Kreml Ukrayna ərazisində “nüvə silahı”nın peyda ola biləcəyindən və bunun Rusiya üçün dağıdıcı təhlükə törədəcəyindən ciddi şəkildə narahat olduğunu biruzə verməyə başlayıb... Hətta Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya nüvə komponentləri ötürməsi barədə hələlik sübutu olmayan iddialar da irəli sürüb...
Ukrayna müharibəsində sülhə keçid, yoxsa yeni eskalasiya baxımından, həlledici mərhələnin başlandığı müşahidə olunur. Son vaxtlar bu savaşın dayandırılması üzrə siyasi-diplomatik prosesin intensivləşməsi və buna paralel şəkildə gərginliyə yönəlik ritorikasının da sərtləşməsi onu göstərir ki, münaqişə tərəfləri taleyüklü siyasi qərarın verilmə mərhələsinə sürətlə yaxınlaşır. Çünki Kiyevdən, Brüsseldən və Moskvadan verilən son bəyanatlar müharibənin ya strukturlaşmış təhlükəsizlik mexanizmləri ilə dondurulacağını, ya da daha geniş və təhlükəli fazaya keçə biləcəyini göstərir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidentinin ofis rəhbəri Kiril Budanov bildirib ki, sülh danışıqlar “qəti qərar anı”na yaxınlaşır. Onun fikrincə, belə müharibələr öz-özünə bitmir. Yəni, ya ədalətli qərar qəbul edilir, ya da qarşıdurma daha təhlükəli formaya doğru istiqamətlənir. Bu açıqlamadan belə nəticə çıxartmaq olar ki, rəsmi Kiyev ölkədaxili auditoriyaya Ukraynanın kapitulyasiya etməyəcəyi ilə bağlı mesaj verir. Eyni zamanda, rəsmi Kiyev Qərbə xəbərdatlıq edir ki, Ukraynaya təhlükəsizlik zəmanəti verilmədən atəşkəsin elan olunması qətiyyən yetərli deyil.
Digər tərəfdən, Ukrayna Rusiyaya da dolayısı ilə mesaj verir ki, müvəqqəti fasilə gələcək hərbi eskalasiya üçün münbit şərait yarada bilər. Kiril Budanovun ABŞ-ın iştirakı ilə yeni siyasi-diplomatik mərhələnin planlaşdırıldığını vurğulaması Ağ Evin vasitəçilik missiyasının yenidən aktivləşməkdə olduğunu göstərir. Və bu isə Ukrayna müharibəsinin regional savaş çərçivəsindən çıxaraq, qlobal güclər arasında qüvvələr balansı kontekstində müzakirə predmetinə çevrildiyini təsdiqləyir.
Maraqlıdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin “əgər, seçkilər müharibənin bitməsi üçün əsas şərtdirsə, onu keçirə bilərik” açıqlamsı siyasi baxımdan, çoxvektorlu mesaj kimi qəbul olunur. Çünki Kreml uzun müddətdir ki, Zelenski hakimiyyətinin legitimliyi ilə bağlı məsələni qabardaraq, şübhə altına alır. Ona görə də, Ukrayna liderinin bu açıqlaması həm Kremlin bu arqumentini neytrallaşdırmağa, həm də Qərbdə artan “müharibə yorğunluğu” fonunda “siyasi elastiklik” nümayiş etdirməyə yönəlib. Halbuki, reallıq onu göstərir ki, aktiv hərbi əməliyyatları və işğal olunmuş əraziləri də nəzərə aldıqda, ümumxalq seçkilərinin keçirilməsi son dərəcə qəliz prosesdir. Və bu baxımdan, onun bu bəyanatı daha çox siyasi manevr və diplomatik mesaj xarakteri daşıyır.
Təbii ki, mövcud situasiyada Avropa liderlərinin Ukrayna paytaxtı Kiyevə son kollektiv səfəri olduqca böyük maraq doğurur. Çünki Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen başda olmaqla, yüksək rütbəli Qərb liderlərinin Kiyevə eyni vaxtda səfəri Ukraynanın sülh danışıqlar masasında tək buraxmayacağına eyham kimi qəbul edilir. Belə ki, Ukrayna Avropanın təhlükəsizlik arxitekturasının tərkib hissəsi hesab olunur. ABŞ-la ziddiyyətlər olsa da, Avropa Birliyi sülh prosesinin passiv müşahidəçisi olmaq niyyətində deyil.
Eyni zamanda, Şimali Avropa və Baltikyanı regionun ortaqlıq faktorunun güclənməsi daha sərt Rusiya siyasətinin tərəfdarlarının mövqeyini ön plana çıxarır. Beləliklə, sülh danışıqları yalnız rəsmi Kiyev və Kreml arasında deyil, eyni zamanda, kollektiv Qərb və Rusiya xəttində də geopolitik balans prosesinə çevrilir. Və bu, ABŞ-la bir çox strateji məsələlərdə anlaşmağa nail olmuş Rusiya üçün kifayət qədər ciddi problemlər yarada bilər.
Əslində, Kreml üçün yeni problemlərin artıq başlanmaq üzrə olduğu da müşahidə edilir. Belə ki, Kreml Ukrayna ərazisində “nüvə silahı”nın peyda ola biləcəyindən ciddi şəkildə narahat olduğunu biruzə verməyə başlayıb. Çünki Rusiya Xarici Kəşfiyyat Xidməti Böyük Britaniya və Fransanın Ukraynaya nüvə komponentləri ötürməsi barədə iddialar irəli sürüb. Və hazırda Kreml israrla bu məsələni beynəlxalq müzakirə platformalarına çıxarmaq üçün MAQATE və BMT strukturlarına müraciət etməyə hazırlaşdığını vurğulayıb.
Ancaq belə hesab olunur ki, Kreml bu iddia ilə yeni siyasi-diplomatik təzyiq aləti qazanmağa, sülh danışıqlarının növbəti raundu ərəfəsində Rusiyanın mövqeyini sərtləşdirməyə çalışır. Eyni zamanda, Kreml Ukraynaya qarşı gələcək hərbi-siyasi hücumlar üçün indidən bəhanə yaratmaq niyyəti güdür. Və bütün bunlara paralel olaraq, Rusiya Avropa ölkələrini ittiham edə biləcəyi narrativlər icad etməyə, Ukrayna müharibəsinin “kollektiv Qərbə qarşı qarşıdurma” kimi təqdim olunmasına can atır.
Halbuki, Böyük Britaniya və Fransa tərəfindən Ukraynaya nüvə silahının ötürülməsi Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin açıq şəkildə pozulması demək olardı. Ona görə də, belə bir ssenarinin reallaşdırılma ehtimalı qətiyyən inandırıcı görünmür. Ancaq Kreml tərəfindən bu mövzuda sübutu olmayan ittihamların gündəmə gətirilməsi hərbi gərginlik riskini informasiya savaşı müstəvisinə keçirir. Və Rusiyanın Ukraynaya qarşı “qiyamət ssenarisi”nə bəhanə axtarışı məqsədi daşıyır.
Bütün bunları nəzərə aldıqda, indıki siyasi-diplomatik dinamika onu göstərir ki, münaqişə tərəfləri sadəcə, atəşkəs mövzusunu deyil, daha geniş təhlükəsizlik modelini müzakirə etməli olacaqlar. Əgər, təhlükəsizlik mexanizmləri strukturlaşdırılmış və uzunmüddətli xarakter daşımazsa, əldə ediləcək sülh razılaşması yalnız “dondurulmuş münaqişə” formatına çevrilə bilər. Və bu isə bir neçə ildən sonra daha genişmiqyaslı hərbi qarşıdurmaya münbit şəraitin yaradılması deməkdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
![]()






