İnsanlara hürriyət, millətlərə istiqlal!

Qrenlandiya üçün tünd boz rəngli papaq

1270 19.01.2026 18:15 Yazarlar A A

Tramp müəllim 365 gündür dünya siyasətinə qayıdıb, adı dillər əzbərinə dönmüşdür. Hamı ondan danışır, yazır, göstərir. Hara baxsan, hansı qəzeti açsan, sayta girsən, mütləq bu mənzərə ilə qarşılaşırsan: Tramp, Tramp, Tramp... Başqası varmı? Yoxdur.

Qafiyəsi də yaxşı gəlir: daram-duram. Bir gözəl məsəldə deyilən kimidir: “Yerdən göyə küp düzsələr, Altdan birini çəksələr, Onda gəl daram-durama bax”.

Küpü çox pis çəkmişlər. Çəkmişik. Hamımız bir yerdə. Açığı, hələ belə absurd planetar vəziyyət yadıma gəlmir. Məsələn, mən dünən Füzuli rayon icra hakimiyyətində müavin işləyən övrətin ərinin araq içib səy-səy danışdığı kadrları izləmişəm! 1990-cı illərdə mənə desəydilər ki, 2026-cı ildə belə xəbərlər izləyəcəksən, gülərdim. Ancaq izləyirik. Hələ bir diktor da qaçmışdı, onu tapdılarmı, xəbərimiz olmadı.

Trampın soyadından çıxan səs eyni zamanda dünyanın damının deşilməyinin verdiyi exonun səsidir. Yer kürəsi damır. Ozon dəliyinə inanmırdıq. Buyur.

Şəxsən mən Qrenlandiya məsələsində də Trampa el dilimizdə yazsam, “balet” eləyirəm. Adam prinsipcə düz deyir ki, nə olsun filan vaxt danimarkalıların qayığı gəlib burda sahilə dirənib, bu, əraziyə mülkiyyət hüququ yaratmır. Əsl makler yanaşmasıdır. Tramp planetimizin Şərurlu İsfəndiyarıdır və xeyirxah bir müsəlmandır. Onun adından istifadə edib bir ölkəni bir neçə ölkəyə satmaq istəyənləri zor-xoş udacaqdır. BMT bizim notariuslar kimi ancaq boş-boş alverlə məşğul idi, kupçalar qarışıq düşmüşdü. Burada qayda-qanun yaratmaq zəruridir. Beynəlxalq hüquq işləmirsə, beynəlxalq Tramp yaranmalıdır! Sənəd-sünəd izərində çox xərc də çəkilməyəcək, abbreviatura təxminən uyğun gəlir. Birləşmiş Millətlər Təşkilatı olmasın, olsun Birləşmiş Millətlər Trampı.
Qrenlandiya ilə Kanada arasında Hans adlı bir qəribə ada var, ən uzun yeri 1290 metr, ən enli yeri isə 1199 metrdir. Yəni, təxminən “20 yanvar”ın kruqu boyda yerdir. Sən demə, uzun illər həmin adam yaşamayan cupbulu adacığın kimə məxsus olması mübahisəsi düşürmüş. Buna 1980-ci illərdə zarafatla “Viski müharibəsi” adı da qoyubmuşlar. Çünki hərdən kanadalı sərhədçilər gəlib adada dirəyə Kanada bayrağı asır, viski butulkası qoyub gedirmişlər. Sonra Danimarka ordusu gəlir, viskini nuş eləyib, bayrağı dəyişib özlərinin bayrağını asır, dirəyin dibinə isə şnaps içkisinin butulkasını qoyurmuşlar. Bu dəfə bir neçə ay sonra kanadalılar gəlib şnapsı içirmiş. Beləcə, “müharibə” dövr edirmiş. Sonradan ümumi razılıq belə olub ki, sərhəd adanın içindən keçən balaca yarıqla müəyyən edilsin. Yəni, Tramp maral kirşəsini əraziyə sürəndə komediya artıq bitmişdi. İndi drama başlayacaq.

Sözgəlişi, ötən yazımda pişiklərdən bəhs etmişdim, onlar da əraziyə təxminən oxşar işarələr, “metka”lar qoyurlar. Kiçik ehtiyaclarını ödəmək üsulu ilə. Bu saat hərə bir yeri “metkalayır” – Putin Donbası, məsələn. Çin neçə vaxtdır yığır, Tayvanı pis “nişanlayacaq”, çox güman.

Trampın Nobel mükafatı temasında incikliyini də qəribçiliyə salmaq olmaz. Mən balaca olanda babat (kənd yeri üçün) futbol topum var idi. Özümdən xeyli böyük uşaqlar yalvar-yapış topu oynamaq üçün alırdılar, ancaq bir şərtim olurdu: mən də hansısa komandada oynamalıyam. Yazıqlar çar-naçar razılaşırdı, lakin az keçməmiş məcbur olub məni ən yaxşı halda qapıya göndərirdilər. Onda mən hirslənirdim, topumu götürüb çıxıb gedirdim.

Hərçənd, Trampa çatdırmaq lazımdır ki, çox qəm yeməsin, bizim Kamal Abdullaya da vaxtında Nobeli vermədilər. Biz incimədik ki? Əksinə, yazıb-yaradırıq, AYB üzvləri 3000 nəfəri keçib.

Bizdən öyrənməli cəhətlər çoxdur. Örnək üçün, hazırda ABŞ-da miqrasiya idarəsi ilə xalq arasında böhran yaşanır, çünki idarənin işçiləri 1 qadını güllələyib öldürüblər. Tam eyni vaxtda bizim sayın baş nazirimiz Əli müəllim milli miqrasiya işçilərimizin geyim formasına dəyişiklik haqqında qərar imzaladı. Sitat: “Qərara əsasən, miqrasiya işçilərinin qış geyimlərinə tünd boz rəngli qış papağı, tünd boz rəngli gödəkcə, qara rəngli əlcək əlavə edilib”.

Fərqə baxırsınızmı? Ordakı miqrasiya hara, bizdəki miqrasiya hara... Yazını da şairin beyti ilə bitirək: “Qonaq gəlir bizə quşlar, Zülm əlindən qurtulmuşlar”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR