Ermənistan parlamentində “Daşınmaz tarix və mədəniyyət abidələrinin, eləcə də tarixi mühitin qorunması və istifadəsi haqqında” qanuna və əlaqəli normativ aktlara dəyişiklikləri nəzərdə tutan qanun layihəsi ikinci və yekun oxunuşda müzakirə edilib.
Musavat.com xəbər verir ki, layihəyə əsasən, dövlət siyahısına daxil edilmiş dini obyektlərin – kilsə, monastır, məbəd, kapella və digər ibadət tikililərinin – üçüncü şəxslərə ödənişli və ya ödənişsiz şəkildə özgəninkiləşdirilməsi yalnız Ermənistan hökumətinin razılığı ilə mümkün olacaq.
Hazırkı qanunvericiliyə görə, abidələrin özgəninkiləşdirilməsi zamanı səlahiyyətli orqanın əvvəlcədən yazılı şəkildə məlumatlandırılması kifayət edir və hökumətin ayrıca razılığı tələb olunmur.
Layihənin müəllifləri – hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputatlar Sisak Qabrielyan və Takuhi Kazaryan – bildirirlər ki, dəyişikliklər dini və mədəni irsin qorunması baxımından vacibdir. Onların fikrincə, dövlət belə hallarda sövdələşməni ya təsdiqləmək, ya da ictimai maraqlara zidd olduğu təqdirdə rədd etmək hüququna malik olmalıdır.
Sənədə əsasən, mülkiyyətçi sövdələşmə layihəsini və mülkiyyət hüququnu təsdiq edən sənədləri əvvəlcədən səlahiyyətli quruma təqdim etməlidir. Hökumət iki ay müddətində cavab verməlidir. Bundan əlavə, əgər əmlakın təyinatı üzrə istifadə olunmaması riski yaranarsa, ictimai maraqlara zidd hallar aşkar edilərsə və ya sənədlərin saxta olduğu müəyyənləşərsə, hökumət əvvəl verdiyi razılığı geri götürə biləcək. Bu tələblərin pozulması isə sövdələşməni etibarsız sayacaq.
Qanun layihəsi parlament komissiyasında hakim partiyanın səsi ilə müsbət rəy alsa da, müxalifət təşəbbüsü sərt tənqid edib.
Müxalif “Ermənistan” blokundan deputat Lilit Qalstyan bildirib ki, layihənin real əsasları yoxdur və bu sahədə presedent mövcud deyil. Onun sözlərinə görə, Eçmiədzin kilsəsinin nümayəndələri dəfələrlə dini tikililərin özgəninkiləşdirilməsinə qəti şəkildə qarşı olduqlarını bəyan ediblər.
Qalstyan hesab edir ki, bu təşəbbüs Ermənistan Apostol Kilsəsinə qarşı aparılan kampaniyanın tərkib hissəsidir və kilsənin nüfuzuna zərbə vurmaq məqsədi daşıyır.
Musavat.com






