İnsanlara hürriyət, millətlərə istiqlal!

Papanın atəşkəs çağırışının arxasındakı mesaj

536 26.12.2025 09:20 Ölkə A A

Siyasi şərhçi: “Ukrayna müharibəsi Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas geosiyasi qarşıdurmalardan birinə çevrilib”

Ukraynada davam edən müharibə təkcə hərbi qarşıdurma deyil, eyni zamanda dini, humanitar və geosiyasi çağırışların toqquşduğu mürəkkəb beynəlxalq böhran mərhələsinə daxil olub. Milad bayramı ərəfəsində Papa XIV Leonun Ukraynada 24 saatlıq atəşkəs elan edilməsi ilə bağlı təşəbbüsü də məhz bu mürəkkəb fonun bir hissəsi kimi diqqət çəkir. “Vatican News”un məlumatına görə, pontifik Rusiyanın Milad atəşkəsi çağırışını rədd etməsini təəssüflə qarşıladığını bildirib və hərbi əməliyyatların dayandırılması üçün yenidən çağırış edib. Bu çağırışın real nəticə verib-verməyəcəyi, daha dəqiq desək, Kremlin belə bir addıma gedib-getməyəcəyi sualı beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

Azər Hüseynov

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan siyasi şərhçi Azər Hüseynov hesab edir ki, Papanın bu mövqeyi təkcə dini jest deyil, daha geniş geosiyasi mesajlar ehtiva edir: “Lakin bu açıqlamanın arxa planına diqqət yetirdikdə, məsələnin daha dərin siyasi və geosiyasi məna daşıdığı aydın olur. Əslində bu mövqe Avropanın Rusiyanın Ukraynada apardığı müharibəyə münasibətdə artan narahatlığının simvolik ifadəsidir. Avropa dövlətləri üçün əsas qorxu təkcə Ukrayna şəhərlərinin bombalanması və mülki itkilər deyil, Rusiyanın bu müharibədən qalib çıxacağı təqdirdə formalaşa biləcək yeni təhlükəsizlik mühitidir. Avropa siyasi düşüncəsində Rusiya faktoru tarixi yaddaşla sıx bağlıdır. Tarixi kontekstdə yanaşdıqda aydın olur ki, Rusiya indiyə qədər Avropanın aparıcı dövlətlərinin əksəriyyəti ilə birbaşa və ya dolayı hərbi qarşıdurmalar yaşayıb. Böyük Britaniya bu mənada qismən istisna sayıla bilər; Krım müharibəsindəki qarşıdurma daha çox koalisiya xarakteri daşımış, birbaşa və davamlı toqquşmaya çevrilməmişdi. Lakin Fransa ilə Napaleon müharibələri, İsveçlə uzun sürən savaşlar, Polşa ilə hərbi qarşıdurmalar və bu ölkənin ərazilərinin bölüşdürülməsi, Almaniya ilə iki dünya müharibəsi çərçivəsində yaşanan toqquşmalar, Avstriya ilə müharibələr Avropanın Rusiya ilə bağlı qorxularının tarixi əsaslarını formalaşdırıb. Bu, keçmiş Avropa siyasi elitlərinin kollektiv şüurunda bu gün də canlı şəkildə qalır. Məhz bu baxımdan Roma Papasının açıqlaması sıradan dini mövqe deyil, Avropa siyasi dairələrinin ümumi narahatlığını yumşaq, lakin təsirli dildə ifadə edən mesaj kimi oxunmalıdır”. 

Azər Hüseynov qeyd edir ki, müasir Avropada dinin siyasi təsiri əvvəlki dövrlərlə müqayisədə zəifləsə də, Papa fiquru hələ də ciddi mənəvi və siyasi nüfuza malikdir: “O, bir çox hallarda Avropa ailəsinin ortaq mövqeyini beynəlxalq ictimaiyyətə çatdıran simvolik siyasi aktor rolunu oynayır. Bu mənada Papanın Rusiyaya yönəlik çağırışı Avropanın "Rusiya təhlükəsi" ilə bağlı dərin qorxularının açıq göstəricisidir. Digər tərəfdən, Vladimir Putinin seçkilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi mesajlar da diqqət çəkir. Bu açıqlamalar Rusiyanın daxili siyasi proseslər baxımından özünə inamını nümayiş etdirir. Kreml müharibəyə baxmayaraq dövlət institutlarının işlək vəziyyətdə olduğunu və siyasi proseslərin nəzarət altında davam edəcəyini göstərməyə çalışır. Eyni zamanda bu, Rusiyanın Ukraynada əldə etdiyi mövcud nəticələri artıq reallıq kimi qəbul etdirmək niyyətinin də ifadəsidir. Moskva hesab edir ki, istər indiki, istərsə də gələcək Ukrayna hakimiyyəti bu nəticələrlə barışmaq məcburiyyətində qalacaq. Bununla yanaşı, Ukrayna cəbhəsində Rusiyanın tam və mütləq dominantlığından danışmaq da doğru olmaz. Doğrudur, hərbi, iqtisadi və siyasi baxımdan müəyyən üstünlük Rusiyanın tərəfindədir, lakin bu üstünlük hələlik tam və dəyişməz xarakter daşımır. Ukrayna ordusu müqavimət göstərməkdə davam edir və Qərbin verdiyi hərbi-texniki dəstək cəbhədə müəyyən tarazlıq yaradır. Bu səbəbdən müharibənin nəticəsi hələ də açıq qalır və atəşkəs məsələsi tərəflər üçün ciddi strateji alətə çevrilir. Milad atəşkəsinin əldə olunması müəyyən mənada Rusiyanın maraqlarına da cavab verə bilər. Uzun müddət davam edən müharibə Rusiya ordusunu və iqtisadiyyatını yorub, resurslar üzərində ciddi təzyiq yaradıb. Qısamüddətli də olsa, atəşkəs Moskva üçün həm hərbi, həm də siyasi baxımdan fasilə imkanı yarada bilər. Lakin Kreml üçün əsas məsələ bu atəşkəsin hansı şərtlərlə və hansı siyasi nəticələrlə baş tutacağıdır. Rusiya atəşkəsi zəiflik deyil, strateji üstünlük kimi təqdim etmək istəyir. Bu prosesdə ABŞ-nin mövqeyi həlledici olaraq qalır. Vaşinqton rəsmi açıqlamalarda atəşkəsi və diplomatik həlli dəstəklədiyini bildirsə də, reallıqda burada ciddi maraqlar mübarizəsi gedir. ABŞ üçün Ukrayna müharibəsi təkcə regional münaqişə deyil, eyni zamanda Rusiyanı uzunmüddətli perspektivdə zəiflətmək vasitəsidir. Bu ikili yanaşma Ukrayna rəhbərliyində də müəyyən məyusluq yaradıb. Məhz bu səbəbdən Volodimir Zelenski getdikcə ABŞ-dən çox Böyük Britaniyaya yaxınlaşmağa başlayıb".

Siyasi şərhçi əlavə edib ki, London Ukraynanın ərazi bütövlüyünün qorunmasında və Zelenskinin siyasi hakimiyyətinin davamında daha açıq və ardıcıl mövqe sərgiləyir: “Rusiyadan real təhlükə hiss edən Avropa dövlətləri də bu xətti dəstəkləyir və Ukraynanı öz təhlükəsizliklərinin ön xətti kimi görürlər. Ukraynanın zəifləməsi Avropanın birbaşa təhlükəsizlik boşluğu ilə üzləşməsi deməkdir. Beləliklə, Roma Papasının açıqlamasından tutmuş Avropa dövlətlərinin mövqeyinə, ABŞ-nin ikili siyasətindən Zelenskinin Böyük Britaniyaya yaxınlaşmasına qədər bütün bu proseslər bir-biri ilə sıx şəkildə bağlıdır. Ukrayna müharibəsi artıq lokal bir qarşıdurma deyil, Avropanın gələcək təhlükəsizlik arxitekturasını müəyyən edən əsas geosiyasi qarşıdurmalardan birinə çevrilib. Bu müharibənin taleyi yalnız cəbhədəki vəziyyətlə deyil, eyni zamanda böyük güclər arasındakı strateji hesablaşmalarla müəyyən olunacaq və atəşkəs də bu mürəkkəb oyunda yalnız müvəqqəti mərhələ kimi qalacaq”.

Yazını hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR