Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatını axtarışa verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya DİN-in rəsmi bazasında yer alıb.
Məlumat kartında “M Mixail Vasilyeviç Drapatı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışa verilib” qeyd olunsa da, konkret hansı maddə ilə ittiham olunduğu açıqlanmır.
Rusiya İstintaq Komitəsi hələ 2023-cü ildə Drapatı və digər ukraynalı hərbçilərə qarşı qiyabi ittiham irəli sürüb.
Qurumun iddiasına görə, 2017 və 2019-cu illərdə onların komandanlığı altında qondarma “DXR” və “LXR” ərazilərindəki yaşayış məntəqələrinə 70-dən çox atəş zərbəsi endirilib.
İstintaq Komitəsi bu hücumlar nəticəsində 154 nəfərin həlak olduğunu və ya yaralandığını, habelə yüzlərlə mülki infrastruktur obyektinə ziyan dəydiyini iddia edir.
TASS agentliyinin güc strukturlarındakı mənbələrinə söykənərək yaydığı məlumata görə, Rusiya hüquq-mühafizə orqanlarına Drapatının yaşayış ünvanı, mobil telefon nömrəsi və elektron poçt ünvanları belə məlumdur.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifəsindən azad edib. Bu posta daha əvvəl Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı vəzifəsini tutan general-mayor Mixail Drapatı təyin olunub.
Musavat.com
![]()






