ABŞ-nin “Maduro əməliyyatı” deyəsən Rusiyadakı şovinist-revanşist dairələrə qol-qanad verib. Dörd ildən çoxdur Ukrayna bataqlığında ilişib qalan, imperiya xülyaları ilə yaşayan Kremlin qul-beçələri yenidən postsovet ölkələrinə qarşı açıq hədə-qorxu ritorikasına keçiblər. Üstəlik, bu çağırışlar artıq gizli yox, açıq şəkildə səsləndirilir və Kremlin səssiz razılığı fonunda tirajlanır.
Son vaxtlar Rusiya siyasi dairələrində “təsir zonası” anlayışı yenidən gündəmə gətirilir. Xəbər verdiyimiz kimi, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Karaqanov Rusiyanın milli təhlükəsizlik strategiyasının yetərincə “sərt” olmadığını iddia edib. Onun fikrincə, postsovet məkanı Rusiya üçün sadəcə “vacib region” kimi deyil, açıq şəkildə təsir zonası kimi sənədlərdə təsbit olunmalıdır.
Karaqanov xatırladıb ki, 2021-ci ildə Qərbə ünvanlanan ultimatumda bu mövqe artıq faktiki olaraq ifadə edilib. Onun sözlərinə görə, bu yanaşma fonunda heç bir postsovet ölkəsinin NATO-ya üzv olması mümkün deyil: “Bu, sadəcə mövqe deyil, aksiomadır”, – deyə o bildirib.

Kremlin təbliğat maşınının əsas simalarından olan telejurnalist Vladimir Solovyov isə ənənəsinə sadiq qalaraq daha da irəli gedib. O, müəllif proqramında bildirib ki, Moskva üçün nə Suriya, nə də Venesuela prioritetdir: “Rusiyanın ən vacib məsələsi onun yaxın xaricidir”.
Solovyovun açıqlamaları açıq-aşkar imperiya düşüncəsinin və beynəlxalq hüquqa sayğısızlığın göstəricisi kimi diqqət çəkir. Onun sözlərinə görə, Ermənistanda və Mərkəzi Asiyada baş verənlər Moskva üçün Venesueladakı proseslərdən qat-qat “ağrılıdır”:
“Ermənistanın itirilməsi nəhəng problemdir. Mərkəzi Asiya da elə. Burada artıq oyunların bitdiyini açıq deməliyik. Beynəlxalq hüquqa tüpürək… Əgər milli təhlükəsizliyimiz adı ilə Ukraynada xüsusi hərbi əməliyyat başladırıqsa, niyə eyni addımı təsir zonamızın digər hissələrində atmayaq?” – deyə Solovyov sərsəmləyib.
Bununla da kifayətlənməyən Kreml ruporu bir müddət əvvəl Cənubi Qafqaz ölkələrini birbaşa hərbi müdaxilə ilə hədələyib. Onun iddiasına görə, bölgədə NATO-nun mövcudluğu Rusiyanın “qırmızı xəttidir: “Cənubi Qafqazda baş verənlər bizim üçün son dərəcə ciddi problemdir. Xəzər dənizində NATO bazalarının peyda olması Rusiyanı yeni “xüsusi hərbi əməliyyat” qərarı verməyə məcbur edə bilər”.
Bu qəbil təhdidlərə konkret olaraq, Azərbaycan hansısa reaksiya verməlidir, yoxsa “it hürər, karvan keçər” fəlsəfəsinə söykənməliyik?
Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Rusiyanın imperiya iştahası artdıqca Azərbaycan kimi ölkələri hədəfə alır:
“Buna görə də Rusiyanı dayandırmaq lazımdır. Ukraynada bu ölkənin burnu əzildi və irəli gedə bilmədi. Daha dəqiq desək, Rusiya Ukrayna ilə müharibədə biabır oldu. Yəni o boyda nəhəng imperiya ilk başlarda normal orudusu olmayan bir ölkədə irəli gedə bilmir və öz planlarını gerçəkləşdirməyi bacarmır. Hazırda Rusiya rəzil bir durumdadır. Lakin buna baxmayaraq, yaxın qonşularına Ermənistana, Azərbaycana, Qazaxıstana diş qıcamaqla məşğuldur. Ona görə də düşünürəm ki, Azərbaycan və digər türk dövlətləri bir hərəkata öndərlik etməlidirlər. Onlar ilk olaraq, MDB-dən çıxmaq qərarını verməlidirlər. Biz bu addımı atandan sonra əminəm ki, Ermənistan da bizə qoşulacaq. Digər tərəfdən isə qardaş Qazaxıstan və Qırğızıstan Rusiyanın arxa baxçası rolunu oynayan daha bir təşkilatdan – KTMT-dən çıxmalıdır. Onların orada olması məntiqə uyğun deyil. Axı həm Qazaxıstan, həm də Qırğızıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. TDT-nın üzvü olaraq, onlar Türkiyə ilə eyni müstəvidədirlər. Türkiyə də NATO-nin üzvüdür. Belə bir şəraitdə eyni təşkilatda təmsil olunanlar bir-birinə qarşı olan hərbi-siyasi bloklarda necə təmsil oluna bilərlər?!”
Onun fikrincə, Rusiya KTMT-ni NATO-ya qarşı qurub:
“Ona görə də bu ziddiyəti aradan qaldırmaq lazımdır. Bir sözlə, MDB-dən çıxmaq və Rusiyaya yerini göstərmək şərtdir. Azərbayca bu işi uzun müdətdir ki, təkbaşına edir. Əlbəttə, Azərbaycanın uğurları həddindən artıq çoxdur. Digər türk dövlətləri də bizimlə bərabər addımlar atsalar, Rusiyanı küncə sıxışdıra və dövlət olaraq dağılmasını sürətləndirə bilərik. Rusiyanın yeri SSRİ-nin getdiyi yerdir. SSRİ kimi Rusiya da darmadağın edilməli və oradakı türk dövlətləri azadlığa qovuşmalıdır”.
Şahanə Rəhimli
Musavat.com






