İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ukrayna savaşının Xəzər dənizinə təhlükəsi- CİDDİ PROBLEM

527 13.12.2025 12:03 Dünya A A

"Son vaxtlar Ukrayna Rusiyanın neft infrastrukturunu Xəzər dənizində vurmağa başlayıb. Bu, Xəzər dənizi üçün çox ciddi ekoloji risklər yaradır".

Bu sözləri Musavat.com-a açıqlamasında ekoloq Rövşən Abbasov deyib.

Ekoloq qeyd edib ki, Xəzər dənizində neft buruqlarının vurulması və ya hərbi zərbələr nəticəsində zədələnməsi region üçün ciddi ekoloji risklər yaradır:

"Xəzər qapalı su hövzəsi olduğundan, burada baş verən çirklənmə okeanlara nisbətən daha uzun müddət ekosistemdə qalır və təbii yolla neytrallaşması olduqca zəifdir. Neft buruqlarının zədələnməsi nəticəsində xam neftin və digər zərərli maddələrin dənizə sızması suyun səthində örtük yaradır, oksigen mübadiləsini azaldır və planktondan başlayaraq bütün qida zəncirinə mənfi təsir göstərir. Bu proses balıq sürfələrinin, dib orqanizmlərinin və mikrofaunanın kütləvi məhvinə səbəb ola bilər.

Xüsusilə təhlükə altında olan növlərdən biri yalnız Xəzər dənizinə məxsus endemik canlı olan Xəzər suitisidir. Neft çirklənməsi suitilərin istilik tənzimlənməsini pozur, zəhərli maddələrin orqanizmə daxil olmasına səbəb olur və artıq kritik səviyyədə azalmış populyasiya üçün geri dönməz itkilər yarada bilər. Eyni zamanda, Xəzər dənizi nərə balıqları və digər kommersiya əhəmiyyətli balıq növləri üçün əsas yaşayış və çoxalma mühitidir. Neft və kimyəvi çirklənmə balıqların reproduktiv qabiliyyətini zəiflədir, ehtiyatların azalmasına və balıqçılıq sektorunun çökməsinə gətirib çıxara bilər.

Bundan əlavə, zərbələr zamanı suya qarışan ağır metallar, qaz kondensatı və partlayıcı maddə qalıqları çöküntülərdə toplanaraq uzunmüddətli toksik təsir yaradır. Bu maddələr qida zənciri vasitəsilə insanlara qədər çataraq ictimai sağlamlıq risklərini artırır. Çirklənmənin transsərhəd xarakter daşıması isə Xəzəryanı bütün ölkələr üçün ekoloji, sosial və iqtisadi təhlükə yaradır. Nəticə etibarilə, Xəzər dənizində neft infrastrukturlarına hər hansı hərbi müdaxilə yalnız lokal deyil, uzunmüddətli və regional miqyaslı ekoloji fəlakət riski deməkdir".

Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Mərkəzinin "Alfa" uzunmənzilli dronları ikinci dəfə Xəzər dənizində Rusiyaya məxsus Filanovski neft hasilatı platformasının yerləşdiyi yatağa zərbə endirib. Məlumata görə Filanovski adına yataq Rusiya Federasiyasında və Xəzər dənizinin Rusiya sektorunda kəşf edilmiş ən böyük yataqlardan biridir. Onun ehtiyatları 129 milyon ton neft və 30 milyard kubmetr qaz olaraq qiymətləndirilir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR