İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Çin niyə İranda oyundan kənarda qala bilər?

653 17.01.2026 16:43 Siyasət A A

“İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox olmayacaq. Bunu Tehranda da anlayırlar”.

Musavat.com bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, hər iki ölkə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir:

“Pekin ABŞ-nin İranın daxili işlərinə müdaxiləsinə qarşı olduğunu bir daha bəyan edib. Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib ki, Pekin ardıcıl olaraq digər ölkələrin daxili siyasətinə müdaxiləyə qarşıdır və Tehranın milli sabitliyin təmin olunması istiqamətində atdığı addımları dəstəkləyir. Oxşar açıqlamalar Kremldən də səsləndirilib.

ABŞ Venesuellanı nəzarətə götürdükdə Rusiya və Çin buna qarşı çıxsalar da, prosesə mane ola bilmədilər. İrandakı rejim Moskva və Pekinin İrana münasibətdə də eyni siyasətdən çıxış edəcəyindən narahatdır. Doğrudur, Çin və Rusiya üçün İranı itirmək daha ağır nəticələrə səbəb ola bilər. Ancaq Venesuelladan fərqli olaraq, İranda dəyişikliklər daxildən başlayarsa və buna ABŞ da dəstək verərsə, Moskva və Pekinin prosesə müdaxilə imkanları çox məhdud olacaq.

Təsadüfi deyil ki, İsrail və ABŞ İranın hərbi mərkəzlərini raket atəşinə tutduqda Prezident Məsud Pezeşkian ölkəsinin müttəfiqlərindən kifayət qədər dəstək almadığını söyləmişdi. İran Prezidenti ölkə adı çəkməsə də, Rusiya və Çinə işarə edirdi.

Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb və müxtəlif bölgələrdə baş verən proseslərə adekvat reaksiya vermək üçün resursları kifayət deyil. Çin isə Venesuela və İrana görə ABŞ-la münasibətləri indikindən daha da çətin vəziyyətə salmaq istəmir. ABŞ Prezidenti Donald Trampın İranla ticarət aparan ölkələrə qarşı əlavə 25 faizlik gömrük tariflərinin tətbiq olunacağını açıqlaması Çin iqtisadiyyatı üçün əlavə problemlər yarada bilər. Çin lideri Si Cinpin ötən ilin oktyabr ayında Cənubi Koreyada görüşdüyü ABŞ Prezidenti Donald Trampla ticarət barışığı əldə edib. Si Cinpin həmin barışığı İrana görə pozmaq niyyətində deyil”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR