İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlara verilən cəza göstərdi ki...” – Deputatdan gündəm AÇIQLAMALARI FOTO

1288 06.02.2026 17:28 Müsahibə A A

İLK yayım saatı: 12:10

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin, eyni zamanda Asiya Parlament Assambleyası – Nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev Musavat.com-a geniş müsahibə verib.

Liderlərin Əbu-Dabi görüşü, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimat mərasimi, Qarabağdakı keçmiş baş separatçılara qurulmuş məhkəmə prosesinin yekunundan bəhs etdiyimiz müsahibədə R.Nəbiyevin də daxil olduğu parlament nümayəndə heyətinin son səfərlərindən, keçirilən tədbirlərdən danışdıq.

- Rizvan bəy, bu günlərin mühüm mövzularından biri Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər, nüfuzlu sülh mükafatını qəbul edərkən dilə gətirdiyi sülh mesajları ilə əlaqədardır. Sizin bu səfərlə bağlı müşahidələriniz necədir?

- İkinci Əbu - Dabi görüşündən verilən mesajlar Azərbaycan və Ermənistan siyasi liderlərinin son altı ay ərzində ikinci dəfə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu - Dabidə görüşməsi dövlətlərarası normallaşma prosesinin ardıcıl və davamlı xarakter aldığını göstərir. Bu təmaslar regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş real iradənin mövcudluğunu nümayiş etdirir. 2025-ci ilin iyununda keçirilmiş birinci Əbu - Dabi görüşü sülh sazişinin imzalanması prosesində mühüm mərhələ kimi yadda qalmışdısa, 4 fevralda baş tutan ikinci görüş tərəflərin sülh gündəliyinə sadiqliyini bir daha təsdiqlədi. Görüşlər zamanı qarşılıqlı etimadın möhkəmləndirilməsi, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində irəliləyişin olduğu aydın şəkildə ifadə olundu. Normallaşma prosesinin təkcə diplomatik müstəvidə deyil, real iqtisadi əlaqələr üzərində qurulması onun geridönülməz xarakter daşıdığını göstərir. Azərbaycan yanacağının Ermənistana göndərilməsi, eləcə də ölkəmiz üzərindən tranzit yolu ilə Qazaxıstan və Rusiyadan taxıl məhsullarının Ermənistana çatdırılması münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu addımlar regional qarşılıqlı asılılığın formalaşmasına və iqtisadi maraqların sülhə xidmət etməsinə zəmin yaradır.

Eyni zamanda, vətəndaş cəmiyyətləri arasında dialoqun təşviqi etimad quruculuğu baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan razılaşmalar Bakı və İrəvanın normallaşma prosesini üçüncü tərəflərin vasitəçiliyi olmadan, birbaşa dialoq əsasında davam etdirmək iqtidarında olduğunu göstərir. Postmünaqişə dövründə hər iki tərəfin öz resurslarına və siyasi iradəsinə söykənməsi sülh prosesinin dayanıqlılığı baxımından mühüm amildir. Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin ediləcəyi və sülh sazişinə mane olan son hüquqi əngəlin aradan qaldırılacağına dair gözləntilər artmaqdadır. Bu addımın atılması sülh müqaviləsinin imzalanmasını daha da yaxınlaşdıracaq. Əbu-Dabi görüşləri, eyni zamanda, regional kommunikasiya layihələrinin və yeni nəqliyyat marşrutlarının reallaşdırılması üçün ciddi impuls yaradır ki, bu da Cənubi Qafqazın nəqliyyat-tranzit xəritəsinin formalaşmasında həlledici rol oynaya bilər.

Untitled (5).jpg (212 KB)

- Azərbaycan Prezidentinin layiq görüldüyü və regional, eyni zamanda, qlobal sülh prosesinə tarixi töhfələrinə görə haqq etdiyi Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” Ermənistanın baş naziri Nikol Paşinyana da verildi. Bundan sonra Ermənistanla sülh prosesinin geridönməz xarakter aldığını əminliklə söyləmək olarmı?

