ABŞ-nin nüfuzlu “Politico” nəşri İran müxalifətinin önə çıxan fiqurlarından biri – son şahın oğlu Rza Pəhləvi barədə geniş və mübahisəli təhlil dərc edib.
Musavat.com xəbər verir ki, məqalədə Rza Pəhləvinin son illərdə həm ritorikasında, həm də komandasının fəaliyyətində daha aqressiv və qarşıdurmacı xəttə keçdiyi qeyd olunur.
Yazıda bildirilir ki, onun ətrafı xüsusilə sosial mediada sərt kampaniya metodlarından istifadə edir və bu yanaşmanın qismən ABŞ prezidenti Donald Trampın siyasi strategiyasından ilhamlandığı iddia olunur.
Məqalədə iddia olunur ki, uzun müddət Qərb paytaxtlarında siyasi baxımdan zəif fiqur sayılan Pəhləvi son illər profilini xeyli yüksəldə bilib. Xüsusilə İran daxilində baş verən etirazlar və regionda gərginliyin artması fonunda onun adı daha çox hallanmağa başlayıb.
Pəhləvinin tərəfdarları onu müxalifətin yeganə legitim siması kimi təqdim etməyə çalışırlar.
Eyni zamanda nəşr onun komandasının sərt metodlarının İran diasporasında narahatlıq yaratdığını yazır. Bəzi fəallar və keçmiş rəsmilər Pəhləvinin ətrafındakı şəxslərin tənqidçilərə qarşı aqressiv davranış sərgilədiyini bildirirlər. Məqalədə iddia olunur ki, bu taktika məqsədli strategiyadır – yəni müxalifəti “Pəhləvi və ya mövcud rejim” dilemması qarşısında qoymaq.
“Politico” həmçinin Pəhləvinin ABŞ siyasi mühitində daha açıq şəkildə Respublikaçılar və Trampa yaxın mövqe tutduğunu, İsrail hökuməti ilə əlaqələrini gücləndirdiyini və beynəlxalq platformalarda daha aktiv iştirak etdiyini qeyd edir. Yazıda onun Münhendə böyük auditoriya qarşısında çıxış etdiyi və İran rejiminə qarşı dəyişiklik çağırışlarını gücləndirdiyi vurğulanır.
Qeyd etmək lazımdır ki, Pəhləvi ailəsi İran tarixində xüsusilə milli azlıqlara münasibət baxımından ciddi tənqid olunur. Rza şah və Məhəmməd Rza şah dövrlərində mərkəzləşdirilmiş milli siyasət yürüdülmüş, qeyri-fars xalqların – o cümlədən azərbaycanlıların – dil və mədəni hüquqları ciddi şəkildə məhdudlaşdırılmışdı. Bu səbəbdən Pəhləvi adı Azərbaycan ictimai yaddaşında mənfi assosiasiyalarla xatırlanır və bir çoxları tərəfindən tarixi ədalətsizliklərin simvolu kimi qəbul edilir.
“Politico” məqaləsində bu tarixi yükə geniş yer verilməsə də, region ölkələri üçün bu faktorun mühüm olduğu danılmazdır.
Yazıda qeyd olunur ki, Pəhləvinin mümkün şəkildə İrana qayıdışı və siyasi rol alması ABŞ-nin gələcək siyasətindən asılı ola bilər. Lakin eyni zamanda onun real təsir imkanları və İran daxilində təşkilatlanma səviyyəsi ilə bağlı suallar qalır.
Musavat.com






