Dünyada artan siyasi gərginlik artıq adi insanların düşüncəsinə də sirayət edib.
Musavat.com "Politico" saytına istinadən xəbər verir ki, jurnalist Tim Rossun məqaləsində yayımlanan son sorğular Qərb ölkələrində üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı ciddi narahatlığın formalaşdığını ortaya qoyur.
ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Almaniyada keçirilmiş sorğular göstərir ki, insanlar dünyanın daha təhlükəli mərhələyə keçdiyini düşünür. Respondentlərin böyük hissəsi növbəti beş il ərzində qlobal müharibənin başlama ehtimalını real sayır. Xüsusilə ABŞ və Britaniyada bu qorxunun son bir ildə nəzərəçarpacaq dərəcədə artdığı vurğulanır.
Araşdırmaya görə, əhali təhlükənin artdığını hiss etsə də, müharibəyə hazırlığın maliyyə tərəfi ortaya çıxanda vəziyyət dəyişir. Müdafiə büdcələrinin artırılması ideyası ümumilikdə dəstək görür, amma əlavə vergilər, dövlət borcunun artması və ya sosial xərclərin azaldılması məsələsi gündəmə gələn kimi bu dəstək kəskin azalır. Yəni cəmiyyətlər təhlükədən narahatdır, amma bunun hesabını ödəməyə hazır deyil.
Sorğuda diqqət çəkən başqa bir məqam isə təhlükə mənbələri ilə bağlıdır. Avropada respondentlərin böyük hissəsi Rusiyanı əsas risk kimi görsə də, bəzi ölkələrdə ABŞ də təhlükə faktorları sırasında ön sıralarda göstərilib. Kanadada isə hətta Vaşinqtonun siyasətinə dair ciddi narahatlıq müşahidə olunur.
Məqalədə qeyd edilir ki, NATO ölkələrində hərbi xidmətin bərpası ideyası artıq açıq şəkildə müzakirə olunur. Almaniya və Fransada insanların təxminən yarısı məcburi xidmət variantını qəbul edə biləcəyini bildirib. Eyni zamanda Avropa Birliyinin vahid ordu yaratmaq ideyası cəmiyyətlərdə hələ də kifayət qədər dəstək qazanmır.
Ekspertlərin fikrincə, Qərb liderləri çətin seçim qarşısındadır: bir tərəfdə artan təhlükə hissi, digər tərəfdə isə iqtisadi məhdudiyyətlər və seçicilərin sosial narazılığı. Bu ziddiyyət yaxın illərdə təhlükəsizlik siyasətini daha da gərgin mövzuya çevirə bilər.
Bir sözlə, sorğu nəticələri göstərir ki, Qərb ölkələrində müharibə artıq yalnız ekspertlərin mövzusu deyil - bu qorxu sıravi insanların gündəlik düşüncəsinə çevrilməkdədir.
Musavat.com






