Milli Məclisin iclasında çıxış edən deputat Sahib Alıyev Ermənistan rəhbərliyinin son addımlarından bəhs edib.
Musavat.com-un məlumatına görə, deputat deyib:
“Son yarım ayda iki dəfədir ki, eyni qurumun, yəni Avrasiya İqtisadi İttifaqının fərqli formatlı toplantılarında Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinə daşınan yüklərə qoyulan qadağanın aradan qaldırılmasına və ikitərəfli ticarətdə atılan ilk addıma görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edir. Mən də öz növbəmdə Ermənistan baş nazirini təbrik edirəm ki, selektivçiliyə, arada yenə ziddiyyətli davranışa yol versə də, Azərbaycanın göstərdiyi xeyirxahlığa qarşı tərəfdən ilk dəfədir ki, azacıq da olsa, adekvat reaksiya görürük.
Selektivçilik deyərkən, verilən sualları cavablandıranda səsləndirdiklərini nəzərə almasaq, Nikol Paşinyanın Qərbdə qatıldığı tədbirlərdə bu təşəkkür məsələsini nədənsə unutmağa üstünlük verdiyini nəzərdə tuturam”.
Sahib Alıyev digər məqama da diqqət çəkib:
“Ziddiyyətlilik isə ondadır ki, Ermənistan baş naziri bir tərəfdən tamamilə əsassız olaraq Qərbi Azərbaycan İcmasıyla başında imperiya agentlərinin və terrorçuların durduğu “Krunk”u eyniləşdirərək, Qarabağı özləri tərk edən hayların ora dönüşləri ilə Ermənistandan deportasiya olunanların məsələsinin ikitərəfli formatda keçirilən danışıqlarda həllini təklif edir, digər tərəfdən Avropa İttifaqıyla imzaladıqları sənəddə biz bunun əksini görürük. Yəni Ermənistan rəhbərliyi öz maraqlarına cavab verəndə məsələni beynəlmiləlləşdirməyə, çoxtərəfli platformaya daşımağa çalışırlar. Amma unudurlar ki, son 5 ildə bu qəbildən olan hərəkətləri onlara acı təcrübədən başqa heç nə verməyib.
Bir tərəfdən Erməniləri Rusiyaya xidmətdə suçlandıraraq, onlara təzyiq göstərən, 3 arxiyepiskop, bir yepiskopu həbsə atdıran Ermənistan baş nazirinin digər tərəfdən Moskvanın rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxması, Rusiyada keçirilən ikinci-üçüncü dərəcəli tədbirlərə belə böyük həvəslə qatılması ziddiyyətlilik deyil, bəs nədir? Bu, əlbəttə, onların öz işləridir, sadəcə ona görə xatırladıram ki, baş aldatdıqlarını düşünürlərsə yanılırlar.
Azərbaycan xalqı bunu gözəl dərk edir və onu da bilir ki, Ermənistana nə böyük qazanc güdülməsi səbəbindən benzin satılmasına razılıq verilib, nə də bu, onların təşəkkürünə ehtiyac duyduğumuz üçündür. Azərbaycan bununla bir daha göstərir ki, Brüsseldədirlər, ya qulağımızın dibində fərqi yoxdur, hər hansı güc cənab İlham Əliyevin regiona gətirdiyi sülhə qarşı hərəkətə keçdiyi təqdirdə biz də seyirçi qalmır, gərəkən əks tədbirləri görürük və görəcəyik”.
E.Paşasoy,
Musavat.com






