Bu gün ABŞ prezidenti Donald Tramp ilə Ukrayna lideri Volodimir Zelenski arasında yüksək səviyyəli görüş keçiriləcək.
Musavat.com xəbər verir ki, görüşün əsas mövzuları Donbasın gələcək statusu və Zaporojye Atom Elektrik Stansiyasının taleyi olacaq.
Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Ukrayna Donbasın tamamını - hazırda Kiyevin nəzarətində qalan rayonlar da daxil olmaqla Rusiyaya verməlidir. Rusiya tərəfi eyni zamanda Vaşinqtonun təqdim etdiyi yeni təklifin bir sıra maddələrinə qarşı çıxır. Bu isə Kremlin, xüsusilə də Vladimir Putinin qarşıdakı danışıqların nəticələri ilə razılaşıb-razılaşmayacağına dair sualları artırır.
Görüş ərəfəsində Volodimir Zelenski Axios-a müsahibəsində bildirib ki, ABŞ-ın Ukrayna qüvvələrinin Donbasdan tam çıxarılmasını nəzərdə tutan təklifini yumşaltmağa ümid edir. Onun sözlərinə görə, əgər kompromis əldə olunmasa, 20 maddəlik plan bütövlükdə referendumun müzakirəsinə çıxarıla bilər.
Qeyd edək ki, Zaporojye AES-in təhlükəsizliyi və gələcək idarəetməsi məsələsi də həm regional sabitlik, həm də beynəlxalq enerji təhlükəsizliyi baxımından əsas müzakirə mövzularından biri olaraq qalır.
Musavat.com






