Ukrayna Milli Antikorrupsiya Bürosu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və keçmiş müdafiə naziri Rustem Umerova qarşı şübhəli bildiriş hazırlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Həmrəyliyi Partiyasından olan deputat Oleksiy Qonçarenko özünün "Telegram" kanalında məlumat verib.
Deputatın sözlərinə görə, Umerov büdcə vəsaitlərini mənimsəməkdə ittiham olunur. Konkret olaraq, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Umerovu büdcə vəsaitlərini Fars körfəzi ölkələrinə yönəltmək üçün korrupsiya sxemində iştirakda ittiham etməyi planlaşdırır.
NABU hələlik Umerova qarşı şübhəni rəsmi olaraq təsdiqləməyib.
Qeyd edək ki, Umerov ABŞ prezidenti Donald Trampın “sülh planı” ilə bağlı amerikalılar və avropalılarla danışıqlar aparmaq üçün bazar günü İsveçrəyə səfər edən Ukrayna nümayəndə heyətinin üzvüdür.
Musavat.com






