Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 19 yanvarda jurnalistlərlə söhbətində bildirib ki, Türkiyə tərəfi “Alican” keçid məntəqəsini, Ermənistan tərəfi isə “Marqara” keçid məntəqəsini yenidən açacaq.
"Gələcək hadisələrlə bağlı hələlik susmağa icazə verin. Vaxtı çatanda hər şeyi açıqlayacağam. 2022-ci ildən bəri sərhədin üçüncü ölkələr və diplomatik pasport sahibləri üçün açıq olması barədə razılıq var”, - deyə Rubinyan qeyd edib.
Parlamentin sədr müavini günü sabah sərhədlərin tam açılmasını və diplomatik münasibətlərin qurulmasını istədiklərini vurğulayıb.
Bir sıra yerli analitiklər isə Paşinyan hökumətinin iyunda keçiriləcək parlament seçkilərinə Ermənistan-Türkiyə sərhədlərinin tam açılması şəraitdə getmək istədiyini iddia edir. Bəs seçkiyə qədər bu mümkünmü?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Ermənistanla Türkiyə arasında münasibətlər normallaşma istiqamətində davam etməkdədir və Azərbaycanla Ermənistan arasında münasibətlər müəyyən axara düşdükcə Türkiyə-Ermənistan əlaqələrində də normallaşma prosesi gedir:
“Türkiyə ilə münasibətlərin normallaşması Paşinyan üçün seçkiqabağı dividentlər deməkdir. Ermənistanda həlledici seçkilər keçiriləcək. Ya erməni cəmiyyəti Paşinyanın təşəbbüslərinə dəstək verərək, onun hakimiyyətdə qalmasını təmin edəcək, ya da revanşist qüvvələri dəstəkləməklə regionda yenidən gərginliyin yaranmasına şərait yaratmış olacaq. Hesab edirəm ki, bu gün erməni cəmiyyətinin əhəmiyyətli hissəsi sonuncu variantı istəmir. Qarşıdakı aylarda Türkiyə-Azərbaycan münasibətlərinin yaxşılaşması istiqamətində əlavə addımlar atılacaq”.
Politoloqa görə, Ermənistanla bağlı siyasətdə Azərbaycanla Türkiyə sinxron hərəkət edir. Bu koordinasiyalı və məsləhətləşməli siyasət öz nəticələrini verməkdədir:
“Türkiyə və Ermənistan arasında çarter reyslərinin açılması ilə bağlı addımlar atılıb. Ola bilsin, mart ayından Türk Hava Yollarının Ermənistana müntəzəm reysləri açılsın. Bundan başqa elektrik şəbəkələri ilə bağlı müəyyən addımların atılması gözlənilir. Sərhəd-keçid məntəqələrinin modernləşdirilərək açılışa hazır vəziyyətə gətirilməsi, Ermənistana müəyyən yüklərin məhz Türkiyə ərazisindən keçirilməsinə şərait yaradılması da mümkün ola bilər.
Bunlar hamısı seçkiyədək olan müddətdə atılacaq addımlar ola bilər. Amma şübhəsiz ki, tam şəkildə normallaşma yalnız Bakı və İrəvan arasında yekun sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq”.
Etibar SEYİDAĞA,
Musavat.com






