24 fevral 2022-ci ildə başlayan və Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurma kimi qiymətləndirilən Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü tamam olur. Dörd il keçməsinə baxmayaraq, tərəflərdən heç biri qəti və danılmaz qələbə əldə etməyib.
Rusiya müəyyən ərazilər üzərində nəzarəti saxladığını bildirir və bunu strateji uğur kimi təqdim edir. Ukrayna isə Qərbin, xüsusilə ABŞ və Avropa ölkələrinin hərbi və maliyyə dəstəyi ilə müqavimətini uğurla davam etdirir. Müharibənin ilk mərhələsində sürətli nəticə gözləyən Kreml uzunmüddətli qarşıdurma ilə üz-üzə qaldı. Kiyev isə ilkin şokdan sonra dövlət və cəmiyyət səviyyəsində səfərbər oldu.
Müharibə qlobal enerji bazarlarını silkələdi, ərzaq təhlükəsizliyi böhranı yaratdı və sanksiyalar sistemini genişləndirdi. Rusiya iqtisadiyyatı Qərb sanksiyalarına baxmayaraq alternativ bazarlara yönəldi. Ukrayna isə xarici maliyyə dəstəyi hesabına dövlət institutlarını ayaqda saxladı.
Bu savaş NATO-nun rolunu gücləndirdi, Avropada hərbiləşmə meyillərini artırdı və təhlükəsizlik anlayışını yenidən gündəmə gətirdi. Dörd il ərzində milyonlarla insan qaçqın və məcburi köçkünə çevrildi. Şəhərlər dağıldı, infrastruktur məhv edildi. Müharibənin ən ağır yükünü isə mülki əhali daşıyır.
Bəs dörd ildən sonra bu müharibədə real strateji üstünlük hansı tərəfdədir?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloq qeyd edib ki, bu müharibədə hələ heç kim qalib gəlməyib və konkret bir qalibin olacağı da gözlənilmir:

"Rusiya 4 il əvvəl işğalçı müharibəyə başlayanda düşünürdü ki, bir həftəyə məsələni həll edəcək, Ukraynanı parçalayacaq, hakimiyyət dəyişikliyinə nail olacaq. Lakin bunların heç biri baş vermədi. Əksinə, 4 ilin sonunda belə Rusiya planlaşdırdığı nəticəni əldə edə bilməyib. Hətta prioritet saydığı əraziləri də tam nəzarətə götürə bilməyib və müharibə getdikcə daha da uzanır.
Bu illər ərzində hər iki tərəf on minlərlə, hətta yüz minlərlə itki verib. Şəhərlər dağıdılıb, infrastruktur məhv edilib, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb. Vaxtilə “iki qardaş xalq” adlandırılan dövlətlər bu gün açıq düşmənə çevriliblər və aradakı uçurum o qədər dərinləşib ki, yaxın onilliklərdə barışığın mümkün olub-olmayacağı belə sual altındadır. Əgər nə vaxtsa münasibətlər normallaşsa belə, bu, yalnız praqmatik maraqlar əsasında ola bilər".
Politoloqa görə, bir nəfərin qərarı nəticəsində beynəlxalq aləmdə belə böyük bir gərginlik ocağı yaranıb: "Əgər Vladimir Putin məntiqi davransaydı, bu müharibə baş verməzdi və məsələlər danışıqlar yolu ilə həll oluna bilərdi. Lakin o, hərbi variantı seçdi və nəticədə müharibənin bitməsi ehtimalı da xeyli aşağı düşdü".
Ekspert vurğulayıb ki, hazırda tərəflərin mövqelərində ciddi dəyişiklik yoxdur: "Rusiya işğalı tamamlamağa çalışır, Ukrayna isə müqaviməti daha da gücləndirməyə və üstünlük əldə etməyə. Ukraynaya Avropa dövlətləri maliyyə və hərbi-texniki dəstək verir ki, ölkə məğlub olmasın. Çünki bir çoxları anlayır ki, Ukraynanın məğlubiyyəti Putini növbəti işğallara həvəsləndirə bilər. Bunu beynəlxalq ictimaiyyət yaxşı anlayır.
İndinin özündə belə Rusiya daxilindəki şovinist dairələr bir sıra dövlətlərə, o cümlədən Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. Bu da onu göstərir ki, məsələ təkcə iki ölkə arasındakı müharibə deyil, daha geniş geosiyasi təhlükədir. Məhz buna görə bir çox dövlət Ukraynanın qələbəsini və ya ən azı məğlub olmamasını arzulayır".
Elxan Şahinoğlunun fikrincə, müharibənin bu il də davam edəcəyi gözlənilir: "Danışıqlarda real nəticə əldə olunmur və əldə olunması da çətin görünür. Çünki Putinin mövqeyində ciddi dəyişiklik yoxdur. Mövqelər dəyişmədikcə isə bu müharibənin qısa zamanda bitəcəyi inandırıcı görünmür".
Xalidə Gəray,
Musavat.com






