İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanı məğlub edərsə, Azərbaycan üçün hansı təhlükələr qaçılmaz olacaq?  

2374 29.11.2025 12:27 Dünya A A

Məlum olduğu kimi Prezident Trampın sülh planı barədə məlumatların mətbuata sızması və ABŞ-ın Ukrayna ilə Avropalı müttəfiqləri tərəfindən sərt tənqid edilməsindən sonra planda ciddi dəyişikliklər edildi. Ötən həftə sonu ABŞ Ukrayna ilə danışıqlara fəal şəkildə qoşuldu və avropalı müttəfiqlərlə koordinasiya edərək 28 maddədən ibarət planı 19 maddəyə endirdi. Bu dəyişikliklər əsasən Rusiyanın əvvəlki plana daxil etdiyi, ən çox etiraz doğuran və məntiqsiz tələblərin aradan qaldırılması istiqamətində həyata keçirildi. Buna baxmayaraq, analitiklər hesab edirlər ki, Rusiya və Prezident Putin döyüşləri davam etdirmək niyyətindədir və sülhə tərəfdar olmadıqları hələlik aydın görünür.

Bəs müharibə Rusiyanın xeyrinə bitərsə, bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:

"Allah eləməmiş, əgər Rusiya-Ukrayna müharibəsi Rusiyanın xeyrinə başa çatsa, Moskva işğal etdiyi ərazilərin üzərində nəinki faktiki, hətta rəsmən suverenlik iddiasını təsdiq etdirə bilsə, bu, təkcə Ukraynanın faciəsi olmayacaq. Belə bir nəticə bütün region üçün, Azərbaycandan tutmuş Avropa İttifaqına qədər çoxşaxəli və uzunmüddətli təhlükələr yaradacaq. Bu ssenari, hətta Rusiyanın ən yaxın strateji müttəfiqi hesab edilən Belarus üçün belə risklər doğuracaq. Çünki tarix də, siyasi reallıq da göstərir ki, Kreml bir dəfə istədiyini əldə edəndə, növbəti hədəf axtarmağı dayandırmır".

Politoloq hesab edir ki, əgər Kreml Ukraynanın bir hissəsini işğal edib bunu “tarixi qələbə” kimi təqdim etməyə nail olsa, bu, onun imperiya ambisiyalarını daha da gücləndirəcək:

"Rusiya rəhbərliyi bunu həm daxili siyasətdə, həm də beynəlxalq aləmdə öz total gücünün sübutu kimi təqdim edəcək. Bu isə növbəti addımın axtarılmasını qaçılmaz edəcək.
Bu növbəti hədəflər müxtəlif regionlarda ola bilər. Məsələn, Moldova , Polşa və Baltik ölkələri, Cənubi Qafqaz, Mərkəzi Asiya, Qazaxıstan. Qeyd edim ki, Qazaxıstan hər nə qədər KTMT, Avrasiya İttifaqı və ŞƏT çərçivəsində Rusiyanın “müttəfiqi” olsa da, Kreml Qazaxıstanın şimal ərazilərini çar Rusiyasının varisliyi prizmasından təqdim edib və bir neçə dəfə Putin bu mövzuda açıq-aydın fikirlər səsləndirib.
Bütün bunlar onu deməyə əsas verir ki, Ukraynanın ərazi bütövlüyünün pozulması yalnız Kiyevin problemi deyil, bu, bütöv Avrasiyada güc balansını dəyişən bir domino prosesinə çevrilə bilər".

Elxan Şahinoğlu Azərbaycan üçün mümkün təhlükələr və strateji reallıq barəsində qeyd edib:

"Azərbaycan bugün 200 illik ən böyük iki problemini həll edib: Separatizmə tam son qoyulub, Azərbaycan ərazisində Rusiya hərbçisi yoxdur.
Bu, müasir Azərbaycan dövlətçiliyi üçün tarixi nailiyyətdir və ölkənin geopolitik müstəqilliyini möhkəmləndirən fundamental amildir. Lakin buna baxmayaraq, regionun reallığı odur ki, Rusiya Cənubi Qafqazda xüsusilə Ermənistanda təsir imkanlarını hələ də qoruyur və istəsə aktivləşdirə bilər. Yəni, Cənubi Qafqazı qarışdırmaq potensialı hələ də Rusiyanın əlindədir".

Politoloq vurğulayıb ki, bu baxımdan, hazırkı mərhələdə ən vacib xətt Rusiyanın Azərbaycandakı 5-ci kolonuna qarşı mübarizənin gücləndirilməsidir:

"Xüsusilə Ramiz Mehdiyevə bağlı şəbəkənin tam ifşa olunması, neytrallaşdırılması vacibdir. Çünki Rusiya gələcəkdə hansısa böhran yaşandıqda bu şəbəkələrdən istifadə etməyə cəhd göstərə bilər.

Bununla belə, Rusiyanın ən çox təsir edə biləcəyi ölkə şübhəsiz ki, Ermənistandır. Əsas səbəblər hələ də Gümrüdə hərbi bazası mövcuddur, Ermənistan ordusunda Rusiyaya işləyən yüksək rütbəli zabitlər var. Bu səbəbdən Rusiya həm siyasi, həm hərbi, həm də informasiya müstəvisində Ermənistana təsir etməyə davam edə bilər.
Beləliklə, bütün hallarda, Ukraynanın məğlubiyyəti beynəlxalq hüququn çökməsi, sərhədlərin güc yolu ilə dəyişdirilməsinin legitimləşməsi, revizionist dövlətlər üçün yeni presedent,
Avrasiyada genişmiqyaslı qeyri-sabitlik deməkdir.
Bu baxımdan, Ukraynanın məğlub olması nə bəşəriyyət üçün, nə Avropa üçün, nə də Azərbaycan üçün məqbuldur və strateji baxımdan təhlükəlidir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR