanda son 10 ildə heyvandarlıq məhsullarının istehsalı 1,6 dəfə artıb

Bir qayda olaraq bazara çıxarılan məhsulların qiymətinə onların istehsalına çəkilən xərclər birbaşa təsir göstərir. Söhbət istehsalçı qiymət indeksindən gedir. Azərbaycan Mərkəzi Bankının hesablamalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin artımı ölkə üzrə ümumi inflyasiya səviyyəsinə ən çox təsir göstərən ikinci əsas amildir. Bu göstəricinin ötən ilin sonunadək ölkə üzrə inflyasiyaya 3,20 faizə qədər artırıcı təsir göstərəcəyi gözlənilirdi.

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksinin artmasına isə xaricdən idxal olunan yem, gübrə və toxumların qiyməti təsir edir. Məsələn, Mərkəzi Bankın Dövlət Statistika Komitəsi ilə birgə hesablamasına görə, ötən ilin 9 ayında heyvandarlıq yemi üçün istifadə olunan məhsulların idxal qiymətinin artması bu sahədə istehsalçı qiymət indeksini 27.1 faiz artırıb.

Rəsmi məlumata görə, 2025-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 8,2 faiz artıb. Bu zaman bitkiçilik məhsullarının istehsalçı qiymət indeksi 7,8 faiz, heyvandarlıq məhsullarının istehsalçı indeksi isə 8,6 faiz artıb. Bu isə o deməkdir ki, ölkədə ət də daxil olmaqla, əsas ərzaq məhsullarının qiymət artımı davam edəcək.

Bu artımın əhalinin durumuna mənfi təsirini neytrallaşdırmaq üçün əsas yol, əlbəttə, gəlirlərin daha sürətli artımını təmin etməkdir. Ölkənin əsas gəlir mənbəyi olan neft qiymətlərinin, həmçinin hasilatının azalması fonunda bunun baş verəcəyi inandırıcı görünmür.

Dünya SAKİT,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR