İnsanlara hürriyət, millətlərə istiqlal!

Piylənmiş yazar

1550 15.11.2025 10:15 Yazarlar A A

Dünyada təkcə aclıqdan əziyyət çəkənlər yaşamır, toxluqdan, piylənmədən də həyatı zülümə dönənlər vardır. Bunların siyahısına Amerika Samoası adlı cırtdan okean dövləti başçılıq edir. ABŞ-a tabe ərazidir, orda 55 min adam var və onların 75 faizi piylənib. Maraqlıdır ki, həmin piylənmə siyahısında ilk 15 yeri tutan dövlətlərin demək olar hamısı (Küveyt və Karib dənizindəki Kayman adalarını çıxmaq şərtiylə) Sakit okean adalarıdır. Balaca ərazidə yaşayırlar, gəzməyə yerləri azdırmı? Yoxsa nəsə qida problemidir - dəqiq bilmirəm, məqsədimiz də bu deyil. 16-cı yerdəki dövlət isə ABŞ-dır. Yəni, həmin karikatur dövlətcikləri çıxsaq, dünyada kökəlmədən əziyyət çəkənlərin lideri məhz amerikalılardır. ABŞ camaatının 36 faizi piylənib. 

Və dünən xəbər gördüm, yazmışdılar ki, sən demə ABŞ Dövlət Departamenti təzə qərar çıxarıb, viza verəndə bəzi xəstəlikləri də nəzərə alacaqlar, onların içərisində isə... piylənmə də var imiş. 

Anekdot kimi zəmanədə yaşayırıq, vallah. Dünyanın ən piylənmiş ölkəsi başqalarına viza verəndə baxacaq ki, onlar da piyləniblər, ya yox. Əgər çəkiləri çox olsa, ABŞ-a girməyə icazə verməyəcəklər. 

Rəhmətlik Stefan Sveyq müəllimdən sitatın yeridir: “Amerikanı Kolumb kəşf eləyib, ancaq ora Ameriqo Vespuççinin adını qoyublar”. Ədalətsizlikdir. Dünya birliyi isə buna dözür. 

Yenə Allaha şükür, biz ölkəmizə turist və sairə qonaq qəbul eləyəndə onun qarnına baxmırıq. Ümumiyyətlə, insanı qarnına yox, geyiminə görə qarşılayar, cibinin puluna uyğun da yola salarlar. Atalarımız belə söyləmişdir. Təxminən. Düzdür, hazırda koronavirus tüğyan etdiyi üçün sərhədlərimiz ümumiyyətlə bağlıdır, lakin bunun sonu olacaqdır. Heç nə əbədi deyil, bu Ayın-Günəşin altında. Günəşin özü də 4-5 milyard ilə sönməlidir. Mən heç, oxucularım yəqin bunu görəcəkdir. 

Mənim yadıma gəlir, deyəsən viza üçün barmaq izi alınmağını da dünyada ilk dəfə elə amerikalılar tətbiq eləmişdilər. Bin Ladenin Nyu York müsibətindən sonrakı illərdə tətbiqat ortaya çıxmışdı. Hətta bizim bir ölüvay müxalifətçi guya barmaq izi alınmasına etiraz edib o çağlar ABŞ səfərindən imtina eləmişdi. Biz də çəpik çalmışdıq, urrey demişdik, halbuki, həmin radikal yoldaşın əlinin çıxmadığı cib qalmamışdı. Ancaq həmin ciblər hamısı yəqin milli ciblər imiş. Romantik epoxa idi, məsələn, belə bir afyorizmdən də orqazm keçirənlər var idi: “Öz millətimin diktatoru, başqa millətin demokratından mənə əzizdir”. Bunu deyib vağzal tərəfdə fıştırıq çalırdılar. 

Sözgəlişi, elə həmin barmaq izi kartotekası toplamaq da əziz Amerika müəllimin şirin zarafatlarından biri idi, çünki dünyada yəqin ki, ora-bura ən çox barmaq izi buraxanlardan biri elə ABŞ olardı. İnsafən, bəzən bu izlər Koreya, Yaponiya, Almaniya-filan kimi yaxşı nəticələr  verirdi, ancaq xalqdan xalqa fərq, barmaqdan barmağa fərq qədərdir. Əsas odur dünyada iz qoyasan. Bizim bayatıda deyilən kimi, tikmədi İsfəndiyar özü qalsın, tikdi ki, yeddi nəfərə satsın. 

Belə hadisələr çoxdur. Məsələn, son aylarda bizə qəribə videolar göstərirlər: okeanda hansısa gəmi gedir, yuxarıdan onun təpəsinə daş salırlar (yəni, raket), sonra dünyanın ən hegemon dövlətinin lideri altdan yazır ki, bəs, bu gəmi ilə Venesueladan bizə tərəf narkotik daşıyırdılar, əcəb elədik batırdıq. Əlac nədir, biz də hamıya qoşulub alqışlayırıq. 

Halbuki, normal, sivil, dünyəvi, hüquqi, be-em-teyi, konvensiayi, canım sənə desin, xristiani-müsəlmani-iudeyi adətlər və sairə və ilaxır indiki dövrdə kimisə məhkəməsiz-filansız batırmağı qadağan eləməli idi. Gəmi narkotik gətirir, zəhmət çək, tut, içindəkini göstər, ondan sonra lap ürəyin çəkirsə batır. Yoxsa “babam mənə kor deyib, gəlib-gedəni vur” deyib tezisinə qalsa, bunu elə Putin də tətbiq eləyir. 

Ya da mən özüm də piylənmişəm ki, bu cür şeylər fikirləşir və yazıram. 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR