Rusiyalıların daşınmaz əmlakla bağlı davranışında diqqətçəkən dönüş yaranıb.
Musavat.com xəbər verir ki, 2025-ci ildə onlar öz ölkələrində deyil, əsasən Rusiyadan kənarda ev almağa üstünlük verirlər.
Intermark Global agentliyinin məlumatına görə, rusiyalı alıcıların xaricdə daşınmaz əmlaka olan tələbatının 49 faizi Avropa ölkələrinin payına düşüb.
Bu göstərici əvvəlki illərlə müqayisədə kəskin artım deməkdir. Belə ki, 2022–2024-cü illərdə Avropanın payı cəmi 20–26 faiz arasında dəyişirdi. İndi isə rus kapitalı açıq şəkildə Aİ ölkələrinə yönəlir.
Ən çox maraq göstərilən ölkələr sırasında Kipr, Fransa, İtaliya, Malta, Yunanıstan, Almaniya, Sloveniya və Portuqaliya, həmçinin Serbiya, Monteneqro və Bolqarıstan yer alır.
Mütəxəssislərin fikrincə, rusların bu seçiminin arxasında bir neçə əsas səbəb dayanır:
yaşayış icazəsi (VNH) almaq,
Şengen zonasında sərbəst hərəkət imkanı,
kapitalı Rusiyadan kənarda, daha təhlükəsiz mühitdə qorumaq istəyi.
Reytinqdə ikinci yeri Cənub-Şərqi Asiya tutur. Tayland, İndoneziya və Vyetnam rusiyalı alıcıların 27 faiz marağını cəlb edib.
Üçüncü sırada isə Yaxın Şərq ölkələri – BƏƏ, Oman və Qətər qərarlaşıb. Bu regionun payı 10 faiz təşkil edir.
Analitiklər bildirirlər ki, bu tendensiya təkcə investisiya marağı ilə yox, həm də Rusiyada gələcək qeyri-müəyyənlik fonunda “ehtiyat planı” qurmaq cəhdi kimi qiymətləndirilir. Ruslar üçün ev artıq sadəcə daşınmaz əmlak deyil, ölkədən kənara açılan çıxış qapısıdır.
Musavat.com