- “Zayed İnsan Qardaşlığı Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin banisi mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan–Ermənistan sülh sazişinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edilməsi Azərbaycanın regionda sülh və əməkdaşlığın təşviqində oynadığı rolun beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Bu qərar dünya liderləri tərəfindən də müsbət qarşılanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülh, təhlükəsizlik və sabitliyə yönəlmiş bütün təşəbbüsləri dəstəklədiklərini vurğulayaraq, Prezident İlham Əliyevin cəsarətli və prinsipial addımlarının sülh prosesində həlledici rol oynadığını bildirib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif isə Azərbaycanın bu istiqamətdəki fəaliyyətini region üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib. Yalnız humanizm və qardaşlıq dəyərlərini təşviq edən təşəbbüslərə təqdim olunan bu mükafat Prezident İlham Əliyevin postmünaqişə dövründə barışıq, dialoq və qarşılıqlı hörmətə əsaslanan siyasətinin beynəlxalq təsdiqidir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən sülh mövqeyi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də regional kommunikasiya layihələri bu siyasətin praktik nəticələridir. Həm də bu səbəblərdən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu razılaşmanı regionda sabitliyə aparan mühüm addım kimi qiymətləndirib. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məhz sülh sazişi kontekstində təqdim olunması Azərbaycan–Ermənistan normallaşma prosesinin artıq regional çərçivəni aşaraq qlobal miqyasda nümunə kimi qəbul edildiyini göstərir. Bu qiymətləndirmə Prezident İlham Əliyevin uzaqgörən liderliyinin və Cənubi Qafqazda davamlı sülhə xidmət edən strategiyasının beynəlxalq səviyyədə təsdiqi olmaqla yanaşı, regionda sabitliyin möhkəmlənməsinə əlavə stimul yaradır. Bunları dəyərləndirən professional diplomat, Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev sülh prosesini tarixi dönüş nöqtəsi adlandıraraq, uzunmüddətli münaqişələrin dialoq və məsuliyyətli yanaşma ilə həllinin mümkün olduğunu xüsusi qeyd edib.

- Fevralın 5-də dünya daha bir ədalətli qərara şahid oldu: Qarabağdakı separatçıların başçıları 35 ildən sonra layiq olduqları cəzaları ədalət məhkəməsi qarşısında aldılar. Bakı və İrəvan arasında sülhün əldə olunması ilə paralel olaraq Azərbaycan məhkəməsi də ədalətli qərarlarını verdi, özü də Qarabağda separatçılığa başlanmasının, Sumqayıtda “KQB” – “Krunk” birliyinin həyata keçirdiyi hadisələrin, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində. Bu faktı necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev hələ Vətən müharibəsindən əvvəl dəfələrlə bəyan etmişdi ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin icraçıları və təşkilatçıları mütləq şəkildə ədalət mühakiməsinə cəlb ediləcək, günahsız qurbanların qanı yerdə qalmayacaq. Bu mövqe dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib və postmünaqişə mərhələsində ardıcıl şəkildə reallaşdırılıb. Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi vasitələrlə təmin etdikdən, yeni reallıqların beynəlxalq diplomatik müstəvidə qəbul olunmasına nail olduqdan sonra hüquqi müstəvidə də ədalətin bərpası istiqamətində qəti addımlar atıb. Azərbaycan xalqına qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması dövlətimizin ədalətə və beynəlxalq hüquqa sadiqliyinin real təzahürüdür. Bu yanaşma göstərdi ki, ədalət yalnız döyüş meydanında deyil, hüquqi müstəvidə də təmin olunmalıdır. Dünya təcrübəsi təsdiqləyir ki, insanlıq əleyhinə və müharibə cinayətləri zaman aşımına məruz qalmır.

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal və Ruanda üzrə Beynəlxalq Tribunalın fəaliyyəti sübut etdi ki, soyqırımı, əhalinin məhv edilməsi, məcburi köçürmə, işgəncə və mülki əhaliyə qarşı sistemli zorakılıq beynəlxalq humanitar hüququn ən ağır pozuntuları hesab olunur və bu cinayətlərin icraçıları mütləq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan bu ümumbəşəri yanaşmanı milli hüquq mexanizmləri çərçivəsində tətbiq etməklə prinsipial yol seçmişdir. Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı xaricdən edilən siyasi təzyiq və müdaxilə cəhdlərinə baxmayaraq, Prezident İlham Əliyevin qəti siyasi iradəsi bu prosesin tam müstəqil və obyektiv şəraitdə aparılmasını təmin edib.

