Modern.az saytı 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı, indiyədək ölümdən sonra orqan donorluğu üçün razılığı təsdiqlənmiş şəxslərin sayını öyrənmək üçün Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə sorğu ünvanlayıb.
Mərkəzdən bildirilib ki, 2025-ci il üzrə orqan transplantasiyası gözləyən şəxslərin ümumi sayı 1000 nəfəri ötüb.
Həmin şəxslərin ayrı-ayrılıqda hansı orqanların transplantasiyasını gözlədiklərinə dair statistik bölgü (məsələn: böyrək, qaraciyər, ürək və s.) isə təxminən aşağıdakı kimidir:
Böyrək transplantasiyası – 400 nəfərdən çox
Qaraciyər transplantasiyası – təxminən 180 nəfər
Ürək transplantasiyası – 30 nəfərə yaxın
Sümük iliyi transplantasiyası – 500 nəfərdən çox
Buynuz qişa transplantasiyası – 20 nəfərə yaxın.
Onu da qeyd edək ki, indiyədək ölümdən sonra orqan donorluğu üçün rəsmi razılıq ərizəsi imzalamış şəxslərin sayı təxminən 1200 nəfərə yaxındır”.
Bəs tanınmış həkimlərdən kimlər orqanını bağışlayar?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a deyib ki, transplantasiya işləri uğurla davam etdirildikcə insanların şəfa tapması üçün donorlara ehtiyacı daha da artmaqdadır:
“Yəqin ki bu say getdikcə çoxalacaq. O ki qaldı özümə, hələ ki bu haqda ətraflı düşünməmişəm. Ancaq düşüncəm ondan ibarətdir ki, yaxın gələcəkdə insanların böyük əksəriyyəti donor olaraq öz razılığını bildirəcək. Mənim bu barədə ümumi fikrim pozitivdir”.
Həkim - ginekoloq Rəşad Sultan isə deyib ki, hansı orqanı sağlamdırsa, verməyə hazırdır.
Xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd də öləndən sonra orqanlarını bağışlamağa hazırdır:
“Bütün orqanlarımı bağışlayaram ki, kimsə bundan şəfa tapsın, onu həyata qaytarsın. Böyük məmnuniyyətlə edərəm”.
Qeyd edək ki, bundan əvvəl tanınmış anestezioloq-reanimatoloq, uzman doktor Turanə Rəsulovanın könüllü olaraq orqan donoru kimi qeydiyyatdan keçib. Həkim bununla bağlı rəsmi sənədləri imzalayıb və beyin ölümü baş verəcəyi halda onun orqanlarının digər insanların həyatını xilas etmək üçün istifadə olunmasına razılıq verib. Turanə Rəsulova bu addımını humanist dəyərlərlə əsaslandırıb.
Öz orqanını bağışlayanlar sırasında Yeni Klinikanın direktoru, nefroloq Barat Yusubov da var. O, ölümündən sonra orqanlarının başqa insanlara köçürülməsinə razılıq verib. O, bütün orqanlarını bağışladığını açıqlayıb.
Azərbaycanda ilk dəfə ürək transplantasiyasını həyata keçirən Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev də orqanlarını bağışlayacağını vəsiyyət etdiyini bildirib.
Dünyada bir çox tanınmış şəxs ölümündən sonra orqanlarını bağışlayaraq başqa insanlara həyat verib. Bu cür nümunələr cəmiyyətə həm humanist mesaj verir, həm də orqan donorluğunun nə qədər vacib olduğunu göstərir. Məsələn, məşhur aktrisa Natasha Richardson 2009-cu ildə qəza nəticəsində vəfat etdikdən sonra onun ürəyi, qaraciyəri və böyrəkləri transplantasiya olunub və bir neçə xəstənin həyatını xilas edib. Pakistanın məşhur xeyriyyəçisi Abdul Sattar Edhi də vəfat edəndə göz kornealarını bağışlamışdı və iki insan yenidən görmə imkanı qazanmışdı. Hindistanın sevilən aktyoru Rajkumarın da ölümündən sonra gözləri donor kimi istifadə olunaraq bir neçə insana işıq olub.
Tarixdə isə ilk uğurlu ürək köçürülməsi 1967-ci ildə baş verib və həmin əməliyyatda donor gənc qadın Denise Darvall olmuşdu. Onun ürəyi başqa bir insana köçürülərək tibb tarixində yeni bir mərhələ açmışdı. Böyük Britaniyada 13 yaşında vəfat edən Jemima Layzell-in orqanları isə səkkiz müxtəlif insana köçürülmüş və bu hadisə ölkədə orqan donorluğuna marağı xeyli artırmışdı. Kanadalı Janis Babsonun göz kornealarının bağışlanması da kornea transplantasiyasının inkişafına ciddi təkan verən nümunələrdən sayılır.
Bundan başqa, bəzi məşhurlar hələ sağ ikən orqanlarını ölümündən sonra bağışlayacaqlarını açıqlayıblar. Onların məqsədi cəmiyyətdə bu mövzuya diqqət çəkmək və insanları donor olmağa təşviq etməkdir. Bu cür nümunələr göstərir ki, bir insanın ölümü belə başqa insanların həyatında ümidə və yeni başlanğıca çevrilə bilər. Orqan donorluğu təkcə tibbi məsələ deyil, eyni zamanda sosial, etik və humanitar dəyər daşıyan bir addımdır.
Afaq Mirayiq
Musavat.com






