İranda prezident Məsud Pezeşkiana qarşı parlamentdə impiçment prosedurlarına başlamaq təklifi irəli sürülüb. Təklif parlamentdə təmsil olunan qrup tərəfindən dilə gətirilib.
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf bildirib ki, gərginliyi azaltmaq üçün hökumətin yenidən qurulması prioritet olacaq və lazımi islahatlar hökumət tərəfindən həyata keçirilməsə, parlament üzvləri impiçment proseduruna başlamağa məcbur olacaqlar.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, İran hakimiyyətinin mühafizəkar qanadı ilə prezident Məsud Pezeşkianın münasibətlərində xeyli vaxtdır müşahidə olunan fikir ayrılıqlarının gərginlik fazasına gəlib çatacağı gözlənilən idi:
“Xüsusən arxasında İranın ali dini lideri dayanan SEPAH komandanlığına daxil olan şəxslər, eləcə də parlamentin sədri Məhəmmədbaqer Qalibaf islahatların tərəfdarı olan Qərblə, ABŞ-la münasibətlərin mülayimləşməsinin tərəfdarı kimi çıxış edən Məsud Pezeşkiana və onun komandasına qarşıdır. İlk addım kimi prezidentin formalaşdırdığı komandanı sıradan çıxarmaq istəyirlər. Mühafizəkar qüvvələrə bağlı olan media qurumlarında prezidenti hədəfə alan, onu hətta “xəyanətkar” adlandıran yazılar az qala hər gün yayılır. Beləliklə gərginlik hər keçən gün daha da dərinləşir.
Prezident Məsud Pezeşkianın bir neçə gün öncə İranın böhranın içində olduğunu və bu vəziyyətin sistemin yanlış siyasətindən qaynaqlandığını bəyan etməsi qarşı tərəfi daha da aqressivləşdirib. Mühafizəkarlar Pezeşkianla haqq-hesabı parlament salonunda çəkmək istəyirlər. Prezidentə qarşı impiçment prosedurunun başlanması təşəbbüsü bunun üçündür”.
Politoloq hesab edir ki, məqsəd prezidenti mümkün olduğu halda vəzifədən kənarlaşdırmaq, mümkün olmadığı halda küncə sıxışdırmaqdır:
“İranın hazırkı ağır duruma düşməsinin səbəbkarları olan mühafizəkarlar prezidentin qaldırdığı problemləri həll etməyə çalışmaq və yanlış siyasətlərindən əl çəkmək əvəzinə problemləri dilə gətirən, həllinə çalışan prezidenti sıradan çıxarmaq istəyirlər. Bu isə İran üçün yaxşı nə isə vəd etmir”.
Etibar Seyidağa,
Musavat.com