Nəticədə iş Bakı Hərbi Məhkəməsində hüquqi prosedurlara uyğun şəkildə araşdırılmış və ədalətli hökmün elan edilməsi ilə yekunlaşıb. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər insanlıq əleyhinə və müharibə cinayətləri, soyqırımı, terrorçuluq, təcavüzkar müharibənin aparılması, mülki əhaliyə qarşı ağır zorakılıq əməlləri, habelə dövlətin konstitusiya quruluşuna qarşı yönəlmiş cinayətlər üzrə ittiham olunublar. Bu ittihamlar beynəlxalq humanitar hüququn və beynəlxalq cinayət hüququnun fundamental prinsipləri ilə tam uzlaşır. Məhkəmə prosesində təqdim olunan faktlar və ifadələr Ermənistan hakimiyyətinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə iştirakını və bu cinayətlərə görə dövlət məsuliyyətini bir daha üzə çıxarıb. Hüquqi dəlillərlə sübut edilib ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək məqsədilə Qarabağda qondarma rejim yaradıb, həmin rejimin rəhbərliyi isə bu siyasətin əsas icraçıları olub. Bu yanaşma İkinci Dünya müharibəsindən sonra Nürnberq Tribunalının müəyyən etdiyi fundamental prinsipə - siyasi statusun cinayət məsuliyyətindən azad etməməsi prinsipinə tam uyğundur.

Rizvan Nəbiyev 12.jpg (118 KB)

- Rizvan bəy, bu günlərdə spiker Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyətinin çox zəngin gündəliyi əhatə edən səfərləri oldu. Bəhreyn Krallığına səfərdə siz də iştirak edirdiniz. Təəssüratlarınız necədir, keçirilən görüşlər və tədbirlər barədə nələri deyə bilərsiniz?

- Milli Məclisin sədri Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Bəhreyn Krallığında rəsmi səfər edən Milli Məclisin nümayəndə heyətinin tərkibində mən də təmsil olunurdum. Mən Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində iştirak edirdim. İkitərəfli çərçivədə həyata keçirilən səfərdə Sahibə xanım Qafarova Bəhreyn Krallığı parlamentinin hər iki palatasının - Nümayəndələr Şurasının sədri cənab Əl Musalam, Şura Məclisinin rəhbəri Əl Saleh və Bəhreyn Kralı Al Xəlifə ilə görüşlər keçirdi. Milli Məclsin sədri həmçinin bu il 20 illik yubileyi tamam olan Asiya Parlament Assambleyasının (APA) əsas orqanı - Plenar iclasında iştirak və çıxış etdi.

Asiya Parlament Assambleyasının 16-cı Plenar İclası təşkilatçı ölkə Bəhreyn Krallığının təklifi ilə “Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində Asiya parlamentlərinin rolu: imkanlar, çağırışlar və gələcək istiqamətlər” mövzusuna hər olunmuşdu. Milli Məclisin spikeri çıxışında qeyd etdi ki, Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayaraq, ölkəmizin BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə bu prosesə davamlı töhfələr verdiyini bildirib. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilən 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa "parlament ölçüsü" qazandırıb. Milli Məclis 2024-2025-ci APA-ya sədrliyi illərdə həyata keçirib. Asiya Parlament Assambleyasının (APA) 24-28 yanvar tarixlərində Milli Məclisin sədrliyi ilə İcraiyyə Şurasının iclası, Büro iclası keçirildi. Həmçinin 4 daimi komitənin iclası keçirildi. Bu daimi komitələr, siyasi məsələlər, davamlı inkişaf və iqtisadi əməkdaşlıq, məsəniyyət və sosial məsələlər, eləcə də büdcə məsələlərinə məsul bu komitələr müvafiq olar İran, Bəhreyn, Rusiya və Qətər sədrlik edirdi.

- Bildiyimizə görə, Milli Məclisin APA-ya sədrliyi başa çatıb. Qurumda Azərbaycanın fəaliyyəti necə dəyərləndirildi?

