Ukrayna Prezidenti Volodimir Zelenskinin səsləndirdiyi “çərçivə” sülh planının Rusiyada qəbul olunmaq şansı varmı? Hansı bəndlərlə Vladimir Putin qətiyyən razılaşmayacaq?
Musavat.com xəbər verir ki, bu və digər suallara UNİAN-a müsahibəsində Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko cavab verib.
Onun sözlərinə görə, Kremlin mövqeyi dəyişməz olaraq qalır və Putin Ukraynanın dövlətçiliyini hədəf alan əsas məqsədindən geri çəkilmir. Merejko hesab edir ki, Zelenskinin irəli sürdüyü plan diplomatik baxımdan məntiqli olsa da, Moskva üçün qəbuledilməz məqamlar kifayət qədər çoxdur.
Komitə sədri bildirib ki, xüsusilə Ukraynanın ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və gələcəkdə NATO və Avropa strukturlarına inteqrasiya perspektivi Kremlin “qırmızı xətləri”nə daxildir. Onun fikrincə, Rusiya bu şərtlərlə razılaşarsa, bu, Putinin strateji məğlubiyyəti anlamına gələr.
Merejko əlavə edib ki, hazırkı mərhələdə Rusiya sülhü deyil, vaxt udmağı və hərbi-siyasi təzyiqi davam etdirməyi üstün tutur.
Musavat.com






