Musavat.com xəbər verir ki, Rusiyada son aylarda saxta nikahların sürətlə artması rəsmi qurumları ciddi narahat edir. Məlumata görə, bəzi qadınlar Ukrayna müharibəsinə göndərilən hərbçilərlə qısa müddətə nikaha girir, daha sonra həmin hərbçilər döyüşdə həlak olduğu təqdirdə dövlətin ödədiyi yüksək kompensasiyaları almağa çalışırlar. Belə qadınlara Rusiyada artıq “qara dul” deyilir.
Yeni cinayət maddəsi gündəmdədir
Dövlət Dumasında müzakirə olunan yeni təklifə əsasən, “qara dul” sxemi adi dələduzluq hesab edilməməli, daha ağır cinayət kimi qiymətləndirilməlidir. Deputatlar bildirir ki, müharibə şəraitində bu praktika ilə mübarizə üçün ayrıca maddə yaradılmalıdır. Qanun qəbul edilərsə, saxta nikah quraraq kompensasiya almağa cəhd edənlərə 10 ilədək həbs cəzası tətbiq edilə bilər.
Niyə məsələ bu qədər aktuallaşıb?
Rusiya rəsmilərinin sözlərinə görə, bəzi regionlarda döyüşə gedən hərbçilərlə nikahların sayı qəfil artıb. Xüsusilə diqqətçəkən məqam odur ki, həmin nikahların bir hissəsi hərbçilərin səfərbərliyə çağırılmasından dərhal əvvəl rəsmiləşdirilib. Bu tendensiya hökumətdə şübhələr yaradıb və mövzunu gündəmin əsas məsələlərindən birinə çevirib.
Musavat.com






