Rusiya dövləti “Telegram”ın ölkə daxilində tam bloklanması üçün zəmin hazırlamaqda davam edir.
Musavat.com xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti (FTX) də messencerə qarşı iddialarla çıxış edib.
FTX-nin mətbuat xidmətinin yaydığı məlumata görə, “etibarlı məlumatlara əsasən”, Ukrayna ordusu və xüsusi xidmət orqanları messencerdə yerləşdirilən informasiyaları “ən qısa müddətdə əldə etmək və onları hərbi məqsədlərlə istifadə etmək imkanına” malikdir.
FTX iddia edir ki, məhz buna görə “Telegram”dan istifadə edən Rusiya hərbçiləri üçün “son üç ay ərzində dəfələrlə həyat üçün təhlükə yaranıb”. Bu nəticəyə gəlmək üçün təhlükəsizlik orqanları “Telegram”ın fəaliyyətini təhlil edib və guya bu versiyanı təsdiqləyən “çoxsaylı etibarlı məlumatlar” əldə ediblər.
Daha əvvəl “Starlink” peyk internetinin faktiki olaraq məhdudlaşdırılmasından sonra Rusiya hərbçiləri və Z-blogerlər “Telegram”ın hakimiyyət tərəfindən ləngidilməsindən kütləvi şəkildə şikayət etməyə başlayıblar. Onların sözlərinə görə, bu addım cəbhədə minlərlə əsgəri rabitəsiz qoyub.
Fevralın 9-dan etibarən messencerə çıxışla bağlı problemlər daha da güclənib – Rusiya ərazisində istifadəçilər istənilən faylları yükləyə bilməyiblər. “Roskomnadzor” isə bəyan edib ki, “Telegram” rəhbərliyi hakimiyyətlə “razılaşmaya getməyincə” bloklama tədbirləri davam edəcək. Qurumun iddiasına görə, messencer Rusiya vətəndaşlarının şəxsi məlumatlarının qorunmasını təmin etmir, həmçinin dələduzluq və terrorizmə qarşı lazımi mübarizə aparmır.
Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev “Telegram” istifadəçilərinin yazışmalarını “xarici xüsusi xidmət orqanlarına ötürdüyünü” və əldə edilən məlumatların Ukraynada Rusiya ordusuna qarşı istifadə olunduğunu deyib. Sonradan hərbçilər və Z-blogerlər tərəfindən sərt tənqidlərdən sonra nazir bildirmişdi ki, hakimiyyət hələlik “SVO zonasında” (rusların Ukraynadakı işğalçı savaşa qoyduqları ad - red.) messencerin fəaliyyətini məhdudlaşdırmayacağını söyləyib.
Bundan əvvəl “Roskomnadzor” “Telegram”ın guya “probiv” adlanan xidmətlər üçün infrastruktur yaratdığını və bu xidmətlərin messencer administrasiyasının dəstəyi ilə Rusiya vətəndaşlarının şəxsi məlumatlarına çıxış əldə edərək onları yaydığını iddia edib.
Musavat.com






