Kreml 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlamazdan əvvəl ukraynalıların böyük əksəriyyətinin Rusiya qoşunlarının daxil olmasını dəstəkləyəcəyinə əmin olub.
Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Qəzetin Avropa kəşfiyyat məlumatlarına istinadən yazdığına görə, Moskvada hesab olunub ki, yalnız 10% ukraynalı işğalçı qüvvələrə müqavimət göstərməyə hazır olacaq. Qalan 90%-nin isə ya aktiv şəkildə Rusiya ordusunu dəstəkləyəcəyi, ya da müəyyən narazılıq ifadə etdikdən sonra vəziyyətlə barışacağı düşünülüb.
Ukrayna barədə digərlərindən fərqli məlumata malik olan şəxs Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin idi. O, Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasında Ukrayna ilə bağlı mövqeləri soruşduğu tarixi görüş zamanı həyəcanlı və tərəddüdlü çıxışıyla yadda qalmışdı.
Məlumata əsasən, Narışkin başqalarının bilmədiyi bəzi məqamları bilirmiş.
“Lakin o, zəif və qərarsızdır, Putin isə istəyirdi ki, hamı bu qərarın bir hissəsi olsun. Buna görə də onun həmin davranışını gördünüz”, - deyə qəzetin mənbələrindən biri bildirib.
Sergey Narışkin qorxmuş görünürdü, lakin sonda Putini dəstəklədi.
Kreml iclasında açıq şəkildə plana qarşı çıxan yeganə şəxs prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak olub.
Mənbələrin sözlərinə görə, Vladimir Putinlə 1990-cı illərin ortalarından tanış olan Kozak işğal planlarından dəhşətə gəlib. Lakin o, Putinin konkret olaraq nə planlaşdırdığını – yalnız Donbasın ələ keçirilməsi, yoxsa genişmiqyaslı müharibə – bilməyib.
Məlumata görə, iclas zamanı Kozak Putini mənəvi deyil, strateji arqumentlərlə inandırmağa çalışıb. O, Ukraynaya müdaxilənin fəlakətlə nəticələnəcəyini deyib. İclasdan sonra o, Putinlə təkbətək mübahisəni davam etdirib. Onun çıxışı televiziya yayımından kəsilib. 2025-ci ilin sonunda Kozak prezident administrasiyasındakı bütün vəzifələrindən istefa verib.
Kremlin Ukrayna cəmiyyətinin dəstəyi ilə bağlı gözləntiləri həddən artıq optimist olub. Moskvanın öz hesablamalarına əsasən belə, təxminən 4 milyon insan işğalçı orduya qarşı çıxa bilərdi. Həmin vaxt Ukrayna sərhədlərində cəmlənmiş Rusiya qüvvələri belə bir müqaviməti sındırmaq üçün kifayət etməyib.
Məhz buna görə bir çox Avropa ölkəsi son ana qədər Putinin müharibəyə başlayacağına inanmayıb. Fransanın Ukraynadakı səfiri işğalın başladığını yalnız Kiyevdəki mənzilində rus raketlərinin səsinə oyananda öyrənib.
Almaniyanın xarici kəşfiyyat xidməti BND-nin rəhbəri Bruno Kal fevralın 23-də Kiyevə gəlib. Halbuki ABŞ, Böyük Britaniya və Polşa kəşfiyyatları artıq Rusiyanın hücum əmri verdiyini müəyyən edib. Hətta Almaniya səfiri diplomatların təxliyəsi barədə göstəriş aldıqdan sonra belə, Kal növbəti gün üçün görüşlər planlaşdırıb. O, işğal günü Polşa kəşfiyyatının köməyi ilə, ukraynalı qaçqınlarla dolu yollar vasitəsilə Kiyevdən çıxarılıb.
“Biz inanmırdıq ki, bu baş verəcək. Çünki Kiyevə girib sadəcə kukla hökumət quracaqları fikri tamamilə dəli bir plan kimi görünürdü. Məlum oldu ki, bu, həqiqətən də tamamilə dəli plan imiş”, - deyə Avropa kəşfiyyat əməkdaşlarından biri “The Guardian”a bildirib.
Musavat.com






