Rusiya 23 dekabr gecəsi Ukrayna ərazisinə genişmiqyaslı hücum həyata keçirib.
Musavat.com xəbər verir ki, nəticədə bir neçə bölgədə mülki obyektlərə ziyan dəyib və insanlar xəsarət alıb.
Kiyevdə, Svyatoşinski rayonunda çoxmərtəbəli binanın pəncərələri zədələnib. Hücum nəticəsində 4 nəfər xəsarət alıb, onların arasında 16 yaşlı yeniyetmə də var.
Kiyev vilayətinin Vyşqorod rayonunda isə fərdi ev dağılıb, 1949-cu il təvəllüdlü qadın həyatını itirib, daha 3 nəfər yaralanıb. Jitomir vilayətində isə qanadlı raketlər və kamikaze dronların zərbələri yaşayış evlərinə, fərdi müəssisələrə və ticarət obyektinə dəyib, 6 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb. 2021-ci il təvəllüdlü bir uşaq xəstəxanada dünyasını dəyişib, daha bir uşaq və bir yetkin müalicə altındadır.
Odessa vilayətində enerji, liman, nəqliyyat və yaşayış infrastrukturları hədəf alınıb. Xmelnitski vilayətində 1953-cü il təvəllüdlü bir nəfər həlak olub, elektrik təchizatında fasilələr qeydə alınıb. Çerniqov vilayətində isə Rusiya pilotsuz uçan aparatları kritik infrastruktur obyektlərinə zərbələr endirib, Prilukidə müəssisənin avtomobil parkı və fermer təsərrüfatının anqarı zədələnib.
Ukraynanın yeddi bölgəsində, o cümlədən Kiyevdə fövqəladə elektrik kəsintiləri müşahidə olunur.
Ukrayna baş naziri Yuliya Sviridenko bildirib ki, Rusiya ordusu Ukrayna ərazisinə 600-dən çox dron və onlarla raket atıb.
Əsas zərbə isə ölkənin qərb bölgələrinin enerji infrastrukturuna dəyib. Bütün Ukrayna ərazisində fövqəladə elektrik kəsintiləri üçün cədvəllər tətbiq olunub.
Musavat.com






