Avropa İttifaqı ABŞ liderinə qarşı çıxaraq TRIPP layihəsini sabotaj edir - deputat dörd səbəbi sadaladı
Məlum olduğu kimi, dekabrın 2-də Ermənistan və Avropa İttifaqı (Aİ) Brüsseldə yeni strateji tərəfdaşlıq gündəliyini qəbul ediblər. Həmçinin Ermənistan-Aİ Tərəfdaşlıq Şurasının 6-cı iclası keçirilib. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas imzalayıb.
Belə bir vaxtda “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə üzə çıxan məqamlar isə Cənubi Qafqazda sülh prosesinə ciddi təhdid yaradır. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə sərt reaksiya verib. Qurum bildirir ki, sənəddə postmünaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur. Vurğulanır ki, Aİ-Ermənistan strateji tərəfdaşlıq sənədində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur.
Xatırladaq ki, bu il avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda iki ölkə arasında sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi və sərhədin açılması bu gün tamamilə başqa kontekst əldə edib”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“TRIPP (və ya Zəngəzur dəhlizi) layihəsi çərçivəsində Ermənistan-Türkiyə sərhədinin açılması Mərkəzi Asiyadan Avropa İttifaqına dəmir yolu və avtomobil nəqliyyatı əlaqəsinin qurulması, yeni boru kəmərləri və yeni elektrik ötürücü xətlərinin davamı üçün imkan deməkdir”, - o bildirib.
Paşinyan əlavə edib ki, gələcəkdə Mərkəzi Asiyadan Avropaya yaşıl hidrogen boru kəməri çəkiləcək: “İndi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və sərhədin açılması o deməkdir ki, həmin mümkün boru kəməri üçün əlavə bir marşrut yaranacaq ki, bu da həm region ölkələri, həm də Avropa İttifaqı ölkələri üçün sərfəlidir”.
Avropa İttifaqı Zəngəzur dəhlizinə qarşıdırmı? “Tramp marşrutu” layihəsi pozula bilərmi?

Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavata söylədi ki, yeni strateji gündəliyin imzalanması regionun siyasi gündəmini yenidən aktuallaşdırıb: ”Bu sənəd Ermənistan tərəfindən “strateji tərəfdaşlıq” kimi təqdim olunsa da, onun məzmununda Cənubi Qafqazda sülh prosesini zədələyən, postmünaqişə reallıqlarını təhrif edən və Azərbaycanın legitim maraqlarına zidd olan məqamlar açıq şəkildə görünür. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi reaksiyanın əsas ağırlıq nöqtəsi, sənəddə Ermənistan-Azərbaycan münasibətlərində formalaşmış yeni reallıqların qəsdən təhrif olunması ilə bağlıdır. Brüssel sənədində 2020-ci ildən sonra yaranmış geosiyasi nizamın şərti və birtərəfli təsviri, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı ciddi siyasi faktların gizlədilməsi, regionda sülhü təşviq edən layihələrin məqsədli şəkildə arxa plana keçirilməsi Aİ-nin balanssız siyasətinin göstəricisidir. Ən diqqətçəkən məqam isə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinə heç bir istinadın olmamasıdır. Halbuki həmin layihə 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ prezidentinin iştirakı ilə razılaşdırılıb və region üçün tarixi əhəmiyyət daşıyan yol və kommunikasiya dəhlizinin açılmasını ehtiva edir. Bu, Aİ-nin mətnə qəsdən siyasi filtr tətbiq etdiyini göstərir".
Deputat qeyd etdi ki, Avropa İttifaqı dörd səbəbdən TRIPP layihəsini görməzdən gəldi: “Bunlardan birincisi Ermənistan üzərində təsir mexanizmini artırmaq istəyi ilə bağlıdır. Brüssel uzun müddətdir ki, Ermənistanı tamamilə öz təsir orbitinə salmağa çalışır. Lakin TRIPP layihəsi Ermənistanın iqtisadi və geosiyasi asılılığını azaldır, onu regional əməkdaşlığa bağlayır.
İkinci amil Avropa İttifaqının qeyri-rəsmi şəkildə İran marşrutunu dəstəkləməsi ilə bağlıdır. Söhbət Cənubi Qafqazla Avropanı birləşdirən kommunikasiya xətlərinin Ermənistan əvəzinə İran üzərindən keçməsinə üstünlük verilməsindən gedir. TRIPP marşrutu isə İrəvanın ərazisindən keçərək həm Ermənistanın iqtisadi qapılarını aça, həm də regiondakı güc balansını dəyişə bilər".
E.Mirzəbəyli dedi ki, üçüncü məqam ABŞ-Aİ geosiyasi rəqabətinin Zəngəzur xətti üzrə təzahürü ilə bağlıdır: “Vaşinqtonda imzalanmış sənədin Avropa İttifaqı tərəfindən müxtəlif manipulyativ elementlərlə bloklanması transatlantik birlikdə çatların olduğunu göstərir. Bu o deməkdir ki, Avropa İttifaqı ABŞ-ın regionda aparıcı rol almasını istəmir. Sonuncu amil isə Azərbaycanın güclənən mövqeyinin Brüsseli narahat etməsi ilə əlaqəlidir. TRIPP marşrutu Azərbaycanı regiondakı əsas logistika, enerji və nəqliyyat mərkəzi rolunu daha da gücləndirir. Bu isə bəzi Avropa dövlətlərinin uzunmüddətli geoiqtisadi planlarına uyğun gəlmir”.
Onun fikrincə, Aİ-nin əsl narahatlığı regional layihələrin liderliyinin tamamilə və həmişəlik Azərbaycanın nəzarətinə keçməsi, Türkiyənin Cənubi Qafqazda təsirinin daha da artması, Ermənistanın Qərbdən iqtisadi və maliyyə asılılığının tamamilə sıradan çıxması, ABŞ-nin regionda açar mövqeyə sahiblənməsi ilə bağlıdır: “Bu səbəbdən Zəngəzur dəhlizi ilə bağlı siyasi sabotaj cəhdləri müşahidə olunur. Amma TRIPP layihəsinin pozulması real görünmür. Bunun səbəbi təkcə ABŞ-ın iştirakı deyil, həm də dəhlizin regionun iqtisadi xəritəsini yenidən formalaşdırması, Azərbaycanın əsas ərazisinin Naxçıvanla bağlantısının Cənubi Qafqazın şaxələnmiş logistika şəbəkəsinin əsas halqasına çevriləcəyidir. Həmçinin nəzərə almaq lazımdır ki, Ermənistanın özü bu dəhlizə iqtisadi möhtacdır. Çünki alternativ marşrutlar onun iqtisadi dirçəlişi üçün həyati əhəmiyyət daşıyır. Digər tərəfdən unutmaq lazım deyil ki, TRİPP Ankara, Bakı, Astana və digər Mərkəzi Asiya paytaxtları üçün vahid geosiyasi məntiqlə uzlaşır. Bu, təkcə regional deyil, Avrasiya miqyaslı layihədir.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






