İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan hədəfdə - Qardaş dəstəyi davam edir

1280 08.02.2026 21:05 Siyasət A A

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini və XİN başçısı Məhəmməd İshaq Dar telefon danışığı aparıblar.

Söhbət zamanı C.Bayramov İslamabadda baş verən partlayışla əlaqədar Azərbaycan Prezidenti, hökuməti və xalqı adından başsağlığı verib, Pakistanla həmrəyliyini ifadə edib.

"Baş nazirin müavini, xarici işlər naziri hücumu qətiyyətlə pisləyib və Pakistanın terror təhlükəsi ilə mübarizə əzmini bir daha təsdiqləyib. XİN başçıları həmçinin qarşılıqlı maraq kəsb edən cari regional və beynəlxalq hadisələri müzakirə edib, Pakistanla Azərbaycan arasındakı möhkəm tərəfdaşlığı təsdiqləyiblər", - nazirliyin məlumatında vurğulanıb.

Məlumat üçün bildirək ki, İslamabadda məsciddə baş verən terror aktı nəticəsində 31 nəfər ölüb. Bu, ilk belə hal deyil. Daha əvvəl də Pakistanda dəfələrlə terror hadisələri törədilib.

Politoloq Kənan Novruzov məsələ ilə bağlı Musavat.com-a açıqlama verərkən bunları deyib:

"Pakistan təsadüfi olaraq hədəf alınmır. Burada bir neçə amil mühüm rol oynayır. Birincisi, Pakistanın İslam dövləti olmasıdır. İkincisi, rəsmi İslamabadın gündən-günə güclənməsidir.

Üçüncüsü, Pakistanın nüvə silahına sahib olmasıdır. Dördüncüsü isə, qardaş dövlətin terrorçuluğa qarşı apardığı uğurlu mübarizədir. Bütün bunlar müəyyən gücləri narahat edir və onlar müxtəlif vasitələrlə, o cümlədən terrorla Pakistanın əzmini qırmaq istəyirlər.

Azərbaycan bütün çətin sınaqlarda həmişə Pakistanın yanında olub və dəstəyini, həmrəyliyini göstərib. Buna zəmin yaradan bir neçə faktor var. Birincisi, Azərbaycanın da Pakistan kimi İslam dövləti olması və tərəflərin fərql beynəlxalq təşkilatlarda əməkdaşlıq etməsidir. İkincisi, Azərbaycanın özünün uzun müddət terrordan əziyyət çəkməsidir. Belə olan halda Azərbaycan, əlbəttə, Pakistana dəstək olmalıdır. Üçüncüsü, rəsmi Bakının beynəlxalq hüquqa hörmətlə yanaşması və dövlətlərin ərazi bütövlüyünü dəstəkləməsidir. Dördüncüsü, Pakistanla düşmən olan Hindistanın Qarabağ həqiqətlərinə, Azərbaycana olan qeyri-adekvat münasibətidir. Beşincisi isə tərəflər arasında müxtəlif sahələrdə inkişaf edən əməkdaşlıqdır.

Onu da vurğulamaq lazımdır ki, bütün qeyd olunan məqamları nəzərə alaraq İslamabad da həmişə Bakını dəstəkləyib.

Pakistanda baş verən son hadisə bir daha göstərdi ki, İslam dövlətlərinə qarşı təzyiqlərin gələcəkdə artması mümkündür. Ancaq bu, İslam dövlətlərinin həmrəyliyini heç bir halda sarsıtmayacaq".

Cavanşir ABBASLI,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR