Azərbaycanın ABŞ ilə münasibətlərinin son dövrdə yeni mərhələyə qədəm qoyması – Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, yüksək səviyyəli siyasi dialoqun intensivləşməsi və qarşılıqlı səfərlərin artması regionda geosiyasi dinamikanı dəyişib. Prezident İlham Əliyev ilə ABŞ lideri Donald Tramp arasında əlaqələrin dərinləşməsi Moskva tərəfindən diqqətlə izlənilir və Kreml bunu Cənubi Qafqazda təsir dairəsinin daralması kimi qiymətləndirir. Bakı tərəfdaşlıqları şaxələndirir və təhlükəsizlik arxitekturasını genişləndirir. Moskva isə ənənəvi imperiya təfəkkürü ilə yanaşaraq bunu Rusiyanın regiondakı uzun illər mövcud olmuş dominant roluna iqtisadi, siyasi, strateji zərbə sayır. Bu düşüncənin təsiri altında Rusiya ənənəvi yanlış siyasətini davam etdirir.

Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, xüsusilə 2025-ci ildə daha qabarıq şəkil alan bu siyasət Azərbaycana qarşı hibrid müharibə siyasətidir. Son vaxtlar isə hibrid müharibəni heç bir dəyərlərə uyğun gəlməyən iyrənc metodlarla aparmaq xəttini seçdikləri müşahidə edilir:
“2025-ci ildə Rusiyanın Azərbaycana qarşı tətbiq etdiyi hibrid təsir mexanizmləri bir neçə istiqamətdə müşahidə olunub. Rusiya mediasında və sosial platformalarda Azərbaycana qarşı kəskin tənqidi və bəzən açıq ittiham, böhtan xarakterli materiallar tirajlanıb. Anti-Qərb ritorikası ilə paralel şəkildə Bakının guya “geosiyasi xəta etdiyi” tezisi ictimai şüurlara yeritməyə çalışıblar. Müxtəlif dairələr vasitəsilə Qərblə əməkdaşlığın riskli olduğu fikrinin təşviqi, daxili ictimai rəyə təsir etməyə yönəlmiş təbliğatı həyata keçirilib. Yekaterinburq və digər bölgələrdə azərbaycanlılara qarşı əsassız təzyiq və qətllər, Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə raket zərbəsi endirilməsi, 2025-ci ilin avqust ayında Ukraynanın Rumıniya ilə sərhədinə yaxın Orlovka qazpaylayıcı obyektinə zərbənin endirilməsi.

Bilirsiniz ki, bu obyekt Trans-Balkan qaz marşrutunun bir hissəsidir və burada Azərbaycandan SOCAR vasitəsilə qaz idxalı planlaşdırılırdı. Bir müddət sonra Odessa yaxınlığında SOCAR-a məxsus neft bazasına dron hücumları, 2025-ci ilin fevralında Rusiya ilə əlaqəli dövlət haker qrupu APT29 tərəfindən Azərbaycan media platformalarına total kiberhücum, ümumilikdə 2025-ci il ərzində Azərbaycan resurslarına Rusiyadan bir neçə dəfə kiberhücumların təşkil edilməsi, Rusiyada Azərbaycana qarşı təbliğatın güclənməsi, Zatulin kimi rəsmi şəxslərin, ayrı-ayrı jurnalistlərin, blogerlərin əsassız ittiham və təhdidləri Rusiyanın Azərbaycan dövlətinə qarşı genişmiqyaslı hibrid müharibəsinin elementləridir. Rusiyada çalışan azərbaycanlı miqrant faktoru, ticarət dövriyyəsi və logistika kanalları dolayısı ilə təzyiq vasitəsinə çevrilə biləcək mövzular kimi bu gün də gündəmdə süni olaraq saxlanılır”.

Politoloqun sözlərinə görə, Rusiyanın tətbiq etdiyi hibrid strategiya Azərbaycanda anti-Rusiya ictimai rəyini gücləndirmiş oldu:
“Əgər əvvəllər Moskva “tarixi tərəfdaş” kimi qəbul edilirdisə, indi daha çox “Azərbaycana hibrid müharibə tətbiq edən ziyanlı qonşu” kimi görünür. Bu isə 3 mühüm nəticə doğurur. Azərbaycanın alternativ təhlükəsizlik və iqtisadi platformalara inteqrasiyası sürətlənir. Azərbaycan ictimai rəyində Rusiyaya inam tamamilə sarsılır. Moskvanın uzunmüddətli təsir imkanları get-gedə zəifləyir. Rusiya bilməlidir ki, artıq 1990-cı illər deyil. Azərbaycana və bölgəyə əvvəlki təsir imkanları qalmayıb. Rusiya reallıqlarla barışmalıdır. Rusiya elə hesab edirsə ki, çirkin hibrid müharibə ilə Azərbaycanı ona boyun əyməyə məcbur edəcək, yanılır. Reallıq göstərir ki, Bakı siyasi qərarlarını suveren maraqlar əsasında verir. Enerji layihələri, regional nəqliyyat dəhlizləri və hərbi potensialın artması Azərbaycanın manevr imkanlarını genişləndirib. Əgər Moskva düşünürsə ki, hibrid təzyiq Bakını strateji seçimindən geri çəkəcək, bu, köhnə geosiyasi təfəkkürdür. Əksinə, təzyiq artdıqca Azərbaycan tərəfdaşlıq şəbəkəsini daha da genişləndirə bilər.

2025-ci il göstərdi ki, Rusiyanın Azərbaycana münasibətində emosional və təzyiq əsaslı yanaşma Moskvanın özünə daha çox zərər vurur. Azərbaycan cəmiyyətində Rusiyaya qarşı etimad sarsılır. Etimad bir dəfə sarsıldıqdan sonra onun bərpası çətindir. Moskva bilməlidir k, hibrid müharibə alətləri ilə XXI əsrdə uzunmüddətli təsir qurmaq mümkün deyil. Əksinə, bu alətlər etimadın dağılmasını sürətləndirir və etimad itirildikdə geosiyasi təsir də zəifləyir”.
Etibar Seyidağa,
Musavat.com