- Bəli, Milli Məclisin APA-ya sədrliyi başa çatdı. Yeni sədr dövlət - Bəhreyn Krallığına sədrliyin rəsmi təhvil verilməsi də sədr Sahibə xanım Qafarovanın iştirakı ilə 16-cı Plenar sessiya çərçivəsində baş tutdu. Bəhreyn Krallığının sədrliyə başlması ilə İqtisadi komitədə sədrliyi İran, siyasi komitədə sədrliyi isə İordaniya Krallığı öz üzərinə götürdü. Mədəniyyət və sosial məsələlər komitəsində də Rusiyanın sədrlik müddəti başa çatdığından Tacikistanın bu komitədə sədrliyi təsdiq edildi. 16-cı Plenar sessiyanın başa çatmasından sonra Asiya Parlament Assambleyasının yekun sənədi “Manama Bəyannaməsi” qəbul edildi. Bəyannamədə Milli Məclisə uğurlu sədrliyinə görə iştirakçı dövlətlər adından yüksək qiymətləndirmə öz əksini tapdı: “2024–2025-ci illər ərzində Asiya Parlament Assambleyasına iki il müddətində uğurla sədrlik etmiş Azərbaycan Respublikasının Milli Məclisinə səmimi təşəkkürü bildirildi, bu dövrdə Assambleyanın ali məqsədlərinin səmərəli parlament diplomatiyası vasitəsilə irəlilədilməsində göstərdiyi liderlik və fədakar səyləri yüksək qiymətləndirildi”. Həmçinin 10 dövlətin parlament nümayəndə heyətlərinin rəhbərləri İcraiyyə Şurasının iclasında və Plenar sessiyada etdikləri çıxışlarında Milli Məclisə, onun sədrinə uğurlu sədrliyə, kompromis qərarların əldə edilməsində göstərilən səylərə görə təşəkkür etdilər.

Rizvan Nəbiyev 13.jpg (126 KB)

- Bəhreyndə qəbul edilən yekun sənəddə - “Manama Bəyannaməsi”ində ölkəmizlə bağlı hansı məqamlar orada əksini tapıb?

- Bəhreyn Krallığının mədəniyyətlərarası dialoqun təşkilində böyük təcrübəsi var və bu Körfəz bölgəsində təqdir olunur. Bu səbəbdən də Manama Bəyannaməsinin əsas məzmunu Asiyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsində parlament diplomatiyasının rolu, imkanlar və çağırışlarla bağlı məsələlər təşkil edir.

Bəhreyn parlament nümayəndə heyəti təklif etdi ki, 2027–2036-cı illər dövrü Asiya Mədəniyyətlərarası və Sivilizasiyalararası Dialoq Onilliyi kimi elan edilsin. Manama Bəyannaməsində ölkəmizlə bağlı bir sıra mühüm məqamların əks olunmasına nail olduq. Ölkəmizin tolerantlıq, dinlərarası dialoq sahəsində əldə etdiyi təcrübə və beynəlxalq miqyasda həyata keçirdyi fəaliyyət yüksək qiymətləndirilərək Manama Bəyannaməsinin 3 və 4-cü bəndlərində öz əksini tapdı. “Biz, Asiya Parlament Assambleyasının üzv parlamentləri, 24–28 yanvar 2026-cı il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilən 16-cı Plenar Sessiyada bir araya gələrək, - Azərbaycanın 2008-ci ildə əsasını qoyduğu Mədəniyyətlərarası Dialoq üzrə Bakı Prosesi təşəbbüsünü, habelə UNESCO, BMT Sivilizasiyalar Alyansı, Avropa Şurası və ISESCO tərəfindən dəstəklənən Bakı Prosesinin prinsiplərinə və müvafiq bəyannamələrə uyğun olaraq Ümümdünya Mədəniyyətlərarası Dialoq üzrə Birinci Forumuna ev sahibliyi etməsini yüksək qiymətləndirir, həmçinin yüksək səviyyəli beynəlxalq forumların təşkili vasitəsilə mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycan Respublikasının göstərdiyi davamlı liderliyi təqdir edir; İslamofobiya və ksenofobiya ilə mübarizə aparmaq, habelə tolerantlığın, multikulturalizmin və qarşılıqlı hörmətin qlobal səviyyədə təşviqi istiqamətində Azərbaycanın ardıcıl və prinsipial çağırışlarının, eləcə də bu dəyərlərə əsaslanan zəngin və uzunmüddətli tarixi irsinə söykənən sadiq səylərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyi bir daha qeyd olunur.”

- Yəqin ki, bölgəmizdəki sülh prosesi də diqqətdən kənarda qalmayıb...

