2026-cı il dünya çempionatının F qrupunda keçirilən Hollandiya- Yaponiya qarşılaşması turnirin ən dramatik oyunlarından biri kimi yadda qaldı. Dallas stadionunda baş tutan görüşdə iki dəfə hesabda önə keçən “narıncılar” qələbəyə çox yaxın olsalar da, son dəqiqələrdə buraxdıqları qol səbəbindən meydanı 2:2 hesablı heç-heçə ilə tərk etdilər. Bu nəticə Hollandiya üçün əsl şok, Yaponiya üçün isə xarakter nümayişi oldu.
Oyunun ilk hissəsində tərəflər ehtiyatlı futbol sərgilədilər. Hər iki komanda topa nəzarət etməyə çalışsa da, müdafiə xəttindəki intizam hesabın açılmasına imkan vermədi. Hollandiya Frenki de Yonq və Qravenberxin rəhbərliyi ilə oyuna nəzarət etsə də, yaponların sürətli əks-hücumları rəqib müdafiəni daim diqqətli olmağa məcbur edirdi.
Fasilədən sonra isə meydanda tamamilə başqa mənzərə yarandı. Matçın 51-ci dəqiqəsində Ryan Qravenberxin cərimə meydançasına göndərdiyi dəqiq ötürmədən sonra kapitan Vircil van Dayk baş zərbəsi ilə hesabı açdı və Hollandiya azarkeşlərini sevindirdi. Lakin Yaponiya cəmi bir neçə dəqiqə sonra cavab verdi. 57-ci dəqiqədə Keyto Nakamura uzaq məsafədən vurduğu zərbə ilə hesabı bərabərləşdirdi. Topun müdafiəçiyə toxunaraq istiqamətini dəyişməsi qapıçı Verbruqqeni aciz qoydu.
Buraxılan qoldan sonra Hollandiya yenidən irəli atıldı. Təzyiq öz nəticəsini 64-cü dəqiqədə verdi. Son vaxtlar yüksələn formada olan Krisensio Summervill fərdi ustalığını nümayiş etdirərək cərimə meydançası yaxınlığından möhtəşəm zərbə ilə komandasını yenidən hesabda önə çıxardı. Görünürdü ki, Ronald Kumanın komandası vacib üç xalı qazanmağa doğru gedir.
Lakin oyunun son bölümü əsl drama çevrildi. Yaponiya məğlubiyyətlə barışmadı, bütün qüvvəsini hücuma atdı və Hollandiya müdafiəsini ciddi təzyiq altında saxladı. Uzatma dəqiqələrində “Samuraylar”ın ardıcıl hücumları nəhayət nəticə verdi. Son dəqiqələrdə vurulan qol Yaponiya millisinin məğlubiyyətdən qurtulmasına, Hollandiya futbolçularının isə meydanı məyus şəkildə tərk etməsinə səbəb oldu.
Beləliklə, F qrupunun ən maraqlı qarşılaşmalarından biri 2:2 hesabı ilə başa çatdı. İki dəfə hesabda üstün olan Hollandiya qələbəni son anda əldən verdi, Yaponiya isə xarakter və döyüşkənlik nümayiş etdirərək dünya çempionatına vacib bir xalla başladı.
Cavanşir Abbaslı
Musavat.com






