Musavat.com xəbər verir ki, Polşanın Milli Bankının (NBP) yeni hesabatları ölkənin əmək bazarında ukraynalı və belaruslu miqrantların həlledici rol oynadığını göstərir.
Məlumata görə, hazırda Polşada təxminən 1,9 milyon ukraynalı yaşayır. Onların böyük əksəriyyəti qadınlardan ibarətdir və yüksək təhsilləri ilə seçilirlər. Əmək bazarına tam inteqrasiya olunublar — demək olar ki, hamısı işləyir. Bir çoxu əvvəl başqa sahələrdə fəaliyyət göstərsə də, son aylarda daha yüksək maaşlı işlərə keçid müşahidə olunur. Median əməkhaqqısı 4,4 min zlotı təşkil edir, ukraynalıların 63%-i polyak dilində sərbəst danışır və mənzil alışı göstəriciləri sürətlə artır.
Polşada yaşayan təqribən 350 min belaruslu da ölkənin ən aktiv diasporalarından hesab olunur. Hesabata görə, onların 87%-i işləyir, yarısı daimi işdədir, 14%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belarusluların 62%-i ali təhsillidir, yarıya yaxını polyak dilini sərbəst bilir və 67%-i Polşada qalmağı planlaşdırır.
NBP vurğulayır ki, hər iki icma əmək bazarındakı boşluqları doldurmaqla yanaşı, ölkədə istehlak səviyyəsini artırır və iqtisadi artıma mühüm töhfə verir.
Musavat.com






