İnsanlara hürriyət, millətlərə istiqlal!

20 ölkədə yaşayan ermənilər Paşinyana qarşı birləşdilər

2609 20.07.2026 16:28 Son xəbər A A

Ermənistanın xarici ölkələrdə yaşayan minlərlə vətəndaşı baş nazir Nikol Paşinyan hakimiyyətinin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərə qarşı birgə bəyanat yayıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, müraciət müəllifləri hakim "Vətəndaş Müqaviləsi" Partiyasının təşəbbüsü ilə qəbul edilən yeni qaydalar yüz minlərlə Ermənistan vətəndaşını seçki hüququndan məhrum etdiyini və ölkədə emokratik prinsiplərə ciddi zərbə vurur.

Etirazın səbəbi iErmənistan parlamentində bir neçə gün əvvəl qəbul edilən Seçki Məcəlləsinə dəyişikliklərdir. Yeni qanuna əsasən, parlament seçkilərində və referendumlarda yalnız son iki il ərzində ən azı 366 gün Ermənistan ərazisində daimi yaşamış vətəndaşlar səs verə biləcəklər. Bu şərt növbəti seçkilərə 48 gün, növbədənkənar seçkilərə isə 28 gün qalmış yerinə yetirilməlidir.

Xaricdə yaşayan ermənilər bu qərarın ictimai müzakirə keçirilmədən, yalnız hakim partiyanın səsləri ilə qəbul olunduğunu bildirirlər. Onların fikrincə, dəyişikliklər seçki sisteminin təkmilləşdirilməsinə deyil, hakimiyyətin öz siyasi mövqeyini qoruyub saxlamasına hesablanıb.

Bəyanatda qeyd olunur ki, seçki hüququnun yaşayış müddəti ilə məhdudlaşdırılması həm anti-demokratik, həm də ayrı-seçkilik xarakteri daşıyır.


1 il sonra Ermənistanda seçki keçiriləcək

"Dəyişikliklər ictimai müzakirə olmadan, seçicilərin iradəsini dəfələrlə pozmuş bir siyasi qüvvənin iradəsi ilə qəbul edilib. Vətəndaşların bir hissəsinin səsvermə hüququndan məhrum edilməsi demokratiya prinsiplərinə ziddir", – müraciətdə vurğulanır.

Müraciət müəllifləri bildirirlər ki, xaricdə yaşamaları onların Ermənistanla əlaqələrinin kəsilməsi demək deyil. Onlar Ermənistan vətəndaşlığından imtina etmədiklərini, ölkənin ictimai-siyasi proseslərini yaxından izlədiklərini və dövlət qarşısında məsuliyyət daşıdıqlarını qeyd edirlər.

"Biz vətəndaşlığımızdan imtina etməmişik və Vətənlə əlaqəmizi itirməmişik. Buna görə də heç kimin bizi konstitusion seçki hüququmuzdan məhrum etməyə haqqı yoxdur", – bəyanatda deyilir.

Etiraz edənlərin fikrincə, yeni qanun gələcək parlament seçkilərinin və ya mümkün referendumun nəticələrinə təsir göstərmək məqsədi daşıyır. Onlar hesab edirlər ki, xaricdə yaşayan Ermənistan vətəndaşlarının seçki prosesindən kənarda saxlanılması gələcək səsvermələrin legitimliyini sual altına salacaq və hakimiyyətə əlavə siyasi üstünlük qazandıracaq.

Müraciətdə Ermənistan daxilində və xaricdə yaşayan bütün vətəndaşlara birlik nümayiş etdirmək çağırışı da yer alıb. Bəyanat müəllifləri hesab edirlər ki, yeni qanun cəmiyyəti parçalayır və Ermənistan vətəndaşlarını "ölkədə yaşayanlar" və "xaricdə yaşayanlar" kimi iki qrupa ayırır.

Bəyanatı ABŞ, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Kanada, İsveç, Danimarka, İtaliya, Niderland, Belçika, İsveçrə, Estoniya, İspaniya, İran, Suriya, Küveyt, Malayziya, Gürcüstan və digər ölkələrdə yaşayan 60-dan çox Ermənistan vətəndaşı imzalayıb. İmza atanlar arasında Qaqik Miridjanyan, Narine Arakelyan, Sona Sukiasyan, Arpine Martirosyan, Vaaq Aqakaryan, Artak Arzumanyan və digər tanınmış diaspor nümayəndələri də var.


Bundan əvvəl, iyulun 16-da Ermənistanın keçmiş ombudsmanı Aram İşxanyan Seçki Məcəlləsinə edilən dəyişikliklərin ləğvi məqsədilə xüsusi işçi qrupunun yaradıldığını açıqlamışdı. O, yeni qaydaların Ermənistan Konstitusiyasına zidd olduğunu və ölkədən kənarda yaşayan vətəndaşların fundamental seçki hüquqlarını məhdudlaşdırdığını bildirmişdi.

Hakimiyyətin təşəbbüsünə parlament müxalifəti də etiraz edir. "Ermənistan" fraksiyası qəbul edilən dəyişikliklərin Konstitusiya Məhkəməsində mübahisələndiriləcəyini açıqlayıb. Müxalifət hesab edir ki, yeni normalar Ermənistan Konstitusiyası ilə təmin edilən ümumi və bərabər seçki hüququ prinsipini pozur.
Beləliklə, Seçki Məcəlləsinə edilən son dəyişikliklər Ermənistan daxilində siyasi mübahisələri daha da dərinləşdirib. Xaricdə yaşayan ermənilərin etiraz kampaniyasının genişlənməsi və müxalifətin məsələni Konstitusiya Məhkəməsinə çıxarmaq niyyəti göstərir ki, seçki qanunvericiliyi ətrafında mübarizə yaxın aylarda ölkənin əsas siyasi gündəm mövzularından biri olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR