İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Qarabağ məsələsi bitdi” dedi, bəs erməni xalqı nə deyir?

1243 13.12.2025 15:45 Analitika A A

Dəfələrlə ən yüksək səviyyədə bəyan edilib, yazılıb: Azərbaycan Nikol Paşinyanın “Mülki Müqavilə” partiyası ilə yox, məhz erməni xalqı ilə, Ermənistanla sülh sazişi imzalamaq niyyətindədir. Elə bir sənəd ki, qonşu ölkədə hakimiyyət sükanı arxasında kimin durmasından asılı olmayaraq, bütün dönəmlər və zamanlar üçün öz legitimliyini, beynəlxalq hüquqi qüvvəsini saxlasın.

Əfsus ki, bu, yalnızca rəsmi Bakının istəyinə, xoş məramına bağlı məsələ deyil. Prezident Donald Trampın sevimli ifadəsi ilə və obrazlı ifadə eləsək, “Tanqo” bir nəfərlə oynanılmaz, bunun üçün iki nəfər lazımdır...

“İndi bizə taleyimizi dəyişmək şansı verilib”.

Bu sözləri Almaniyaya bu həftə reallaşdırdığı səfər çərçivəsində Hamburqda erməni jurnalistlərlə görüşündə Ermənistan baş naziri bildirib.

Əslində bu son şansdır. Bakı və Ankaranın verdiyi sonuncu şans. İqtidarlı-müxalifətli erməni cəmiyyətinə, erməni lobbisinə, erməni kilsəsinə tanınan axırıncı şans. Hər halda erməni toplumu belə unikal fürsəti bir də çətin tapa.

Bu xüsusda Paşinyanın çıxışın davamında söylədikləri də diqqətə layiqdir. Sitat: “Sülh bərqərar olub, Qarabağ məsələsi həll edilib, bütün məsələlər həll olunub – həm Azərbaycanın məsələsi həll olunub, həm Ermənistanın məsələsi həll olunub, həm regionun məsələsi həll olunub. Bizə yalnız bu qərarlar çərçivəsində qalmaq, təxribatlara uymamaq, təxribat xarakterli bəyanatlar verməmək qalır”...

Ermənistan lideri "Qarabağ məsələsi bağlandı" deyir, bəs onun xalqı nə deyir görəsən?

Bunu da yəqin ki, qarşıdakı parlament seçkilərində hakim partiyaya seçici dəstəyindən biləcəyik. Nəhayət, konstitusiya referendumu zamanı lap dəqiq öyrənəcəyik.

Amma hələ ki, yazının başlığındakı sual bütün ciddiliyi ilə öz aktuallığını saxlayır. Bunu ABŞ şirkəti Gellup-un Ermənistanda təzəcə keçirdiyi sorğu da təsdiqləyir. Problem ondadır ki, rəyi soruşulanların 57 faizi (!) hazırkı konstitusiyanın dəyişilməz saxlanmasının tərəfdarı olduğunu bildirib.

Böyük rəqəmdir əlbəttə. Bu o anlama gəlir ki, Ermənistan əhalisinin əksəriyyəti günü bu gün də ələ düşən tarixi şansın fərqində deyil və mifik “artsax” uğrunda yeni müharibənin tərəfdarıdır. Çünki indiki konstitusiya Azərbaycana qarşı ərazi iddiasını ehtiva eləməsi səbəbi ilə məhz potensial müharibə konstitusiyası sayılır. Və bu həm də o deməkdir ki, kapitulyant ölkə əhalisinin yarıdan çoxu Qarabağ məsələsini bitmədiyini xəyal edir...

Doğrudur ötən il bu rəqəm daha böyük olub – təxminən 80%. Ümid edək ki, Paşinyan komandası seçkilərədək vəziyyəti öz xeyrinə dəyişə biləcək. Geridönməz şəkildə. Hər necə olmasa, yeni konstitusiya əleyhdarları Paşinyan elektoratı sayılmaz. Radikal-revanşistlərin “sosial bazası” sayılar.

Zaman isə gedir, vaxt daralır. Bir azdan Rusiyanın başı Ukrayna böhranlından ayılacaq. Moskvanın Güney Qafqazda davamlı sülh və sabitlikdə nə dərəcədə maraqlı olduğu isə ağlı kəsən hərə kəsə məlumdur. Tələsmək zamanıdır. Azərbaycanlıq bir şey yox. Bakı çoxdan öz sözünü deyib, hətta böyük sülh naminə Ermənistana, Paşinyan hökumətinə mümkün bütün köməklikləri edir.

Top çoxdan hayların meydanında. Son söz erməni xalqının. Bu xalqa, nəhayət, qonşularla sülh və əmin-amanlıq içində yaşamaq lazımdır, yoxsa Ermənistanın sonunu gətirəcək yeni dağıdıcı müharibə?..

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR