İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezidentin açıqladığı o RƏQƏM - Xarici borcu birdəfəlik bağlaya bilərikmi?

953 05.01.2026 17:45 İqtisadiyyat A A

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etdiyi vacib məqamlardan biri də xarici borcumuzun ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6,3 faizini təşkil etməsi ilə bağlı idi.

Maliyyə Nazirliyinin açıqladığı son rəqəmlərə əsasən, Azərbaycanın xarici borcu cəmi 5.299 milyard dollardır. Son 1 il ərzində Azərbaycanın xarici borcu 1.162 milyard dollar və ya 18 faiz azalıb. Deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir: Xarici borcun ÜDM-dəki payı iqtisadi müstəqillik baxımından vacib göstəricilərdən hesab olunur. Azərbaycan xarici borcunun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəriciyə malik olan ölkələrdən biridir. ÜDM-də xarici borcun payının tənzimlənməsi Azərbaycan üçün prioritet istiqamətlərdəndir.

Eyni zamanda Azərbaycan ÜDM-də xarici borcun həcminə görə MDB-də ən yaxşı göstəriciyə malik olan dövlətlərdəndir. Xarici borcun ÜDM-də payı Qırğızıstanda 74, Özbəkistanda 55, Qazaxıstanda 54, Belarusda 50, Gürcüstanda isə 32 faizdir. Bununla yanaşı, ölkəmiz həm də xarici maliyyə mənbələrindən asılılıq və daxili resursların mobilizasiyası baxımından da MDB-də və bütövlükdə regionda ən yaxşı göstəriciyə malik olan ölkələrdəndir.

Digər tərəfdən, inkişaf etmiş ölkələrdə borclanma payı da son dövrlərdə sürətlə artır. Xarici borc ÜDM-i Böyük Britaniyada 3, Fransada 2.5, Almaniyada 1.5, Kanadada 1.3, İtaliyada isə 1.2 dəfə üstələyir. Xarici borcun tənzilənməsi Azərbaycan üçün müstəqil iqtisadi siyasətin həyata keçirilməsi, eyni zamanda təhlükəsizlik yastığının möhkəmlənməsi baxımından da vacib hesab olunur”.

Qeyd edək ki, son illərdə Azərbaycanda xarici borclanma limitinə əməl olunmur – adətən, nəzərdə tutulandan xeyli aşağı məbləğdə borc götürülür. Məsələn, 2024-cü ilin büdcəsində xarici dövlət borclanmasının yuxarı həddi 1 milyard 700,0 milyon manat təyin edilib, lakin il ərzində “Dəmir yolu sektorunun inkişafı layihəsi”nin əlavə maliyyələşdirilməsi məqsədilə 223,6 milyon manat, “Qız qalası su anbarında magistral suvarma kanalının tikintisi layihəsi”nin maliyyələşdirilməsi üzrə isə 164,0 imilyon manat (cəmi 387,6 milyon manat) xarici borclanma həyata keçirilib. Bu, nəzərdə tutulan limitin 22,88 faizinə bərabərdir.

Azərbaycanın xarici və daxili dövlət borcu açıqlanıb

Hesablama Palatasının məlumatına əsasən 2025-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün xaricdən 895,9 milyon manat cəlb olunması nəzərdə tutulub. Lakin ilin 8 ayı ərzində xaricdən cəlb edilmiş kreditlər hesabına cəmi 102,9 milyon manat vəsait daxil olub ki, bu da 2025-ci il üçün illik proqnozun 11,5 faizinə bərabər olmaqla, 8 ayın proqnozundan (385,3 milyon manat) 282,4 milyon manat və ya 73,3 faiz azdır: “Təqdim edilmiş məlumatlara əsasən, 2025-ci ildə bu mənbə üzrə imzalanması nəzərdə tutulan 8 yeni layihə üzrə 807,5 milyon manat vəsaitin cəlb edilməsi nəzərdə tutulduğu halda, cari ilin 6 ayında 2 halda ("Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması" layihəsi və "İkinci Məşğulluğa Dəstək" layihəsi üzrə əlavə maliyyələşməsi) proqnozlaşdırılmış layihələr üzrə, 1 halda isə proqnozda olmayan layihə üzrə müqavilə imzalanıb”.

Hökumət bu il xarici borclanmada artımın daha əhəmiyyətli olacağını elan edib. 2026-cı il dövlət büdcəsinin layihəsinə əsasən bu il xaricdən 850 milyon manat kreditin cəlb olunması nəzərdə tutulur. Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun dediyinə görə, dövlət borc strategiyasının yenilənməsi üzərində işlər davam etdirilir və yeni mərhələdə xarici borclanma imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri olacaq: “Artıq xarici və daxili borc balansında hədəf göstəricilərə nail olunub. Bu mərhələdə metro genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişafı, su və kanalizasiya layihələri kimi dövlət əhəmiyyətli infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün yeni borclanma imkanlarını araşdırırıq”.

Mursəqulov əlavə edib ki, son 7 ildə dövlət zəmanətləri portfeli əhəmiyyətli dərəcədə azaldılsa da, bu alət hökumət üçün prioritet layihələrin maliyyələşdirilməsində mühüm vasitə olaraq qalır: “Hazırda Azərbaycan hökuməti bərpaolunan enerji və su layihələrinə dövlət zəmanəti təqdim edib. Qarşıdakı dövrdə PPP çərçivəsində yeni zəmanətlər üzrə imkanlar nəzərdən keçiriləcək”(APA).

Bu il xarici borclanmanın son illərə nisbətən sürətlənməsi neft bazarında qiymət dəyişiklikləri fonunda gözlənilən hesab oluna bilər. Belə ki, cari ildə neft qiymətlərinin 60-65 dollar arasında dəyişməsi gözləntiləri daha çoxdur. Bu isə neftin 65 dollarlıq qiyməti ilə hesablanmış Azərbaycan büdcəsinə bu mənbədən əlavə vəsait axınının olmayacağı deməkdir. Belə bir axının olmaması büdcə kəsirinin proqnozlaşdırılan həddə, hətta daha yüksək olması riskini yaradır. Çünki neft qiymətlərinin düşməsi bu sektorda çalışan şirkətlərin büdcəyə ödənişlərini də azaldır. Bu baxımdan, 2026-cı ildə xarici borclanma limitinə tam əməl olunması istisna edilmir.

Yeri gəlmişkən, hökumətin xarici borclanmaya ehtiyatlı yanaşması fonunda daxili borclanmanın sürətlə artması müşahidə edilir. Bu isə büdcənin dövlət borcuna xidmət xərclərini əhəmiyyətli şəkildə artırır. 2026-cı ilin dövlət büdcəsi layihəsində dövlət borcuna xidmət xərclərin 2 milyard 457,6 milyon manat təşkil etməsi nəzərdə tutulur. Bu, cari il üçün proqnozlaşdırılan ümumi dövlət büdcəsi gəlirlərinin təxminən 6,4 faizi, xərclərinin isə 5,9 faizi deməkdir. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət borcuna xidmət xərcləri ilə müqayisədə xərclərin həcmi 58,0 milyon manat və ya 2,4 faiz artıq olacaq.
Dövlət borcuna xidmət ayrılan pulların 43 faizi və ya 1 milyard 57,6 milyon manatı daxili borca xidmət xərclərinə, 57 faizi və ya 1 milyard 400 milyon manatı isə xarici borca xidmət xərclərinə xərf olunacaq. 2025-ci illə müqayisədə daxili borca xidmət xərcləri 99,6 milyon manat və ya 10,4 faiz artıb, xarici borca xidmət xərcləri isə 41,6 milyon manat və ya 2,9 faiz azalıb.

Bu il xarici dövlət borcuna xidmət üçün nəzərdə tutulan 1 milyard 400 milyon manatın 1 milyard 256 milyon manatının hökumət tərəfindən beynəlxalq maliyyə-kredit qurumlarından birbaşa cəlb edilmiş kreditlər üzrə, 144 milyon manatının isə bir sıra dövlət müəssisələrinin əvəzinə ödənilməsi proqnozlaşdırılır.

Hesablama Palatasına görə, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi gəlirlərindən daha sürətlə artması bir sıra risklər formalaşdırır: “Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu” və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal riskləri ön plana çıxarır. Belə ki, təqdim edilmiş məlumatlara əsasən, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə (25,7 milyard manat) ilə müqayisədə təqribən 24,5 faiz artacağı halda, dövlət büdcəsinin gəlirləri dövrün sonuna cəmi 1,5 milyard manat və ya 3,9 faiz artacaq. u dinamika dövlət borcunun artım sürəti ilə büdcə gəlirlərinin artım tempi arasında əhəmiyyətli uyğunsuzluq yaradır və aşağıdakı riskləri aktuallaşdırır:borca xidmət xərclərinin kəskin artımı digər prioritet istiqamətlərə (sosial, investisiya və infrastruktur xərcləri) maliyyə resurslarının yönəldilməsini məhdudlaşdırır; borc və gəlir arasındakı disbalans uzunmüddətli perspektivdə dövlətin borc davamlılığına, kredit reytinqlərinə və maliyyə bazarlarında mövqeyinə mənfi təsir göstərə bilər”.

Onu da qeyd edək ki, büdcə gəlirlərinin artım sürətinin yavaşıması daxili borclanma imkanlarını ciddi şəkildə daralda, bu isə son nəticədə xarici borclanma ehtiyaclarını artıra bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR