Azərbaycan Ordusunda son illərin ən səs-küylü korrupsiya cinayətlərindən biri üzrə məhkəmə başa çatıb. Dövlət Təhlükəsizliyi Xidmətinin ifşa etdiyi, dövlət büdcəsinə milyonlarla manat ziyan vurulduğu cinayət işi üzrə məhkum edilmiş Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin ümid bağladığı son məhkəmə instansiyası da onun xeyrinə qərar verməyib.
Musavat.com xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılan kassasiya şikayəti təmin edilməyib.
Bununla da Bakı Hərbi Məhkəməsinin çıxardığı hökm və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarı dəyişdirilmədən saxlanılıb. Beləliklə, Rəşad Məlikzadə barəsində təyin edilmiş 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvəsini qoruyub.
Rəşad Məlikzadə 2022-ci il sentyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılmışdı. Həmin dövrdə hərbi maliyyə sistemində aparılan araşdırmalar cəmiyyətdə ciddi rezonans doğurmuş, dövlət vəsaitlərinin talanması ilə bağlı geniş müzakirələr başlamışdı.
İstintaq müəyyən etmişdi ki, Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin rəisi kimi çalışan Rəşad Məlikzadə vəzifə səlahiyyətlərindən istifadə etməklə dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaiti qanunsuz olaraq mənimsəyib. İttihama görə, müxtəlif maliyyə sənədlərinin saxtalaşdırılması və digər qanunsuz mexanizmlər vasitəsilə dövlətə 9 milyon 369 min 411 manat məbləğində ziyan vurulub. Məhkəmə Rəşad Məlikzadəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilib.
Bakı Hərbi Məhkəməsi onun barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Hökmə əsasən, məhkumun əmlakının müsadirə olunması barədə də qərar çıxarılıb.
Cinayət işi üzrə məlum olub ki, Rəşad Məlikzadə dövlətə vurulan ziyanın 848 min manatını istintaq və məhkəmə araşdırmaları dövründə dövlət büdcəsinə ödəyib. Lakin bu, vurulduğu bildirilən ümumi ziyanın cüzi hissəsini təşkil etdiyindən məhkəmə bunu cəzanın dəyişdirilməsi üçün əsas hesab etməyib.
Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan müdafiə tərəfi Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, apellyasiya instansiyası hökmün qanuni və əsaslı olduğu qənaətinə gələrək onu qüvvədə saxlayıb.
Son ümid kimi Ali Məhkəməyə kassasiya şikayəti verilib. Lakin bu instansiya da aşağı məhkəmələrin gəldiyi nəticələri dəyişmək üçün hüquqi əsas görməyib və kassasiya şikayətini təmin etməyib. Beləliklə, Rəşad Məlikzadə barəsində çıxarılmış hökm artıq yekun hüquqi qüvvəyə minib.
Rəşad Məlikzadənin cinayət işi son illər Azərbaycan Ordusunda aşkar edilmiş ən iri maliyyə korrupsiyası faktlarından biri kimi yadda qalıb. Dövlət büdcəsinə 9 milyon 369 min manatdan artıq ziyan məbləği bu işi hərbi maliyyə sahəsində açılmış ən böyük cinayət işlərindən birinə çevirib.
Qeyd edək ki, həmin dövrdə Müdafiə Nazirliyinin müxtəlif maliyyə orqanlarında çalışan digər vəzifəli şəxslər barəsində də analoji ittihamlarla cinayət işləri başlanmış, onların bir qismi uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdi.
E.Məmmədəliyev,
Musavat.com






