2025-ci ildə Rusiyanın ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumların sayı ötən illə müqayisədə 33% artıb.
Musavat.com xəbər verir ki, bu barədə “Novaya gazeta” yazıb.
Qəzet bu nəticəyə müharibə başlanandan bəri Telegram kanallarında yayımlanan hərbi məlumatların təhlili əsasında gəlib.
Jurnalistlər hücum kimi dronun yerə düşdüyü və ya birbaşa hədəfə çatdığı halları nəzərə alıblar.
2025-ci il ərzində (noyabrın sonunadək) bu cür hadisələrin sayı təxminən 4 min olub. Dron zərbələri Rusiyanın azı 49 regionunda, eləcə də ilhaq olunmuş Krım və Sevastopol şəhərində qeydə alınıb. Orta hesabla gündə 11 dron yerə düşüb və ya hədəfə dəyib.
Eyni zamanda, vurulan dronların sayı da ciddi şəkildə artıb. 2025-ci ildə hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilən PUA-ların sayı ötən ilə nisbətən 52% çoxdur. Orta hesabla Rusiyanın regionları üzərində gündə 9 dron HHM tərəfindən zərərsizləşdirilib.
Bununla paralel olaraq, 2025-ci ildə Rusiyaya qarşı raket zərbələri demək olar ki, dayanıb. Ötən illə müqayisədə raket atışlarının sayı üç dəfədən çox azalıb. İl ərzində qeydə alınmış bütün hərbi insidentlərin (8,3 min hadisə) cəmi 3%-i — təxminən 250 hadisə — raket hücumlarının payına düşür.
Raket zərbələrinin azalması mart ayından başlayıb. Bu da Qərb müttəfiqlərinin Ukraynaya raket tədarükünü azaltması ilə izah olunur.
Musavat.com






