Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələri arasında Rusiyaya məxsus dondurulmuş aktivlərin müsadirəsi ilə bağlı yaranmış fikir ayrılıqlarını “fenomenal situasiya” adlandırıb.
Musavat.com xəbər verir ki, Peskov bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Qərbdə heç kim bu addımın məsuliyyətini öz üzərinə götürmək istəmir, lakin “puldan imtina edən də yoxdur”. Peskov bildirib ki, mümkün müsadirəyə görə həm ayrı-ayrı şəxslər, həm də bütöv ölkələr cavabdeh olacaq.
“Onların danışdıqları məbləğ o qədərdir ki, ukraynalıları daha bir neçə il mərmi kimi xərcləməyə kifayət edər”, – Kremlin sözçüsü əlavə edib.
Musavat.com qeyd edir ki, Peskovun bu sərt açıqlaması Qərb daxilində artan siyasi və maliyyə ziddiyyətlərinin açıq şəkildə üzə çıxması kimi qiymətləndirilir.
Musavat.com