- Təbii. Azərbaycan və Ermənistan Respublikası arasında sülh Sazişi ilə bağlı məqam da Manam Bəyannaməsində öz əksini tapıb. Bəyannamənin 11-ci maddəsində Asiya Parlament Assambleyasının üzv parlamentləri Asiya Parlament Assambleyasının 16-cı Plenar Sessiyada bir araya gələrək, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülh və Dövlətlərarası Münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanmasını alqışladıqlarını” bəyan etdilər. Belə bir vacib məqamıln Manama Bəyannaməsinə daxil edilməsi Azərbaycanın sülh gündəliyinin təqdir edilməsi ilə yanası, hazırda Körfəz regionunda cərəyan edən gərginlik fonunda ölkəmizin sülh təcrübəsinə əsaslanmaqla verilən vacib mesaj kimi də qəbul oluna bilər.

- Bəs Milli Məclisin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi APA Plenar Sessiyasında çıxışınızda hanıs məqamlardan bəhs etdiniz?

- Çıxışımda Asiyada sülhün və tərəqqinin möhkəmləndirilməsində parlament diplomatiyasının mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafında mühüm rol oynamaq imkanına malik oldğunu vurğuladım. Çıxışım zamanı Azərbaycanın multikulturalizm sahəsində zəngin tarixi təcrübəsi barədə məlumat verərək qeyd etdim ki, ölkəmiz əsrlər boyu dini tolerantlığın və dinc yanaşı yaşamanın hökm sürdüyü məkan olub. Azərbaycanın coğrafi mövqeyi və tarixi irsi onu təbii şəkildə sivilizasiyalararası dialoqun mərkəzinə çevirib. Vurğuladım ki, bu ənənələr Azərbaycanın həm Avropa, həm də Asiya institutları ilə fəal əməkdaşlığı sayəsində daha da möhkəmlənib. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı Prosesi haqqında danışaraq bildirdim ki, bu təşəbbüs mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində mühüm beynəlxalq platformaya çevrilib. Bakı Prosesi çərçivəsində qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Bəyannaməsi”, eləcə də sonrakı illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlar mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə töhfə verir. Azərbaycanda multikulturalizmin dövlət siyasətinin bir hissəsi olduğunu bildirərək, 2016-cı ilin Multikulturalizm İli, 2017-ci ilin isə İslam Həmrəyliyi İli elan edilməsinin bu siyasətin bariz nümunəsi olduğunu diqqətə çatdırdım. İslamofobiya və dini ayrı-seçkiliklə mübarizənin vacibliyindən danışaraq qeyd etdim ki, 2025-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən “İslamofobiya: Qərəzlərin ifşası və stereotiplərin aradan qaldırılması” adlı beynəlxalq konfransa müraciət ünvanlayıb. Bildirdim ki, Prezidentin müraciətinin BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılması Azərbaycanın islamofobiya ilə mübarizə və tolerantlığın təşviqi çağırışına beynəlxalq dəstəyin açıq göstəricisidir. Vurğuladım ki, dini nifrət beynəlxalq sülh üçün ciddi təhlükə yaradır və buna qarşı yalnız birgə qlobal fəaliyyət vasitəsilə mübarizə aparmaq mümkündür. Çıxışımda həmçinin Manama və Bakının mədəniyyətlərarası dialoq sahəsində təcrübələrinin Asiya və daha geniş region üçün faydalı ola biləcəyini qeyd etdim.

- Ümumilikdə 2024-2025-ci il Milli Məclisin APA-ya sədrliyini qısaca necə ümumiləşdirmək olar?

- APA-nın institutsional inkişafı və təşkilatın genişləndirilməsinə dair qərar qəbul olunub. Oman Sultanlığının müraciəti təmin edilərək APA-ya tam hüquqlu üzv qəbul edilib, Belarus Respublikasına isə müraciəti əsasında müşahidəçi statusu verilib. APA-nın maliyyələşdirilməsi və büdcəsinin təsdiqi ilə bağlı uzun illərdən bəri davan edən danışıqlar uğurla yekunlaşıb, APA-nın Büdcə və planlaşdırma komitəsinin büdcə ilə bağlı qərarı təsdiq edilib. APA Nizamnaməsinə dəyişiklik edilib, “bərabər ödəniş - bərabər səslə təmsil olunma hüququ” prinsipi əsas götürülərək, hər bir üzv dövlətin malik olduğu əhali sayına uyğun təşkilatda təmsil olunduğu iştirakçı sayından asılı olmayaraq, APA-da bir səsə malik olması hüququ təsdiq olunub. Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu, beynəlxalq münasibətlər sistemində multilaterailizmin təşviqində parlamentlərin və parlamentlərarası birliklərin rolu davamlı olaraq gündəmdə saxlanılıb.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR