Həm Azərbaycan, həm də Ermənistan ABŞ üçün getdikcə daha vacib ölkələrin durumuna gəlib. Çünki bu iki ölkə Moskvadan uzaqlaşıb TRIPP-i dəstəkləyib, həmçinin, İran ətrafında gərginlik şübhəsiz, Cənubi Qafqaza da yayılacaq”.
Bunu, ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi, tanınmış politoloq Pol Qobl deyib.
Qoblun sözlərinə görə, vitse-prezident Bakı və İrəvanda “hər iki tərəfi ABŞ-ın dəstəyinə inandırmaq və seçdikləri istiqaməti təşviq etmək” üçün olub. “Ayrı bir məsələ Bakı və
İrəvan arasında sülh anlaşması pozularsa, Vaşinqtonun reaksiya verməyə hazır olmasıdır. Münaqişə sonrası qarşılıqlı pozuntu ittihamları qeyri-adi hal deyil və Cənubi Qafqaz da mümkündür. Vaşinqton hər iki tərəfin çox yaxşı başa düşür. Bir tərəf, ehtimal ki, digərini 2025-ci ilin avqustunda Trampın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı pozmaqda ittiham edə bilər. ABŞ-nin vəzifəsi hökm vermək deyil, bu cür ittihamların açıq eskalasiyaya çevrilməsinin qarşısını almaqdır”.
Politoloqa görə, söhbət vəziyyəti cilovlamaqdan və idarə etməkdən, həmçinin, razılaşmaya və ona sədaqətlə əməl edənlərin hamısına Amerikanın dəstəyini təmin etməyə tərəflərin inamından gedir:
“Bu kontekstdə Vensin səfəri rəsmi jest kimi deyil, regional qeyri-müəyyənliyin artdığı bir dövrdə Vaşinqtonun Cənubi Qafqazda sabitliyi və təsirini qorumaq strategiyasının bir hissəsi kimi görünür”.
Qobl nəyə işarə edir? Bakı və İrəvan arasında sülh anlaşmalarının pozulma ehtimalı varmı?
Siyasi ekspert Oqtay Qasımov Musavat.com-a deyib ki, 8 avqust razılaşmasından sonra liderlər mətbuat konfransında münaqişənin keçmişdə qaldığını bəyan ediblər:
"Altı ay ərzində bu istiqamətdə mühüm addımlar atılıb: Azərbaycan tranzit embarqosunu qaldırıb, nəticədə Rusiya və Qazaxıstan taxılı Ermənistana daşınır, Bakı yanacaq məhsullarının tədarükünü həyata keçirir, müxtəlif səviyyələrdə komissiyalar təşkil olunur, görüşlər keçirilir. Əbu-Dabidə də liderlər sülhə sədaqəti bəyan ediblər. Ona görə də eskalasiya riski sıfıra enib. O halda mümkündür ki, revanşistlər iqtidara gələ və razılaşmanı poza".
.jpg)
O. Qasımov onların hakimiyyətə gəlməl şanslarının isə olmadığını düşünür:
"Vensin İrəvan səfərində önəmli sənədlər imzalandı, 9 milyardlıq investisiya qoyulacaq, Zəngəzur dəhlizinin açılmasına da az vaxt gəlib. Odur ki, eskalasiya riskləri olduqca azdır. Tramp da bəyan edib ki, gərginlik olarsa, ona məlumat verilsin. ABŞ bölgədə maraqlarının qorunması üçün sabitlikdə maraqlıdır və bunu əldə etməyə imkanı da var".
Siyasi ekspert Ramiyə Məmmədova hesab etmir ki, tərəflərdən biri eskalasiyada maraqlıdır. Onun qənaətinə görə, Cənubi Qafqazda dayanıqlı sülh beynəlxalq güclərin də marağındadır, çünki Orta dəhliz sabitliyi tələb edir:
"Artıq Minsk Qrupu de-yure ləğv edildi. Bu da 30 illik münaqişənin keçmişdə qalmasında ABŞ-nin xüsusən maraqlı olduğunu təsdiqləyir. Regionda eskalasiya iqtisadi layihələri təhdid edir. Bu da böyük oyunçuların siyasi istəklərinə uyğun gəlmir. Ona görə bölgəmizdə yeni bir səhifənin açıldığını əminliklə söyləmək mümkündür. Bundan sonra Rusiya da köhnə narrativləri bölgəyə gətirə bilməz, çünki Türkiyə var. Hətta ruspərəst qüvvələr Ermənistanda hakimiyyətə gələrsə, hərçənd bunu istisna edirəm, yenə də regionda sülh prosesini poza bilməz".

Ekspert güman edir ki, ilin sonuna qədər yekun sülh sənədi imzalanacaq və böyük ehtimalla, bu tarixi mərasim də Ağ Evdə baş tutacaq:
"Sərhəddə də mümkündür, rəmzi xarakter daşıması cəhətdən ehtimal edirəm. Ancaq Tramp bu işin memarı kimi yekun sazişin də Vaşinqtonda imzalanmasını istərdi, buna da tərəflər etiraz etməzlər".
Emil Salamoğlu
Musavat.com






